Süleymanın Məsəllərində aşağıdakı ayəni tapırıq: «İnsana doğru görünən bir yol var, lakin onun sonu ölüm yoludur» (Süleymanın Məsəlləri 14:12). Bunu Amon haqqında deyə bilərik. O, atasının uzun müddət getdiyi bütpərəstlik yolunda davam etdi, baxmayaraq ki, Menaşe nəhayət Allah qarşısında özünü çox təvazökar etdi və Rəbbin Allah olduğunu tanıdı. Menaşe tövbəsini əməlləri ilə açıq şəkildə sübut etdi, və oğlu Amon yəqin ki, bütün bunları, ya da ən azından nəticələrini görmüşdü. Amon əlbəttə ki, atasının bütpərəstliklə bağlı hər şeyi şəhərdən atması ilə razılaşmırdı. Amon atasının əvvəllər getdiyi yolda tamamilə getdi: o, bütlərə xidmət etdi, onlara səcdə etdi və onlara qurbanlar təqdim etdi. Onun gözündə bu, getməli yol idi, «doğru görünən bir yol.» Lakin bu, belə idimi?
Nəyinsə doğru hiss olunması, onun doğru olduğu anlamına gəlmir. Bu, bizim dərsimizdir. Nəyin yaxşı, nəyin pis olduğunu həqiqətən də Allahın dedikləri müəyyən edir. Bu, günah məsələsində, Allahın ədalətində və gələcək hökmdə doğrudur. Bu, həm də Allahın övladlarının gedişi və onların birgə həyatı ilə bağlıdır. Buna görə də, Allah qarşısında nəyin doğru və yaxşı olduğunu öyrənmək üçün Allahın Kəlamına müraciət etməliyik. Çünki «bütün Müqəddəs Yazılar Allahın ilhamı ilə verilmişdir və təlim, tənbeh, islah və salehlikdə tərbiyə üçün faydalıdır» (2 Timoteyə 3:16). Lakin Amon tam əksini etdi. O, Allaha və ya Onun Kəlamına müraciət etmədi. Amon «atalarının Rəbb Allahını tərk etdi və Rəbbin yolunda getmədi» (2 Padşahlar 21:22), və sonu ölüm oldu. Həqiqətən də! O, qulluqçuları tərəfindən öldürüldü.
Bu dünyada yaxşı və pis nümunələrlə izləniləcək bir çox yollar var. Lakin doğru yolu bilməyin yeganə yolu, yeganə yol olanın yanına getmək və Onun Kəlamına qulaq asmaqdır! Qoy bu gün də bizim arzumuz bu olsun!