1 Pasxadan altı gün əvvəl İsa Bet-Anyaya gəldi. İsanın ölülər arasından diriltdiyi Lazar da orada idi. 2 Orada İsanın şərəfinə ziyafət verdilər. Marta xidmət edirdi. Lazar da İsa ilə birgə süfrə arxasında oturanların arasında idi. 3 Məryəm isə bir litra çox qiymətli xalis nard yağını götürərək İsanın ayaqlarına çəkib onları saçları ilə sildi. Yağın ətri evi bürüdü. 4 Lakin İsanın şagirdlərindən biri, Ona xəyanət edəcək Yəhuda İskaryot dedi: 5 «Nə üçün bu ətir üç yüz dinara satılıb yoxsullara verilmədi?» 6 Bu sözü yoxsulların qayğısına qaldığı üçün deyil, oğru olduğuna görə söylədi, çünki özündə olan pul qutusuna qoyulanların bir hissəsini oğurlayırdı. 7 Onda İsa dedi: «Qadını rahat burax, qoy bunu Mənim dəfn günüm üçün saxlasın. 8 Çünki yoxsullar həmişə sizin yanınızdadır, Mənsə həmişə yanınızda olmayacağam».
9 Yəhudilərdən böyük bir kütlə İsanın orada olduğunu öyrənəndə həm İsaya görə, həm də Onun ölülər arasından diriltdiyi Lazarı görmək üçün oraya gəldi. 10 Onda başçı kahinlər öz aralarında Lazarı da öldürməyi qərara aldılar. 11 Çünki Lazara görə çoxlu Yəhudi gedib İsaya iman edirdi.
12 Ertəsi gün bayrama gələn böyük kütlə İsanın Yerusəlimə gələcəyini eşidəndə 13 xurma budaqları götürərək Onu qarşılamağa çıxdı. Onlar
«Hosanna!
Rəbbin ismi ilə gələn İsrailin Padşahına alqış olsun!»
deyə qışqırırdı. 14 İsa bir sıpa tapıb belinə mindi. Necə ki yazılıb:
15 «Ey Sion qızı, qorxma.
Bax Padşahın bir sıpaya minib gəlir».
16 Şagirdləri o zaman bu şeyləri anlamadılar. Lakin İsa izzətlənəndən sonra barəsində bunun yazıldığını və xalqın Ona nə etdiyini yada saldılar. 17 İsanın Lazarı qəbirdən çağırıb ölülər arasından diriltdiyi zaman Onun yanında olan camaat buna şahid idi. 18 Xalq İsanın bu əlaməti göstərdiyini eşitmişdi, buna görə də Onu qarşılamağa çıxdı. 19 Bu səbəbdən fariseylər bir-birlərinə dedilər: «Baxın əlinizdən bir iş gəlmir. Artıq aləm Onun ardınca getdi».
20 Bayramda Yerusəlimə ibadətə gələnlər arasında bəzi Yunanlar da var idi. 21 Onlar Qalileyanın Bet-Sayda şəhərindən olan Filipin yanına gəlib «ağa, biz İsanı görmək istəyirik» deyə ondan xahiş etdilər. 22 Filip gəlib Andreyə söylədi, Andrey və Filip də birgə gəlib İsaya xəbər verdilər. 23 İsa cavabında dedi: «Bəşər Oğlunun izzətlənmək vaxtı gəldi. 24 Doğrusunu, doğrusunu sizə deyirəm: əgər bir buğda dənəsi torpağa düşüb ölmürsə, tək qalır, amma ölürsə, çoxlu məhsul verir. 25 Öz canını sevən kəs onu itirər, bu dünyada canı üçün qayğı çəkməyənsə onu əbədi həyat üçün qoruyar. 26 Kim Mənə xidmət etmək istəsə, ardımca gəlsin. Mən harada olacağamsa, Mənim xidmətçim də orada olacaq. Kim Mənə xidmət etsə, Ata ona hörmət edəcək.
27 İndi ürəyim təlaş keçirir. Nə deyim? “Ey Ata, Məni bu andan xilas et” deyimmi? Lakin Mən elə bu an üçün gəldim. 28 Ey Ata, Öz adını izzətləndir!» Bunun cavabında göydən «Öz adımı izzətləndirdim, yenə də izzətləndirəcəyəm» deyə bir səs gəldi. 29 Orada duran xalqın bir qismi «göy guruldadı» dedi, başqaları isə «Onunla bir mələk danışdı» söylədi. 30 İsa cavab verdi: «Bu səs Mənim üçün deyil, sizin üçün gəldi. 31 İndi isə bu dünyaya hökm veriləcək və bu dünyanın hökmdarı bayıra atılacaq. 32 Mən yerdən yuxarı qaldırılsam, bütün insanları Özümə cəzb edəcəyəm». 33 İsa bu sözü söyləməklə necə bir ölümlə öləcəyinə işarə etdi. 34 Xalq Onun cavabında dedi: «Qanundan eşitdiyimizə görə Məsih əbədi qalacaq. Bəs Sən niyə “Bəşər Oğlu yuxarı qaldırılmalıdır” deyirsən? Bu Bəşər Oğlu kimdir?» 35 Onda İsa onlara dedi: «Qısa bir müddət də nur sizin aranızda olacaq. Nurunuz olarkən gəzin ki, sizi qaranlıq tutmasın. Çünki qaranlıqda gəzən hara getdiyini bilməz. 36 Nurunuz var ikən nura iman edin ki, nur övladları olasınız».
İsa bu sözləri söyləyəndən sonra gedib onlardan gizləndi. 37 Onların qabağında bu qədər əlamət göstərdiyi halda yenə Ona iman etmirdilər. 38 Bunlar ona görə baş verdi ki, Yeşaya peyğəmbərin bu sözləri yerinə yetsin:
«Ya Rəbb, xəbərimizə kim inandı,
Rəbbin gücü kimə zühur oldu?»
39 Onlar iman edə bilmirdilər, ona görə ki Yeşaya başqa yerdə deyib:
40 «Allah onların gözlərini kor etdi
Və ürəklərini kütləşdirdi ki,
Gözləri ilə görməsinlər,
Ürəkləri ilə anlamasınlar
Və Mənə sarı dönməsinlər ki,
Mən onlara şəfa verim».
41 Yeşaya İsanın ehtişamını gördüyü üçün bu sözləri deyərək Onun barəsində danışıb. 42 Bununla bərabər, rəhbərlərdən bir çoxu İsaya iman etdi, lakin sinaqoqdan qovulmasınlar deyə fariseylərə görə bunu açıq bildirmədilər. 43 Çünki insanlardan izzət qazanmağı Allahdan izzət almaqdan artıq sevdilər.
44 İsa nida edib dedi: «Mənə iman edən Mənə deyil, Məni Göndərənə iman edir. 45 Məni görən də Məni Göndərəni görür. 46 Mən dünyaya nur olub gəldim ki, Mənə iman edən hər kəs qaranlıqda qalmasın. 47 Kim sözlərimi eşidib onlara riayət etməzsə, Mən onu mühakimə etmərəm, çünki dünyanı mühakimə etmək üçün deyil, onu xilas etmək üçün gəldim. 48 Məni rədd edib sözlərimi qəbul etməyəni mühakimə edən bir şey var: bu da Mənim söylədiyim sözdür ki, son gündə onu mühakimə edəcək. 49 Çünki Mən Özümdən söyləmədim, Məni göndərən Ata nə deyəcəyim və nə söyləyəcəyim haqqında Mənə əmr verdi. 50 Mən bilirəm ki, Onun əmri əbədi həyatdır. Beləcə Mənim söylədiklərimi Ata Mənə necə dedisə, eləcə də söyləyirəm».
1 Bu hadisələrdən sonra Rəbb başqa yetmiş nəfəri təyin etdi və onları iki-iki Özünün gedəcəyi hər şəhərə və hər yerə Özündən əvvəl göndərdi. 2 Onlara dedi: «Məhsul çoxdur, işçilərsə azdır. Buna görə də məhsulun Sahibinə yalvarın ki, Öz məhsulunu yığmaq üçün işçilər göndərsin. 3 Gedin, sizi qurdların arasına quzular kimi göndərirəm. 4 Özünüzlə nə kisə, nə torba, nə də çarıq götürün. Yolda heç kimlə salamlaşıb danışmayın. 5 Hansı bir evə girsəniz, əvvəl “Bu evə əmin-amanlıq olsun!” deyin. 6 Əgər orada əmin-amanlığa layiq bir adam varsa, dilədiyiniz əmin-amanlıq onun üzərində qalacaq. Əks halda o sizə qayıdacaq. 7 Girdiyiniz evdə qalın, sizə nə verirlərsə, yeyib-için, çünki işçi öz haqqına layiqdir. Evdən evə köçməyin. 8 Hansısa bir şəhərə girdiyiniz zaman sizi qəbul edirlərsə, qabağınıza qoyulanı yeyin. 9 Orada olan xəstələrə şəfa verin və onlara deyin: “Allahın Padşahlığı sizə yaxınlaşıb”. 10 Amma hansısa bir şəhərə girdiyiniz zaman sizi qəbul etməsələr, oranın küçələrinə çıxıb belə deyin: 11 “Sizin əleyhinizə çıxaraq şəhərinizin ayaqlarımıza yapışan tozunu belə, çırpırıq. Amma bunu bilin ki, Allahın Padşahlığı sizə yaxınlaşıb”. 12 Sizə bunu deyirəm: qiyamət günü Sodomun halı o şəhərin halından daha asan olacaq.
13 Vay halına, ey Korazin! Vay halına, ey Bet-Sayda! Sizdə baş vermiş möcüzələr Sur və Sidonda olsaydı, onlar çoxdan çul geyinib külün üstündə oturaraq tövbə edərdi. 14 Amma qiyamət günü Sur və Sidonun halı sizinkindən daha asan olacaq. 15 Sən, ey Kefernahum, göyə qədər ucalacaqsanmı? Ölülər diyarına qədər enəcəksən.
16 Sizi dinləyən kəs Məni dinləyir, sizi rədd edən Məni rədd edir. Məni rədd edənsə Məni Göndərəni rədd edir».
17 Yetmiş şagird sevinə-sevinə qayıtdı və dedi: «Ya Rəbb, Sənin adınla cinlər belə, bizə tabe olur!» 18 İsa onlara belə cavab verdi: «Mən Şeytanın ildırım kimi göydən düşməyini görmüşdüm. 19 Baxın Mən sizə səlahiyyət vermişəm ki, ilanları, əqrəbləri və düşmənin bütün gücünü ayaq altında əzəsiniz və heç nə sizə zərər vurmayacaq. 20 Bununla belə, ruhların sizə tabe olduğuna görə sevinməyin, amma sevinin ki, adlarınız göylərdə yazılıb».
21 İsa o vaxt Müqəddəs Ruhda şadlanıb dedi: «Ey yerin-göyün Sahibi olan Ata! Səndən razıyam ki, bu şeyləri müdrik və dərrakəli adamlardan gizlədib körpələrə agah etdin. Bəli, Ata! Çünki bu Sənin xoş niyyətin idi. 22 Atam tərəfindən hər şey Mənim ixtiyarıma verildi. Oğulun kim olduğunu Atadan başqa heç kəs bilməz. Atanın kim olduğunu da Oğuldan və Oğulun agah etmək istədiyi şəxsdən başqa heç kəs bilməz».
23 Sonra İsa şagirdlərə sarı dönüb onlara ayrıca dedi: «Nə bəxtiyardır o gözlər ki, sizin gördüklərinizi görür! 24 Sizə bunu deyirəm: bir çox peyğəmbərlər və padşahlar sizin gördüklərinizi görmək istədilər, amma görmədilər, eşitdiklərinizi eşitmək istədilər, amma eşitmədilər».
25 Bir qanunşünas İsanı sınamaq məqsədi ilə qalxıb dedi: «Müəllim, əbədi həyatı irs olaraq almaq üçün mən nə etməliyəm?» 26 İsa ondan soruşdu: «Qanunda nə yazılıb? Orada nə oxuyursan?» 27 Bu adam İsaya belə cavab verdi: «“Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla, bütün gücünlə və bütün düşüncənlə sev” və “Qonşunu özün kimi sev”». 28 İsa ona dedi: «Sən düz cavab verdin, buna əməl et və yaşayacaqsan». 29 Amma o özünə haqq qazandırmaq üçün İsadan soruşdu: «Bəs mənim qonşum kimdir?»
30 İsa belə cavab verdi: «Bir nəfər Yerusəlimdən Yerixoya gedən yolda quldurların əlinə düşdü. Quldurlar onu soyundurub döydülər və yarımcan halda qoyub getdilər. 31 Təsadüfən o yoldan bir kahin enirdi. Bu adamı görən kimi yolun o biri tərəfi ilə keçib getdi. 32 Bir Levili də ora yaxınlaşıb o adamı görəndə yolun o biri tərəfi ilə keçib getdi. 33 O yolla gedən bir Samariyalı isə bu adamı görəndə ona rəhmi gəldi. 34 Ona yaxınlaşdı və zeytun yağı ilə şərab tökərək yaralarını sarıdı. Sonra bu adamı öz heyvanına mindirib mehmanxanaya gətirdi və ona qayğı göstərdi. 35 Ertəsi gün o, iki dinar çıxarıb mehmanxana sahibinə verərək dedi: “Onun qayğısını çək. Əgər bundan da çox xərcin çıxsa, mən geri qayıdanda sənə verərəm”. 36 Səncə bu üç nəfərdən hansı quldurların əlinə düşən adamın qonşusu idi?» 37 Qanunşünas cavab verdi: «Ona mərhəmət göstərən». İsa da ona dedi: «Get, sən də elə et».
38 İsa şagirdləri ilə yoluna davam edərkən bir kəndə girdi. Burada Marta adlı bir qadın Onu öz evinə dəvət etdi. 39 Onun Məryəm adlı bir bacısı vardı. O, Rəbbin ayaqları yanında oturub Onun sözünə qulaq asırdı. 40 Marta isə işin çoxluğundan çaşıb-qalmışdı. O, İsaya yaxınlaşıb dedi: «Ya Rəbb! Görmürsən ki, bacım işləri tək mənim üstümə yığıb? Ona de ki, mənə kömək etsin». 41 Rəbb isə ona belə cavab verdi: «Marta, Marta, sən çox şeyin qayğısını çəkib təlaşa düşürsən. 42 Yalnız bir şey lazımdır. Məryəm yaxşısını seçdi. Bu da onun əlindən alınmayacaq».
13 Getməmişdən əvvəl qullarından on nəfəri çağırdı və onlara on mina pul verib dedi: “Mən gələnədək bunlarla ticarət et”.
Yəhya 12 · Luka 10 · Luka 19:13 · AZJ08
Bu məşhur hekayədə Rəbb İsa əvvəlcə Şimon Peteri və Andreyi, sonra isə Yaqubu və Yəhyanı çağırdı. Hər iki halda onlar balıqçılıq işlərini tərk edərək Rəbbi izlədilər. Lakin qeyd edək ki, Müqəddəs Yazı onların balıqçılıq işlərini tərk edərək insan ovçusu olmaq üçün getdiklərini demir. Doğrudur, Rəbb onları belə edəcəyini demişdi. Bəs ayələr nə deyir? Onlar Onu izləmək üçün hər şeyi tərk etdilər.
Niyə bu fərqi qeyd edirik? Sadəcə bu səbəbdən, Peter və Andrey, Yaqub və Yəhyanın qarşısında olan məqsədi vurğulamaq üçün. Xidmət, insanları tutmaq onların qarşısında məqsəd deyildi. Məsihin Özü idi. Onlar Onu izlədilər.
Biz demək istədiyimiz məqamı Luka 10 və Yəhya 12-də Martanın xidmətinin iki hekayəsi arasındakı fərqə baxaraq göstərə bilərik. Luka 10-da xidmətin özü Martanın diqqət mərkəzində idi və buna görə də o, “bir çox şeylər barədə narahat və təşvişli” oldu. Hətta bacısının onun düşündüyü kimi xidmət etmədiyindən şikayət etməyə başladı! Lakin Yəhya 12-də Rəbbin Özü onun məqsədi idi və hər şey Onun şöhrəti üçün idi. Burada başqalarından şikayət yox idi, əksinə, onun xidməti başqalarının xidmətini mükəmməl şəkildə tamamlayırdı.
Əlbəttə, biz başa düşürük ki, əksəriyyət Rəbbə xidmət etmək üçün işini, evini və ya ailəsini tərk etməyə çağırılmır. Lakin biz hamımız Onun bizi qoyduğu hər hansı şəraitdə Ona xidmət etməyə çağırılmışıq. Biz hamımız O gələnə qədər işləməli olan qulluqçularıq (Luka 19:13).
Rəbb hamımıza lütf versin ki, əlimizə düşən hər hansı xidmətdə Onun Özü bizim məqsədimiz olsun və arzumuz Onu şərəfləndirmək olsun.