Yoşiya digər iki padşah – Yehoşafat və Hizqiya ilə birlikdə «Rəbbin gözündə doğru olanı etdilər» deyilən padşahlar sırasına daxil olur. «Doğru olanı etmək» fikri Zəbur 1-də tapdığımızla oxşardır, orada oxuyuruq: «Nə bədxahların məsləhətinə əməl edən, nə günahkarların yolunda duran, nə də istehzacıların yerində oturan adam xoşbəxtdir; lakin onun sevinci Rəbbin qanunundadır və o, gecə-gündüz Onun qanunu üzərində düşünür.» «Xoşbəxt» sözü «şad» kimi tərcümə oluna bilər. Xoşbəxt həyat yolu Rəbbin gözündə doğru olanı etməkdir!
İtaət Rəbbin qarşısında dolğun və məmnun həyatın açarıdır. Tam itaətdən az olan hər şey ürəkdə bir boşluq buraxır və biz məmnuniyyət və tam razılıq tapa bilmərik. Zəburçu bizə xatırladır: «Sənə qarşı günah etməyim deyə, sözünü ürəyimdə gizlətdim» (Zəbur 119:11).
Allahın Kəlamına bu cür iman və itaət Timoteydə tapıldı, Pavelin ona verdiyi təlimatda oxuyuruq: «Heç kəs sənin gəncliyinə xor baxmasın, əksinə, imanlılara sözdə, davranışda, sevgidə, ruhda, imanda, saflıqda nümunə ol» (1 Timotey 4:12). Timoteyin uşaqlıqdan (2 Timotey 3:15) Allahın Kəlamına itaət etmək üçün bir ürəyi vardı.
Yoşiya və Timotey arasında bir çox oxşarlıqlar var və hər iki halda Rəbb onları mükafatlandırdı, çünki onlar Onun Kəlamına cavab verdilər. Bəs bu gün biz necə? Allahın Kəlamına cavabımız nədir? Xatırlamaq yaxşıdır ki, «Rəbbin gözləri bütün yer üzünü gəzir ki, ürəyi Ona sadiq olanların tərəfində gücünü göstərsin» (2 Salnamələr 16:9).