İsrail Rəbbin ətraflı təlimatlarına bir həftə boyu əməl etdikdən sonra, Yeşuanın göstərişi ilə böyük bir nida qopardılar, kahinlər trubalarını çaldılar və Ərihanın divarı yerlə bir oldu. İsrail hər tərəfdən şəhərə hücum edib onu ələ keçirə, insanları öldürə və içində olan hər şeyi məhv edə bilərdi.
Rahabın iki casusu qırmızı iplə divardan aşağı endirməsindən bir neçə həftə keçmişdi. İndi Yeşua onları Rahabın evinə göndərdi və onlara Rahabı və onun bütün əşyalarını çıxarmağı tapşırdı. Casuslar Rahabın evinə girdikdə, Rahabı və bütün ailəsini orada tapdılar. Hamısı divardakı bu evə yığışmış və orada qalmışdı. Onlar xilaslarının nə vaxt gələcəyini bilmirdilər; casusların verdiyi anda güvənərək gözləmişdilər. İndi onların imanı mükafatlandırıldı.
Əvvəlcə onlar İsrail düşərgəsinin kənarında yerləşdirildilər. Lakin tezliklə görürük ki, Rahab “bu günə qədər İsraildə yaşayır.” Onun çirkin keçmişi arxada qalmışdı. O, Yəhuda qəbiləsindən olan bir şahzadə, Salmonla evləndi və sonradan Moablı Rutla evlənən varlı və qüdrətli Boazın anası oldu. Kral Davud onun nəvələrindən biri idi. Daha da heyrətamiz odur ki, onun adı Rəbbimiz İsa Məsihin nəsil şəcərəsində Matta 1:5-də tapılır. Allahın lütfü nə qədər möcüzədir! Həmin lütf bu gün də iş başındadır.




