Vəhy 13-ün bu təntənəli fəslindən bilirik ki, qeyri-yəhudilərin dövrü dünyanın indiyə qədər gördüyü ən dəhşətli diktatura formasında sona çatacaq. Allahdan dönmüş Xristianlıq tam anarxiya və qarışıqlığa düşəcək, buradan insanlar Şeytan tərəfindən gücləndirilmiş və Allaha küfr edən, lakin görünür müharibələrə son qoyub xaosa nizam gətirə biləcək bir gücə tabe olmaqla rahatlıq axtaracaqlar (bax: Vəhy 13:4). Nəticədə, dövr başladığı bütpərəstliyin təkrarlanması ilə, lakin daha dəhşətli bir formada sona çatacaq. Nebukadnezar bütün insanların qarşısında yıxılıb ibadət etməli olduğu qızıl heykəl qurduğu kimi, son günlərdə də yer üzündə yaşayan hər kəs heyvanın surətinə ibadət etməli, əks halda öldürüləcək.
İnsanlar öz səyləri ilə yaratmağa ümid etdikləri və sülh və bolluq dünyasını təmin edəcək bir «yeni nizam» xəyal edirlər. Lakin, birinin dediyi kimi, «Yaxşılığın davamlı inkişafına ümid etməyə icazə vermək əvəzinə, pisliyin inkişafını gözləməliyik. Pisliyin o qədər açıq-aşkar olmasını gözləməliyik ki, Rəbbin onu mühakimə etməsi zəruri olacaq.»
Bununla belə, bu dövrün sonu nə qədər dəhşətli olsa da, imanlı onu sakit səbir və Allaha imanla qarşılaya bilər, çünki o, gələcək şöhrətə baxır. 14-cü fəsildə bütün pisliyin gücünü məğlub edə bilən, Allahın şöhrətini təmin edən və xalqını vəd edilmiş bərəkətə gətirən biri var – başında qələbə tacı və əlində kəskin hökm oraqı olan İnsan Oğlu.