Romalılara məktub bizə öyrədir ki, Allah iki məsələ ilə məşğul olmalı idi: Romalılara 5:11-ə qədər günahlar məsələsi, sonra isə Romalılara 8-ə qədər günah məsələsi. O, həm ağacı, həm də meyvələri, təbiətimizdəki günahı, eləcə də onun verdiyi nəticələri qınamalı idi. Günah (edilmiş əməl) üçün bir qurban, günah (əməlin kökü) üçün isə başqa bir qurban tələb etməklə, Allah bizə öyrədir ki, Məsihin işi günahkarın bu iki ehtiyacını da qarşılayır.
Sülh qurbanları haqqında qanun xristian ünsiyyətinin həyata keçirilməsi üçün zəruri şərtləri təsvir edir. Bu, şükran qurbanı (12-ci ayə; 1 Korinflilərə 10:16), könüllü və sevincli xarakterli (16-cı ayə; 2 Korinflilərə 8:4), hər cür murdarla təmasdan azad (21-ci ayə) bir qurban idi. Günah qurbanları bir insan təmiz olmadığı üçün təqdim edildiyi halda, yalnız təmiz olan İsraillilər (19-cu ayə) sülh qurbanında iştirak edirdilər. Günah qurbanının ətinə toxunan hər kəs müqəddəs olurdu (Levililər 6:27), əksinə isə hər bir murdarlıq sülh qurbanını çirkləndirirdi. Biz yeməyimizin təmizliyinə nəzarət edirik. Gəlin daha çox diqqət edək ki, heç bir ruhani çirklənmə bu qurbanın təsviri olan ünsiyyəti kəsməsin.