Samariya sakinləri ümidsizliyin ən dərin qatlarına düşmüşdülər. İndi Allahın hərəkət etmə vaxtıdır. Öz növbəsində, lütf peyğəmbəri Yelisey, padşahın onu öldürmək cəhdinə qurtuluş elan etməklə cavab verir. Qurtuluş bu gün də elan edilir. Lakin kapitan kimi, ona imansızlıq və istehza ilə cavab verənlər nə qədərdir!
Bu qurtuluş xəbərini gətirmək üçün dörd cüzamlı istifadə olunur (müq. 1 Korinflilərə 1:28). Heç bir insan müdaxiləsi olmadan, Suriya ordusu darmadağın edildi. Qələbəni yalnız Rəbb qazandı. Məsih də çarmıxda təkbaşına bütün düşmənlərimiz üzərində zəfər çaldı. Biz də bu yazıq cüzamlılar kimi, ümidsiz vəziyyətdə olan, əbədi ölümə məhkum edilmiş günahkarlar idik. Lakin bu ölüm indi imanlı üçün məhv edilmişdir. Onun yerinə o, həyat, sülh, indiki zaman üçün pulsuz və bol ruhani sərvətlər və təmin edilmiş bir gələcək tapır. Məsihin çarmıxdakı zəfərinin bəhrələri bunlardır. Düşmən tamamilə məğlub edilmişdir. Və diqqət edin, bu şeyləri ələ keçirmək üçün yalnız qalxıb getmək lazım idi (5-ci ayə; müq. Luka 15:18). Siz bunu etmisinizmi? Yoxsa həqiqətən hələ də «qaranlıqda... ölüm kölgəsi diyarında» oturursunuz? (Matta 4:16).