1 Onlardan ayrılıb dənizə çıxanda birbaşa Kosa getdik, səhəri gün isə Rodosa, oradan da Pataraya keçdik. 2 Finikiyaya gedən bir gəmi tapdıq və ona minib dənizlə getdik. 3 Kipri gördük və onun cənubundan keçdik. Suriya istiqamətinə getdik və Sur şəhərində sahilə çıxdıq. Gəmi yükünü orada boşaltmalı idi. 4 Orada şagirdləri axtarıb tapdıq və yanlarında bir həftə qaldıq. Şagirdlər Ruhun təsiri ilə Paula xəbərdarlıq etdilər ki, Yerusəlimə getməsin. 5 Amma oradakı günlərimiz başa çatanda bu şəhərdən çıxıb yolumuza davam etdik. İmanlıların hamısı öz arvad-uşaqları ilə bərabər bizi şəhərin kənarına qədər ötürdü və sahildə diz çökərək dua etdik. 6 Bir-birimizlə vidalaşandan sonra biz gəmiyə mindik, onlar da evlərinə qayıtdılar.
7 Surdan dəniz səyahətimizə davam edərək Ptolemaisə gəldik və orada imanlı bacı-qardaşlara baş çəkib bir gün yanlarında qaldıq. 8 Ertəsi gün onlardan ayrılıb Qeysəriyyəyə gəldik. Yeddi köməkçidən biri olan müjdəçi Filipin evinə gedib orada qaldıq. 9 Bu kişinin peyğəmbərlik edən dörd subay qızı var idi. 10 Oraya çatandan bir neçə gün sonra Yəhudeyadan Aqab adlı bir peyğəmbər gəldi. 11 O bizə yaxınlaşıb Paulun kəmərini götürüb öz əllərini və ayaqlarını bağlayaraq dedi: «Müqəddəs Ruh belə deyir: “Yəhudilər bu kəmərin sahibini Yerusəlimdə belə bağlayıb başqa millətlərə təslim edəcək”». 12 Bu sözləri eşidəndə həm biz, həm də oranın sakinləri Paula yalvardıq ki, Yerusəlimə getməsin. 13 Buna cavab olaraq Paul belə dedi: «Nə olub? Niyə ağlayıb ürəyimi sızladırsınız? Mən Rəbb İsanın adı uğrunda Yerusəlimdə təkcə əl-ayağımın bağlanmasına deyil, ölümə də hazıram» 14 Paulu razı sala bilmədikdə «Qoy Rəbbin iradəsi olsun!» deyərək susduq.
15 Bir müddət keçəndən sonra biz hazırlıq işlərini görüb Yerusəlimə tərəf getdik. 16 Qeysəriyyədə yaşayan şagirdlərin bəzisi də bizimlə birgə gəldi. Onlar bizi ilk şagirdlərdən biri olan Kiprli Minasonun evinə apardı, çünki biz onların evində qalacaqdıq. 17 Yerusəlimə çatanda imanlı bacı-qardaşlar bizi sevinclə qarşıladı. 18 Ertəsi gün Paulla birlikdə Yaqubu görməyə getdik. Cəmiyyət ağsaqqallarının hamısı oraya yığılmışdı. 19 Paul onlardan hal-əhval tutandan sonra öz xidməti ilə əlaqədar olaraq Allahın başqa millətlər arasında gördüyü işlərdən ətraflı məlumat verdi. 20 Bunları eşidəndə Allahı izzətləndirdilər. Paula dedilər: «Görürsənmi, qardaş, Yəhudilər arasında on minlərlə imanlı var və hamısı Qanunun qeyrətini çəkir. 21 Onlar sənin barəndə xəbər tutublar ki, başqa millətlər arasında yaşayan bütün Yəhudilərə oğullarını sünnət etməyib adət-ənənələrimizə görə yaşamamağı və Musadan dönməyi öyrədirsən. 22 İndi nə edək? Mütləq sənin bura gəldiyini eşidəcəklər. 23 Ona görə sənə dediklərimizə əməl et. Bizim aramızda əhd edən dörd kişi var. 24 Bunları yanına al və onlarla birgə paklanma mərasiminə qoşul. Başlarını qırxdırmaq üçün qurban xərclərini sən çək. Bununla da hamı biləcək ki, sənin haqqında eşitdikləri əsassızdır, sən də Qanuna riayət edirsən. 25 Başqa millətlərdən olan imanlılara gəlincə, biz qərara alıb onlara məktub vasitəsilə yazmışıq ki, bütlərə təqdim olunan qurbanların ətini, boğularaq öldürülən heyvanların ətini və qan yeməsinlər, həmçinin özlərini əxlaqsızlıqdan saxlasınlar». 26 Bundan sonra Paul bu dörd kişini yanına alıb ertəsi gün onlarla bərabər özünü pak etdi. Sonra məbədə girərək paklanma dövrünün nə vaxt qurtaracağını, hər birinin adına nə vaxt qurban təqdim ediləcəyini elan etdi.
27 Yeddi günlük müddət qurtarmaq üzrə Asiya vilayətindən olan Yəhudilər Paulu məbəddə görəndə bütün izdihamı təşvişə salaraq onu yaxaladılar 28 və qışqırdılar: «Ey İsraillilər, kömək edin! Hər yerdə hər kəsə, xalqımıza, Qanuna və bu Müqəddəs məkana qarşı təlim öyrədən adam budur. Həmçinin məbədə bəzi Yunanları gətirərək bu Müqəddəs məkanı murdarladı». 29 Bu Yəhudilər Efesli Trofimi əvvəllər şəhərdə Paulun yanında gördükləri üçün elə bilirdilər ki, onu Paul məbədə gətirib. 30 Bütün şəhər oyandı. Camaat hər tərəfdən qaçıb-gələrək Paulu tutub məbəddən bayıra sürüdü. Dərhal məbəd qapıları bağlandı. 31 Onlar Paulu öldürməyə çalışırdı ki, bütün Yerusəlimin təşvişə düşməsi xəbəri Roma alayının minbaşısına çatdırıldı. 32 Minbaşı dərhal yüzbaşılarla əsgərləri özü ilə götürərək izdiham olan yerə qaçdı. Minbaşı ilə əsgərləri görən camaat Paulu döyməyi dayandırdı. 33 O zaman minbaşı yaxına gəlib Paulu tutdu və əmr etdi ki, onu qoşa zəncirlə bağlasınlar. Sonra soruşdu: «Bu adam kimdir? Nə edib?» 34 İzdiham içində hər ağızdan bir avaz gəlir, qışqırışırdılar. Hay-küydən minbaşı heç nə müəyyənləşdirə bilmədi, ona görə Paulun qalaya aparılmasını əmr etdi. 35 Paul pilləkəndə olanda xalq elə qızışmışdı ki, əsgərlər onu əlləri üstündə aparmalı oldu. 36 Çünki izdiham onun ardınca düşüb qışqırırdı: «Öldürün onu!»
37 Paul qalaya gətirilməkdə ikən o, minbaşıdan soruşdu: «Səndən bir söz soruşmaq olar?» Minbaşı dedi: «Sən Yunan dilini bilirsən? 38 Sən bu yaxınlarda iğtişaş yaratmağa başlayan dörd min qatili səhraya aparan Misirli deyilsənmi?» 39 Paul dedi: «Mən Yəhudiyəm, Kilikiyanın Tarsus şəhərindənəm, məşhur bir şəhərin vətəndaşıyam. Rica edirəm, bu xalqa bir neçə söz deməyə izin ver». 40 Minbaşı icazə verəndən sonra Paul pilləkənlərin üstünə çıxıb diqqəti cəlb etmək üçün xalqa əli ilə işarə etdi. Dərin sükut çökəndə İbrani dilində danışmağa başlayaraq dedi:
1 «Qardaşlar və atalar, indi mənim özümü müdafiəmə qulaq asın!» 2 Paulun onlarla ibranicə danışdığını eşidəndə daha dərin sükut yarandı.
Paul sözünə davam etdi: 3 «Mən bir Yəhudiyəm, Kilikiyanın Tarsus şəhərində doğuldum. Bu Yerusəlim şəhərində isə böyüyüb Qamlielin yanında ata-babalarımızın Qanununa bağlı ciddi bir təlim almışam. Hamınızın bu gün etdiyi kimi mən də Allah naminə qeyrət çəkirdim. 4 İsa yolunda olanları ölüncəyə qədər təqib edərdim və qadın-kişi bilmədən onların əl-qolunu bağlayıb zindana salardım. 5 Mənim dediklərim barədə baş kahin və bütün ağsaqqallar məclisi də şəhadət edə bilər. Hətta mən onlardan Dəməşqdəki soydaşlarımıza yazılmış bir məktub alaraq oradakı İsa yolunda olanların əl-qolunu bağlayıb cəzalandırmaq üçün Yerusəlimə gətirməyə gedirdim.
6 Mən günortaya yaxın yolda, Dəməşqə yaxınlaşmaqda ikən birdən-birə göydən böyük bir işıq ətrafımda parladı. 7 Mən yerə yıxıldım və eşitdim ki, bir səs mənə belə deyir: “Şaul, Şaul, niyə Məni təqib edirsən?” 8 Mən soruşdum: “Ey Ağam, Sən kimsən?” Səs mənə dedi: “Mən sənin təqib etdiyin Nazaretli İsayam”. 9 Yanımdakılar işığı görsələr də, mənimlə danışanın səsini eşitmədilər. 10 Mən dedim: “Ya Rəbb, mən nə edim?” Rəbb mənə dedi: “Qalx, Dəməşqə get, icra etməyin üçün təyin edilən hər şey orada sənə deyiləcək”. 11 O işığın parlaqlığından gözlərim tutuldu. Yanımda olanlar əllərimdən tutub məni Dəməşqə apardı.
12 Orada Xananya adlı bir mömin kişi var idi. Bu adam Qanuna əməl edir və o şəhərdə yaşayan Yəhudilər arasında hörmət sahibi idi. 13 O mənim yanıma gəlib dedi: “Qardaşım Şaul, qoy gözlərin açılsın”. Dərhal gözlərim açıldı və onu gördüm. 14 O mənə dedi: “Ata-babalarımızın Allahı səni seçdi ki, Onun iradəsini biləsən və Saleh Olanı görüb ağzından bir səs eşidəsən. 15 Çünki görüb-eşitdiklərini bütün insanlara yayaraq Onun üçün şəhadət edəcəksən. 16 İndi nə gözləyirsən? Qalx, vəftiz ol və Onun adını çağıraraq günahlarını yu”.
17 Mən Yerusəlimə qayıdıb məbəddə dua etməkdə idim ki, fikrimi bir görüntü apardı 18 və Rəbbi gördüm. O mənə dedi: “Tez ol, dərhal Yerusəlimi tərk et, çünki Mənim barəmdə etdiyin şəhadəti qəbul etməyəcəklər”. 19 Mən dedim: “Ya Rəbb, bilirlər ki, mən sinaqoqdan-sinaqoqa gedərək Sənə iman edənləri həbs edir və döyürdüm. 20 Hətta Sənin uğrunda şəhid olan Stefanın qanı töküləndə mən də orada idim. Edilənlərə razı olub onu öldürənlərin üst geyimlərini qoruyurdum”. 21 Rəbb də mənə dedi: “Get, Mən səni uzaqlara, başqa millətlərin yanına göndərəcəyəm”».
22 Paula buraya qədər qulaq asanlar bu sözdən sonra haray salıb dedilər: «Beləsini yer üzündən silib-atmaq lazımdır! O yaşamağa layiq deyil!» 23 Onlar belə hay-küy qopararaq paltarlarını yelləyib havaya toz qaldıranda 24 minbaşı əmr etdi ki, Paulu qalaya salsınlar. Onların niyə belə hay-küy qoparmalarının səbəbini bilmək üçün onu qamçılatmaqla sorğuya çəkmək istədi. 25 Onu qamçılatmaq üçün bağlayanda Paul orada dayanan yüzbaşıya dedi: «Məhkum olmamış Roma vətəndaşını qamçılatmağa icazəniz varmı?» 26 Yüzbaşı bunu eşidən kimi minbaşının yanına gəlib xəbər verərək dedi: «Nə edəcəksən? Bu adam Roma vətəndaşıdır». 27 Minbaşı Paulun yanına gəlib soruşdu: «De görək, sən Roma vətəndaşısan?» Paul dedi: «Bəli». 28 Minbaşı cavabında «mən nə qədər pula bu vətəndaşlığı əldə etmişəm» dedi. Paul isə «amma mən doğulandan Roma vətəndaşıyam» dedi. 29 Onu sorğuya çəkmək istəyənlər dərhal onun yanından geri çəkildi. Minbaşı qollarını bağladığı Paulun Roma vətəndaşı olduğunu öyrənərkən qorxdu.
30 Minbaşı ertəsi gün Yəhudilərin Paulu nədə ittiham etdiklərini dəqiq öyrənmək istədi. Ona görə Paulu azad etdi. Minbaşı əmr verdi ki, başçı kahinlərlə bütün Ali Şura toplaşsın. Sonra Paulu aşağı endirib onların qarşısına gətirdi.
Müqəddəs Yazılar bizə Pavelin tez-tez salındığı zindanlar haqqında heç bir təfərrüat vermir, ta ki onun Yerusəlimə son səfərinə qədər. O, orada ehtiyac içində olan müqəddəslər üçün qeyri-yəhudi icmalarından bir hədiyyə gətirirdi. Gedərkən, MüqəddəsRuh ona getməməsini söylədi, hər yerdə onu orada zəncirlər və sıxıntıların gözlədiyi barədə xəbərdar etdi. Lakin yəhudi həmvətənlərini sevən Pavel yoluna davam etdi.
Yerusəlimdə Yaqub və digər ağsaqqallar ona, ondan şübhələnən bir çox yəhudilər üçün özünü daha qəbul edilən etmək üçün, and içmiş dörd kişi ilə məbədə getməyi və onların xərclərini ödəməyi məsləhət gördülər. Asiya əyalətindən bəzi yəhudilər orada izdihamı qızışdırdılar və Paveli məbəddən sürüyüb çıxardılar.
Roma komandiri Paveli izdihamın zorakılığından xilas etdi. Əsgərlər Paveli kazarmaya aparmaq üzrə ikən, o, iğtişaşçı kütləyə müraciət etməyə icazə verilməsini xahiş etdi. Pilləkənlərdə dayanaraq, şəhadətini verdi. Kütlə onu səssizcə dinlədi, ta ki o, Rəbbin onu Yerusəlimdən qeyri-yəhudilərə göndərdiyini qeyd edənə qədər. Bu, onları yenidən qızışdırdı, buna görə də o, qamçılamaqla yoxlanılmaq üçün kazarmaya aparıldı. Başlamağa hazırlaşarkən, Pavel, bunu məhkum olunmamış bir Roma kişisinə etməyin qanuni olub-olmadığını soruşdu və sonra onlara Roma vətəndaşı olduğunu bildirdi.
Pavelin çətin vəziyyətlərdəki davranışını müşahidə edin. O, həmvətənləri olan yəhudilərə qurtuluş gətirmək üçün özünü qurban verməyə hazır idi. Təhlükədə sakit idi, Rəbbi haqqında danışmağa həmişə hazır idi. O, sakitcə qanuni hüquqlarını təsdiqlədi, heç bir tələb irəli sürmədi. Biz də belə edək!