Yevangelist və Vaiz
Yevangelistlər ən gözlənilməz yerlərdə – Vaiz Kitabı kimi – ruhlanır. Digərləri onun əsas mövzusu, baxış bucağı, münasibəti, diqqəti və hətta müəllifliyi üzərində baş sındırarkən, yevangelist oxuduğunda ruhlanır:
Küləyə baxan əkməz, buludlara baxan biçməz. Küləyin yolunu bilmədiyin kimi ... hər şeyi yaradan Allahın işlərini də bilməzsən. Səhər toxumunu ək, axşam əlini çəkmə; çünki hansının uğurlu olacağını bilməzsən (Vaiz 11:4-6 NKJV).
Yevangelist bu ayələri Pavelin göstərişinin təsdiqi kimi görür: «Vaxtında və vaxtsız ... yevangelist işini gör» (2 Timoteyə 4:2,5). O, İncil toxumunu əkmək üçün mükəmməl şərait gözləməyin təhlükəsini yaxşı bilir (Matta 13:3-9). İllər əvvəl bir qonşu ilə xilas haqqında danışmaq istədim, lakin şəraitin uyğun olmadığını düşündüyüm üçün tərəddüd etdim. Sonra o öldü. Vaiz Kitabını hər oxuduğumda, üç dəfə təkrarlanan «Sən bilməzsən» ifadəsi mənə şəraitdən daha çox Ruhun təhrikinə diqqət yetirməyi xatırladır.
2000-ci il yanvarın 31-də Alaska Air reysi Los-Anceles yaxınlığında okeana düşdü. Təyyarə enərkən, bir pastorun həyat yoldaşı 88 sərnişinə ölmədən əvvəl Xoş Xəbəri söyləməyə ruhlandı. O təyyarədəki xaosu təsəvvür edə bilirsinizmi? Digərləri sağ qalmaq, təhlükəsizlik, geridə qalanlar, görülməyənlər, deyilməyənlər barədə narahat olarkən, bu qadın Ruha cavab verdi və həyatının son bir neçə dəqiqəsində bu sərnişinlərə əbədi gələcəklərini cəhənnəm əvəzinə cənnətə çevirə biləcək Xilaskar haqqında danışdı. Neçəsi cavab verdi? Yalnız Allah bilir.
Vaiz Kitabı bizə «Hər şey boşluqdur» və «Hər şeyin bir vaxtı var» kimi bir neçə məşhur bir cümlə vermişdir. Amma mənim sevimlim «Sən bilməzsən» oldu. Niyə? Çünki mən bilmirəm! Amma Allah bilir.





