İndi Bildadın nə deyəcəyinə qulaq asaq. Eyubun bədbəxtliklərinin öz günahlarının nəticəsi olduğunu açıq şəkildə bir daha bəyan etməyə cəsarət etməyərək, Eyubun oğullarından danışmağa başlayır. Onun üçün cavab aydındır: Eyubun uşaqlarının ölümü onların öz günahlarının nəticəsidir (4-cü ayə). Onlar günah işlətmişlər və Allah onları vurmuşdur. Bu, bu mömin adamın eşitməsi üçün qəddar sözlərdir, çünki biz bilirik ki, onun xoş adəti səhər tezdən qalxıb oğulları üçün yandırma qurbanları təqdim etmək idi (Eyub 1:5). Sanki dostu ona deyirdi: «Duaların faydasız idi; Allah səni dinləmədi və uşaqlarını xilas etmək istəmədi».
Üç dost Allahı yalnız saleh bir Hakim kimi tanıyırdılar. Şübhəsiz ki, Qadirin salehliyi (3-cü ayə) həqiqətin bir tərəfidir. Bu salehlik o qədər mükəmməldir ki, günahlarımız Onun Öz Oğlunun üzərinə qoyulduqda, Allahın qəzəbi Onun üzərinə düşməli idi. Lakin bu salehliyin ali sübutunun verildiyi xaç, eyni zamanda bizə Onun sevgisinin ən gözəl sübutunu gətirir. Əgər biz insanlara Onun sevgisiz salehliyindən danışsaq, onları ruhdan düşməyə və ya özlərini haqq qazandırmağa sövq edərik. Hər iki nəticə Eyubda, dostlarının mühakimələri nəticəsində görünəcəkdir.