Rəbbin şagirdi Peter üçün burada yerinə yetirməli olduğu son bir sevgi xidməti qaldı. Peter üç dəfə Ustadını inkar etmişdi. Üç dəfə ona ağrılı bir sual verilməlidir: «Sən Mənə bu digərlərindən daha çox sevgi bəslədiyini iddia etdin, lakin onlar Məni inkar etmədilər (Mark 14:29). Söylədiyin bu qızğın sevgi haradadır? Mən bunun heç bir sübutunu görmədim.»
«Rəbb, Sən hər şeyi bilirsən. Sən mənim qəlbimi oxuya bilirsən», – kasıb şagirdin sonda verə biləcəyi tək cavab budur. Rəbb İsa onu kənara qoyacaqmı? Əksinə, Peter özünə inamını itirdiyi üçün xidmətə hazırdır. «Mənim quzularımı . . . qoyunlarımı otar», – Ustad ona deyir (orijinalda zərifliklə dolu kiçiltmə var: mənim kiçik qoyunlarım). Rəbb İsanın sevdiklərinin qayğısına qalmaqla, Peter bir daha Ona olan sevgisini göstərmək imkanı əldə edəcək.
İncil artıq sona çatır. Lakin onun səhifələrini dolduran sonsuz Şəxsin etdiyi, dediyi və yaşadığı hər şey əvəzsiz maraq doğurur və Allah hər şeyi qeyd etmişdir (v. 25). Əbədiyyət boyu oxumağımız üçün tükənməz kitablar olacaq. İndiki vaxtda isə hər birimiz Xilaskarının bu son sözlərini, «Mənim ardımca gəl», şəxsi bir çağırış kimi qəlbimizə salaq.