Musa qəzəblə dolmuşdu. Əvvəlcə xalq üçün Rəbbə qarşı qeyrətli idi, indi isə Rəbb üçün xalqa qarşı qeyrətlidir. O, Harunu kənara çəkir, lakin o, özünü alçaltmaq əvəzinə bəhanələr gətirir. Sonra Levioğullarına dəhşətli bir vəzifə tapşırılır ki, bizə Allahın izzətinin həmişə ailə və ya dostluq bağlarından üstün tutulmalı olduğunu göstərsin. Levioğulları sadiqdirlər və Rəbb bunu daha sonra onlara çadırın xidmətini həvalə etməklə nəzərə alacaq (Qanunun təkrarı 33:9-10). Allah əvvəlcə sadiqliyimizi sınaqdan keçirmədən bizi Özü üçün istifadə etməyəcək.
Nəhayət, Musanı yenidən boşluqda, şəfaətçi mövqeyində görürük. O, Harundan fərqli olaraq, heç nəyi gizlətmədən faktları açıqlayır. Lakin o, xalq üçün kəffarə edə biləcəyinə ümid edir və onların yerinə özünü cəzaya təqdim edir. Bu baxımdan o, həvarı Pavellə oxşardır, hansı ki, «öz qardaşları, ətə görə qohumları üçün Məsihdən lənətlənməyi» arzulaya bilərdi (Romalılara 9:3). Lakin belə bir qurban mümkün deyil. Müqəddəs Yazılar bildirir ki, insan heç bir «yolla qardaşını qurtara bilməz, nə də onun üçün Allaha fidyə verə bilməz» (Zəbur 49:7) və «hər birimiz özümüz haqqında Allaha hesabat verəcəyik» (Romalılara 14:12). Yalnız Məsih günahkar üçün kəffarə edə bilərdi, çünki O, özü günahsız idi.