1 Başlanğıcda Allah göyləri və yeri yaratdı. 2 Yer quruluşsuz və boş idi. Dərin sular üzərində qaranlıq var idi. Allahın Ruhu suların üzərində dolaşırdı.
3 Allah dedi: «Qoy işıq olsun». İşıq oldu. 4 Allah gördü ki, işıq yaxşıdır. Sonra O, işığı qaranlıqdan ayırdı. 5 Allah işığı «gündüz», qaranlığı isə «gecə» adlandırdı. Axşam oldu, səhər açıldı; bu, birinci gün idi.
6 Sonra Allah dedi: «Qoy suların arasında bir qübbə olsun və suları bir-birindən ayırsın». 7 Allah qübbəni düzəltdi və qübbənin altındakı suları onun üstündəki sulardan ayırdı. Belə də oldu. 8 Allah qübbəni «göy» adlandırdı. Axşam oldu, səhər açıldı; bu, ikinci gün idi.
9 Sonra Allah dedi: «Qoy göyün altındakı sular bir yerə yığılsın ki, quru görünsün». Belə də oldu. 10 Allah qurunu «yer», su yığınlarını isə «dənizlər» adlandırdı. Allah gördü ki, bu, yaxşıdır.
11 Sonra Allah dedi: «Qoy yer üzü bitkilər yetirsin: toxumlar bitirən ot-ələf və torpaqda hər növ bəhərli ağaclar yetişsin. Ağaclar meyvə gətirsin və toxumları meyvələrinin içində olsun». Belə də oldu. 12 Yer üzü bitkilər yetirdi: hər növ toxum bitirən ot-ələf və hər növ ağac yetişdi. Ağaclar meyvə gətirirdi və toxumları meyvələrinin içində idi. Allah gördü ki, bu, yaxşıdır. 13 Axşam oldu, səhər açıldı; bu, üçüncü gün idi.
14 Sonra Allah dedi: «Qoy göy qübbəsində gecəni gündüzdən ayıran çıraqlar olsun. Onlar işarələri, fəsilləri və günlərlə illəri göstərsin. 15 Qoy onlar göy qübbəsində çıraq olub, yer üzünə işıq saçsın». Belə də oldu. 16 Allah iki böyük çıraq düzəltdi: gündüzü idarə etmək üçün böyük çıraq, gecəni idarə etmək üçün kiçik çıraq. O həmçinin ulduzları düzəltdi. 17 Allah onları göy qübbəsinə qoydu ki, yer üzünə işıq saçsın, 18 gündüzü və gecəni idarə etsin, işığı qaranlıqdan ayırsın. Allah gördü ki, bu, yaxşıdır. 19 Axşam oldu, səhər açıldı; bu, dördüncü gün idi.
20 Sonra Allah dedi: «Qoy sular çoxlu canlı məxluqlarla qaynaşsın, yer üstündəki göy qübbəsində quşlar uçsun». 21 Allah nəhəng su əjdahalarını və suda qaynaşan hər növ bütün sürünən canlı məxluqları, həmçinin hər növ bütün qanadlı quşları yaratdı. Allah gördü ki, bu, yaxşıdır. 22 Allah onlara bərəkət verərək dedi: «Törəyib çoxalın və dənizlərdəki suları doldurun, quşlar da yer üzündə çoxalsın». 23 Axşam oldu, səhər açıldı; bu, beşinci gün idi.
24 Sonra Allah dedi: «Qoy yer üzü hər növ canlı məxluqlar – hər növ ev heyvanları, sürünən canlılar və çöl heyvanları əmələ gətirsin». Belə də oldu. 25 Allah hər növ çöl heyvanlarını, hər növ ev heyvanlarını və yerdə sürünən bütün canlıları yaratdı. Allah gördü ki, bu, yaxşıdır.
26 Sonra Allah dedi: «Öz surətimizə və bənzərimizə görə insanı yaradaq. Qoy o, dənizdəki heyvanlara, göydəki quşlara, yerdəki heyvanlara, bütün yer üzünə və yerdə sürünən canlıların hamısına hökmranlıq etsin». 27 Allah insanı Öz surətində yaratdı, Allahın surətində yaratdı, onları kişi və qadın olaraq yaratdı. 28 Allah onlara xeyir-dua verərək dedi: «Törəyib çoxalın və yer üzünü bürüyüb ona sahib olun: dənizdəki heyvanlar, göydəki quşlar, yerdə sürünən bütün canlılar üzərində hökmranlıq edin». 29 Allah dedi: «Budur, yer üzündə toxum verən bütün ot-ələfi və meyvələrində toxumu olan bütün ağacların bəhərini sizə verirəm ki, qidalanasınız. 30 Yerdəki heyvanların, göydəki quşların və yerdə sürünən canlıların hamısına – nəfəsi olan bütün canlılara isə yem olmaq üçün bütün yaşıl otları verirəm». Belə də oldu. 31 Allah gördü ki, yaratdığı hər şey çox yaxşıdır. Axşam oldu, səhər açıldı; bu, altıncı gün idi.
1 Göylər və yer, oradakı hər şey beləcə tamamlandı. 2 Allah yeddinci günə qədər gördüyü işləri qurtardı və yeddinci gün gördüyü işlərdən ayrılıb istirahət etdi. 3 Allah yeddinci günə bərəkət verdi və onu təqdis etdi, çünki gördüyü bütün yaratma işini qurtarıb həmin gün istirahət etdi.
4 Rəbb Allahın göyləri və yeri yaratmasının hekayəti belədir: Rəbb Allah göyləri və yeri yaradanda 5 yer üzündə heç bir bitki yox idi, heç bir çöl otu da bitmirdi, çünki Rəbb Allah yer üzünə hələ yağış göndərməmişdi və torpağı becərən insan da yaranmamışdı. 6 Amma yerdən su çıxırdı və bütün torpağı sulayırdı. 7 Rəbb Allah yerin torpağından insanı düzəltdi və onun burnuna həyat nəfəsi üfürdü. Beləcə insan canlı varlıq oldu.
8 Sonra Rəbb Allah şərqdə yerləşən Edendə bir bağ saldı və düzəltdiyi insanı orada yerləşdirdi. 9 Rəbb Allah torpaqda gözəl görünüşlü və yemək üçün şirin meyvəli cürbəcür ağaclar yetirdi. O həmçinin bağın ortasında həyat ağacını və xeyirlə şəri bilmə ağacını bitirdi.
10 Bağı suvarmaq üçün Edendən bir çay çıxırdı, oradan isə dörd qola bölünürdü. 11 Onlardan birinin adı Pişondur. O bütün Xavila ölkəsini dolanaraq axır. Orada qızıl çıxır. 12 Bu ölkənin qızılı yaxşıdır. Burada həm də ətirli qatran və damarlı əqiq var. 13 İkinci çayın adı Gixondur. O, Kuş ölkəsini dolanaraq axır. 14 Üçüncü çayın adı Dəclədir. O, Aşşur ölkəsinin şərqindən axır. Dördüncü çay Fəratdır.
15 Rəbb Allah insanı götürüb Eden bağına qoydu ki, oranı becərsin və saxlasın. 16 Rəbb Allah insana əmr edib dedi: «Bağdakı bütün ağacların bəhrəsindən istəyəndə yeyə bilərsən. 17 Ancaq xeyirlə şəri bilmə ağacının meyvəsindən yemə, çünki ondan yeyən gün hökmən öləcəksən».
18 Rəbb Allah yenə dedi: «İnsanın tək olması yaxşı deyil, Mən ona münasib olan bir köməkçi yaradacağam». 19 Rəbb Allah bütün çöl heyvanlarını və göydəki bütün quşları torpaqdan düzəltdi. Sonra onları insanın yanına gətirdi ki, onun bunları necə adlandıracağını görsün. İnsan hər heyvana hansı adı qoydusa, o cür də adlandı. 20 İnsan bütün ev heyvanlarına, göydəki quşlara və bütün çöl heyvanlarına ad verdi, amma insana münasib olan bir köməkçi tapılmadı. 21 O zaman Rəbb Allah insana dərin yuxu göndərdi və o yuxuya getdi. Onda Rəbb Allah onun qabırğasının birini götürdü və yerini ətlə örtdü. 22 Rəbb Allah insandan götürdüyü qabırğadan qadını düzəltdi və onu insanın yanına gətirdi. 23 İnsan dedi:
«Bax, nəhayət, bunun
Sümüyü mənim sümüyümdən,
Bədəni mənim bədənimdəndir.
Adına “qadın” deyiləcək,
Çünki o, kişidən götürülüb».
24 Buna görə də kişi öz ata-anasını tərk edib arvadına qovuşacaq və onlar bir bədən olacaq. 25 Adəm və arvadı – ikisi də çılpaq idi, ancaq bundan utanmırdılar.
1 Rəbb Allahın yaratdığı bütün çöl heyvanlarının ən hiyləgəri ilan idi. İlan qadına dedi: «Doğrudanmı, Allah sizə “bağda olan heç bir ağacın bəhrələrindən yeməyin” deyib?» 2 Qadın ilana dedi: «Bağdakı ağacların bəhrələrindən yeyə bilərik. 3 Amma bağın ortasındakı ağacın meyvələri barədə Allah deyib: “Ondan yeməyin və ona toxunmayın, yoxsa öləcəksiniz!”» 4 İlan qadına dedi: «Yox, əsla ölməzsiniz. 5 Əksinə, Allah bilir ki, o meyvələrdən yediyiniz gün gözləriniz açılacaq və xeyirlə şəri bilərək Allah kimi olacaqsınız». 6 Qadın gördü ki, ağacın meyvəsi yemək üçün yaxşıdır, gözə xoş görünür və bu ağac insana dərrakə verməyi vəd edir. Buna görə də o həmin meyvədən dərib yedi. Sonra yanında olan ərinə də verdi, o da yedi. 7 O vaxt ikisinin də gözləri açıldı və çılpaq olduqlarını bildilər. Buna görə də əncir yarpaqlarını bir-birinə hörüb özlərinə fitə düzəltdilər.
8 Onlar günün sərinliyində bağda gəzişən Rəbb Allahın səsini eşitdilər. Adəm və onun arvadı Rəbb Allahın hüzurundan qaçıb bağdakı ağacların arasında gizləndilər. 9 Rəbb Allah Adəmi səsləyib dedi: «Haradasan?» 10 O cavab verdi: «Bağda səsini eşitdim və çılpaq olduğum üçün qorxdum, ona görə də gizlənmişəm». 11 Rəbb Allah dedi: «Kim sənə bildirdi ki, çılpaqsan? Sənə yeməyi qadağan etdiyim ağacın meyvəsindən yeməmisən ki?» 12 Adəm dedi: «Mənimlə birgə olmaq üçün verdiyin qadın o ağacın meyvəsindən verdi, mən də yedim». 13 Rəbb Allah qadına dedi: «Sən niyə belə etdin?» Qadın dedi: «İlan məni yoldan çıxartdı, mən də yedim».
14 Rəbb Allah ilana dedi:
«Sən bunu etdiyin üçün
Bütün ev heyvanları və çöl heyvanları arasında
Lənət qazanırsan.
Qarnın üstündə sürünəcəksən,
Bütün ömrün boyu torpaq yeyəcəksən.
15 Mən səninlə qadın arasına,
Sənin balanla onun övladı arasına
Düşmənçilik salıram.
Bu övlad sənin başından vuracaq,
Sən də onu dabanından sancacaqsan».
16 Sonra Rəbb Allah qadına dedi:
«Hamilə olanda sənə
Çox əziyyət verəcəyəm,
Uşaqlarını ağrı içində doğacaqsan.
Ərinə meylli olacaqsan,
O sənə ağalıq edəcək».
17 Sonra Rəbb Allah Adəmə dedi:
«Arvadının sözünə qulaq asdığın üçün,
Qadağan etdiyim, “meyvəsini yemə” dediyim
Ağacdan yediyin üçün
Sənə görə torpaq lənətlənir.
Ömrün boyu zəhmətlə
Torpaqdan yemək əldə edəcəksən.
18 O sənə tikan və qanqal bitirəcək,
Sən də çöldəki ot-ələfi yeyəcəksən.
19 Alın tərinlə çörək yeyəcəksən.
Axırda torpağa qayıdacaqsan,
Çünki oradan götürülmüsən,
Ona görə ki yerin torpağısan,
Torpağa da qayıdacaqsan».
20 Adəm arvadının adını Həvva qoydu, çünki o, yer üzündə yaşayanların hamısının anası oldu. 21 Onda Rəbb Allah Adəmlə arvadı üçün dəridən paltar düzəltdi və onlara geyindirdi.
22 Sonra Rəbb Allah dedi: «Budur, insan xeyirlə şərin nə olduğunu bilərək bizlərdən biri kimi oldu. Qoy indi əlini uzadaraq həyat ağacının meyvəsindən dərib yeməsin və əbədi yaşamasın!» 23 Rəbb Allah insanı Eden bağından çıxartdı ki, o özünün də bir qismindən götürüldüyü torpağı becərsin. 24 Rəbb Allah insanı qovdu. O, Eden bağının şərqinə keruvlarını və hər tərəfə fırlanan odlu qılıncını qoydu ki, həyat ağacına gedən yolu qorusunlar.
1 Adəm arvadı Həvva ilə yaxınlıq etdi və Həvva hamilə olub Qabili doğdu. Həvva dedi: «Rəbbin köməyi ilə bir insan qazandım». 2 Sonra o, Qabilin qardaşı Habili doğdu. Habil çoban oldu, Qabil isə əkinçi.
3 Bir müddət keçəndən sonra Qabil torpağın bəhrəsindən Rəbb Allaha təqdim gətirdi. 4 Habil də sürüsündə ilk doğulan heyvanlardan bir neçəsini və onların piyini təqdim etdi. Rəbb Habili və onun təqdimini qəbul etdi, 5 ancaq Qabili və onun təqdimini qəbul etmədi. Buna görə də Qabil bərk qəzəblənib qaşqabağını salladı. 6 Rəbb Qabilə dedi: «Niyə qəzəblənmisən? Niyə qaşqabağını sallamısan? 7 Əgər yaxşı iş görürsənsə, Mən qəbul etmərəmmi? Əgər yaxşı iş görmürsənsə, günah qapının ağzında durub. Onun meyli sənədir, ancaq sən ona üstün gəlməlisən».
8 Sonra Qabil qardaşı Habilə bir söz dedi və onlar çölə getdilər. Orada Qabil qardaşı Habilin üstünə hücum çəkib onu öldürdü. 9 Sonra Rəbb Qabildən soruşdu: «Qardaşın Habil haradadır?» O dedi: «Bilmirəm, məgər mən qardaşımın keşikçisiyəm?» 10 Rəbb dedi: «Sən nə etdin? Qardaşının qanının səsi torpaqdan Mənə fəryad edir. 11 Buna görə də bu torpaqda lənət almısan; o torpaq ki sənin əlinlə tökülən qardaş qanını udmaq üçün ağzını açdı. 12 Torpağı becərdiyin zaman o daha gücünü sənə verməyəcək. Yer üzündə qaçaq və sərgərdan olacaqsan». 13 Qabil Rəbbə dedi: «Cəzam çəkə biləcəyimdən daha artıqdır. 14 Bax bu gün Sən məni torpaqdan qovursan. Mən də Sənin hüzurundan gizlənib yer üzündə qaçaq və sərgərdan olacağam. Ancaq kim mənə rast gəlsə, məni öldürəcək». 15 Rəbb ona dedi: «Xeyr! Kim Qabili öldürsə, ondan yeddi qat intiqam alınacaq». Rəbb Qabilə bir əlamət qoydu ki, ona rast gələn kəs onu öldürməsin. 16 Beləcə Qabil Rəbbin hüzurunu tərk etdi və Eden bağından şərqdə – Nod torpağında yaşamağa başladı.
17 Qabil arvadı ilə yaxınlıq etdi və arvadı hamilə olub Xanoku doğdu. O zaman o, bir şəhər tikdi, şəhərə oğlu Xanokun adını verdi. 18 Xanokdan İrad törədi. İraddan Mehuyael törədi. Mehuyaeldən Metuşael törədi. Metuşaeldən Lemek törədi. 19 Lemek iki arvad aldı: birinin adı Ada, o birinin adı Silla idi. 20 Ada Yavalı doğdu. Yaval çadırda yaşamağın və sürü saxlamağın əsasını qoydu. 21 Onun qardaşının adı Yuval idi. O hər cür lira və tütək çalmağın əsasını qoydu. 22 Silla isə Tuval-Qayini doğdu. Tuval-Qayin tuncdan və dəmirdən hər cür kəsici alətlər düzəldərdi. Onun Naama adlı bacısı var idi.
23 Bir dəfə Lemek arvadlarına dedi:
«Ey Ada və Silla, səsimi eşidin,
Ey Lemekin arvadları, sözümə qulaq asın:
Məni yaraladığı üçün
Bir adam öldürdüm,
Məni zədələdiyi üçün
Bir cavan öldürdüm.
24 Qabil üçün yeddi qat qisas alınacaqsa,
Lemek üçün yetmiş yeddi qat alınacaq».
25 Adəm yenə arvadı ilə yaxınlıq etdi və Həvva bir oğlan doğub adını Şet qoyaraq dedi: «Qabilin öldürdüyü Habilin yerinə Allah mənə başqa bir oğul bəxş etdi». 26 Şetin də bir oğlu oldu və adını Enoş qoydu. O zaman insanlar Rəbbin adını çağırmağa başladı.
1 Adəmin nəsil tarixçəsi belədir. Allah insanı yaradanda onu Öz bənzərinə görə yaratdı. 2 Allah onları kişi və qadın olaraq yaratdı, onlara xeyir-dua verdi və yaratdığı gün onları «insan» adlandırdı.
3 Adəmin yüz otuz yaşı olanda özünə bənzər, öz surətində bir oğlu oldu və adını Şet qoydu. 4 Şet doğulandan sonra Adəm səkkiz yüz il yaşadı. Onun çoxlu oğlu və qızı oldu. 5 Adəm doqquz yüz otuz il ömür sürüb öldü.
6 Şet yüz beş yaşında olanda oğlu Enoş doğuldu. 7 Enoş doğulandan sonra Şet səkkiz yüz yeddi il yaşadı. Onun çoxlu oğlu və qızı oldu. 8 Şet doqquz yüz on iki il ömür sürüb öldü.
9 Enoş doxsan yaşında olanda oğlu Qenan doğuldu. 10 Qenan doğulandan sonra Enoş səkkiz yüz on beş il yaşadı. Onun çoxlu oğlu və qızı oldu. 11 Enoş doqquz yüz beş il ömür sürüb öldü.
12 Qenan yetmiş yaşında olanda oğlu Mahalalel doğuldu. 13 Mahalalel doğulandan sonra Qenan səkkiz yüz qırx il yaşadı. Onun çoxlu oğlu və qızı oldu. 14 Qenan doqquz yüz on il ömür sürüb öldü.
15 Mahalalel altmış beş yaşında olanda oğlu Yered doğuldu. 16 Yered doğulandan sonra Mahalalel səkkiz yüz otuz il yaşadı. Onun çoxlu oğlu və qızı oldu. 17 Mahalalel səkkiz yüz doxsan beş il ömür sürüb öldü.
18 Yered yüz altmış iki yaşında olanda oğlu Xanok doğuldu. 19 Xanok doğulandan sonra Yered səkkiz yüz il yaşadı. Onun çoxlu oğlu və qızı oldu. 20 Yered doqquz yüz altmış iki il ömür sürüb öldü.
21 Xanok altmış beş yaşında olanda oğlu Metuşelah doğuldu. 22 Metuşelah doğulandan sonra Xanok üç yüz il Allahla bir yol getdi. Onun çoxlu oğlu və qızı oldu. 23 Xanok üç yüz altmış beş il yaşadı. 24 O, Allahla bir yol getdi. Sonra qeyb oldu, çünki Allah onu Öz yanına götürdü.
25 Metuşelah yüz səksən yeddi yaşında olanda oğlu Lemek doğuldu. 26 Lemek doğulandan sonra Metuşelah yeddi yüz səksən iki il yaşadı. Onun çoxlu oğlu və qızı oldu. 27 Metuşelah doqquz yüz altmış doqquz il ömür sürüb öldü.
28 Lemek yüz səksən iki yaşında olanda bir oğlu doğuldu. 29 O dedi: «Bu oğul Rəbbin lənətlədiyi torpağı becərəndə çəkdiyimiz əziyyətlərdə, əlimizin zəhmətində bizə təsəlli verəcək». Buna görə də onun adını Nuh qoydu. 30 Nuh doğulandan sonra Lemek beş yüz doxsan beş il yaşadı. Onun çoxlu oğlu və qızı oldu. 31 Lemek yeddi yüz yetmiş yeddi il ömür sürüb öldü.
32 Nuh beş yüz yaşında olanda Sam, Ham və Yafəs adında oğulları oldu.
1 İnsanlar yer üzündə çoxalmağa başladı və onların qızları doğuldu. 2 O zaman Allah oğulları gördülər ki, insan qızları çox gözəldir və bəyəndikləri hər qızı özlərinə arvad etdilər. 3 Rəbb dedi: «Mənim Ruhum insanda əbədi qalmayacaq, çünki onlar ancaq bədəndir. Onların ömrü yüz iyirmi il olacaq».
4 Həmin dövrdə və Allah oğulları insan qızlarını arvad alıb övladları doğulan dövrdə də yer üzündə böyük adamlar yaşayırdı. Bunlar qədim dövrün qəhrəman və adlı-sanlı adamları idi.
5 Rəbb gördü ki, yer üzündəki insanların şər əməlləri çoxdur və hər zaman onların ürəyindəki fikirlər və niyyətlər pisliyə doğru yönəlir. 6 O, yer üzündə insanları yaratdığına peşman oldu və ürəyində kədərləndi. 7 Rəbb dedi: «Yaratdığım insanları yer üzündən siləcəyəm, bunu insanlarla birgə heyvanların, sürünənlərin və quşların da başına gətirəcəyəm, çünki onları yaratmağıma peşman olmuşam». 8 Ancaq Nuh Rəbbin gözündə lütf tapdı.
9 Nuhun tarixçəsi belədir: Nuh saleh və öz nəsli arasında qüsursuz bir adam idi. O, Allahla bir yol gedirdi. 10 Nuhun üç oğlu oldu: Sam, Ham və Yafəs. 11 Ancaq Allahın nəzərində yer üzündəki insanlar pozğunlaşmışdı və dünya zorakılıqla dolmuşdu. 12 Allah yer üzündəki insanların daha da pozğunlaşdığını gördü, çünki dünyadakı bütün bəşər yolunu azmışdı.
13 Allah Nuha dedi: «Önümdə olan bütün bəşərin sonu çatıb, çünki yer üzü onların zorakılığı ilə dolub. Buna görə də Mən onları yer üzü ilə birgə məhv edəcəyəm. 14 Özünə qofer ağacından bir gəmi düzəlt, onun içində otaqlar düzəlt, üstünə içəridən və bayırdan qatran vur. 15 Gəmini belə düzəlt: onun uzunluğu üç yüz qulac, eni əlli qulac, hündürlüyü isə otuz qulac olsun. 16 Gəminin üstündən bir qulac aşağı pəncərə açarsan və qapısını yan tərəfdən qoyarsan. Gəminin üç mərtəbəsi olsun: biri altda, biri ortada, biri də üstdə.
17 Bax Mən yer üzünü suya qərq edəcəyəm ki, göylər altında həyat nəfəsi olan bütün canlılar məhv olsun və yer üzündə olanların hamısı öləcək. 18 Ancaq əhdimi səninlə bağlayıram. Sən oğulların, arvadın və gəlinlərinlə birgə gəmiyə minərsən. 19 Bütün heyvanlardan, canlı məxluqlardan bir cütünü – erkək və dişisini gəmiyə götürərsən ki, səninlə birgə sağ qalsın. 20 Növlərinə görə quşların, heyvanların və yerdə sürünənlərin hər birindən bir cütü sənin yanına gələcək ki, sağ qalsın. 21 Həmçinin özünlə birlikdə hər cür azuqə götürüb yanına yığ ki, sənin və onların yeməyi olsun».
22 Nuh hər şeyi etdi: Allah ona necə əmr etmişdisə, o da hər şeyi eləcə yerinə yetirdi.
1 Rəbb Nuha dedi: «Sən bütün ailənlə birgə gəmiyə gir, çünki bu bəşər nəsli içində yalnız səni önümdə saleh gördüm. 2 Bütün yer üzündə nəsli kəsilməsin deyə hər pak heyvanın erkək və dişisindən yeddi cüt, hər murdar heyvanın erkək və dişisindən bir cüt götür. 3 Həmçinin göydəki hər quşun erkək və dişisindən yeddi cüt götür. 4 Çünki yeddi gün sonra yer üzünə qırx gün-qırx gecə yağış yağdıracağam və yaratdığım bütün canlıları yer üzündə məhv edəcəyəm». 5 Rəbb Nuha necə əmr etmişdisə, o da hər şeyi eləcə yerinə yetirdi.
6 Yer üzündə daşqın olanda Nuhun altı yüz yaşı var idi. 7 Nuh, onun arvadı, oğulları və gəlinləri daşqından qurtarmaq üçün birlikdə gəmiyə mindilər. 8 Allahın Nuha əmr etdiyi kimi pak və murdar heyvanların, quşların, bütün yerdə sürünənlərin 9 erkək və dişisi cüt-cüt Nuhun yanına gəlib gəmiyə mindi.
10 Yeddi gün sonra yer üzündə daşqın oldu. 11 Həmin gün – Nuhun ömrünün altı yüzüncü ilində, ikinci ayın on yeddinci günü dərinlikdə olan bütün gur su qaynaqları püskürdü və göylərin pəncərələri açıldı. 12 Yer üzünə qırx gün-qırx gecə yağış yağdı.
13 Elə həmin gün Nuh, onun arvadı, oğulları Sam, Ham, Yafəs və üç gəlini gəmiyə mindilər. 14 Onlarla birgə hər növ çöl heyvanı, hər növ ev heyvanı, hər növ yerdə sürünən, hər növ göydə uçan canlı və hər cür quş gəmiyə girdi: 15 həyat nəfəsi olan bütün canlılardan cüt-cüt Nuhun yanına gəlib gəmiyə mindi. 16 Allahın Nuha əmr etdiyi kimi bütün canlılardan erkək və dişi heyvanlar gəmiyə girdilər. Onların dalınca Rəbb gəminin qapısını örtdü.
17 Yer üzündə qırx gün daşqın oldu və su çoxalıb gəmini yerdən yuxarı qaldırdı. 18 Su çox yuxarı qalxıb yer üzünü aldı və gəmi suyun üzündə üzməyə başladı. 19 Su yer üzünü elə tutdu ki, göylər altında olan bütün uca dağlar suya qərq oldu. 20 Su dağların zirvəsindən on beş qulac qalxdı və onları örtdü. 21 Yer üzündə hərəkət edən canlıların hamısı – quşlar, ev heyvanları, çöl heyvanları, yerdə sürünənlər və bütün insanlar məhv oldu. 22 Quruda yaşayan, burnunda həyat nəfəsi olan canlı varlıqların hamısı öldü. 23 Rəbb yer üzündə olan bütün canlıları məhv etdi: insanlardan tutmuş heyvanlara, sürünənlərə və göydəki quşlara qədər hər şey yer üzündə məhv oldu. Yalnız Nuh və onunla birgə gəmidə olanlar sağ qaldı. 24 Yüz əlli gün ərzində su yer üzündə çoxaldı.
1 Allah Nuhu və onunla birgə gəmidə olan bütün çöl heyvanlarını və ev heyvanlarını yada saldı. Allah yer üzünə külək göndərdi və su azalmağa başladı. 2 Dərinlikdə olan su qaynaqları və göylərin pəncərələri bağlandı, yağış dayandı. 3 Su yer üzündən tədricən çəkildi, yüz əlli gün keçdikdən sonra su azaldı. 4 Yeddinci ayın on yeddinci günü gəmi Ararat dağlarında dayandı. 5 Onuncu aya qədər su yavaş-yavaş çəkildi, onuncu ayın birinci günü dağların zirvələri göründü.
6 Qırx gün sonra Nuh düzəltdiyi gəminin pəncərəsini açıb 7 bir qarğa buraxdı; qarğa uçub getdi və yer üzündə su quruyana qədər hər tərəfi dolaşdı. 8 Nuh bu dəfə bir göyərçin buraxdı ki, suyun yer üzündən çəkilib-çəkilmədiyini bilsin. 9 Amma göyərçin qonmaq üçün rahat bir yer tapmadığına görə onun yanına – gəmiyə qayıtdı, çünki hələ bütün yer üzündə su var idi. Nuh əlini uzadıb göyərçini tutdu və gəmiyə – öz yanına apardı. 10 O daha yeddi gün gözlədi və göyərçini yenə gəmidən buraxdı. 11 Axşamüstü göyərçin onun yanına qayıtdı. Göyərçinin ağzında təzə zeytun yarpağı var idi. Nuh suyun yer üzündən çəkildiyini bildi. 12 O daha yeddi gün gözlədi və göyərçini yenə buraxdı, artıq göyərçin onun yanına qayıtmadı.
13 Nuhun ömrünün altı yüz birinci ilində, birinci ayın birinci günü yer üzündə su qurudu. Nuh gəminin qapağını qaldırdı və torpağın üzərindəki suyun quruduğunu gördü. 14 İkinci ayın iyirmi yeddinci günü yer üzündəki su tamamilə qurudu.
15 Allah Nuha dedi: 16 «Sən öz arvadın, oğulların və gəlinlərinlə birgə gəmidən çıx. 17 Səninlə birgə olan bütün canlıları – quşları, heyvanları və yerdə sürünənləri bayıra çıxart. Qoy yer üzünə yayılsınlar və yer üzündə törəyib çoxalsınlar». 18 Nuh öz arvadı, oğulları və gəlinləri ilə birgə gəmidən çıxdı. 19 Bütün heyvanlar, sürünənlər, quşlar və yerdə sürünən bütün canlılar dəstə-dəstə gəmini tərk etdilər.
20 Nuh Rəbbə bir qurbangah düzəltdi. O hər cür pak heyvandan və pak quşdan götürüb orada yandırma qurbanı təqdim etdi. 21 Bundan Rəbbə xoş ətir qalxdı və Rəbb ürəyində dedi: «Cavanlığından bəri insan ürəyinin fikirlərinin həmişə pis olmasına baxmayaraq, insanlara görə bir daha yer üzünü lənətləməyəcəyəm. İndi elədiyim kimi bütün canlıları bir daha məhv etməyəcəyəm.
22 Dünya durduqca
Əkin-biçin, isti-soyuq,
Yay-qış və gecə-gündüz
Sona yetməyəcək».
1 Allah Nuha və onun oğullarına xeyir-dua verib dedi: «Törəyib çoxalın və yer üzünü bürüyün. 2 Qurudakı bütün heyvanlar, göydəki bütün quşlar, yerdə sürünən bütün canlılar və dənizdə olan bütün balıqlar sizdən qorxub dəhşətə gələcək. Onlar sizin ixtiyarınıza verilib. 3 Bütün canlılar da sizə qida olsun, onların hamısını bütün göy otlar kimi sizə verirəm. 4 Ancaq əti onun canı olan qanla birgə yeməyin. 5 Sizin isə qanınız tökülərsə, əvəzini hökmən alacağam. Hər heyvandan hesabınızı alacağam. Həmçinin insandan – qardaşının canını alan hər kəsdən əvəzini alacağam.
6 Kim insan qanı töksə,
Onun da qanı
İnsan əli ilə töküləcək.
Çünki Allah insanı
Öz surətinə görə yaradıb.
7 Siz törəyib çoxalın,
Yer üzünə yayılın,
Orada çoxalın».
8 Allah Nuha və yanında olan oğullarına dedi: 9 «Mən sizinlə, sizdən sonrakı nəslinizlə Öz əhdimi bağlayıram, 10 gəmidən çıxan yer üzündəki bütün canlı məxluqlarla – quşlar, ev heyvanları və bütün çöl heyvanları ilə əhdimi bağlayıram. 11 Sizinlə Öz əhdimi qoyuram ki, bütün canlılar bir daha daşqınla məhv olmayacaq və heç vaxt yer üzünü viran edən daşqın baş verməyəcək». 12 Allah yenə dedi: «Mənim sizinlə və sizinlə olan bütün canlılarla əbədi olaraq bağladığım əhdin əlaməti budur: 13 buludda Öz göy qurşağımı qoyuram ki, Mənimlə yer üzü arasında olan əhdin əlaməti olsun. 14 Mən yer üzünə bulud gətirdiyim zaman buludda göy qurşağı görünəcək. 15 Onda Mən sizinlə və bütün canlı məxluqlarla bağladığım əhdi yada salacağam. Sular bir daha daşqına çevrilib bütün canlıları məhv etməyəcək. 16 Buludda göy qurşağı olacaq. Mən Allah onu görüb yer üzündə yaşayan bütün canlı məxluqlarla bağladığım əbədi əhdi yada salacağam». 17 Allah yenə Nuha dedi: «Mənim yer üzündə yaşayan bütün canlılarla bağladığım əhdin əlaməti budur».
18 Gəmidən çıxan Nuhun oğulları bunlardır: Sam, Ham və Yafəs. Hamdan Kənan törədi. 19 Nuhun üç oğlu bunlardır və yer üzündə yayılan bütün insanlar onlardan törədi.
20 Nuh torpağı becərməyə başladı və bir üzüm bağı saldı. 21 O, şərab içib sərxoş oldu və öz çadırında çılpaq uzandı. 22 Kənanın atası Ham atasının çılpaq olduğunu gördü və bunu bayırda iki qardaşına söylədi. 23 Sam və Yafəs bir paltar götürüb öz çiyinlərinə saldılar və dal-dalı içəri girib, atalarının çılpaq bədənini örtdülər. Onlar üzlərini əks tərəfə çevirmişdilər ki, atalarının çılpaqlığını görməsinlər. 24 Nuh öz sərxoşluğundan ayıldı və kiçik oğlunun əməlini bilib dedi:
25 «Kənana lənət olsun,
Öz qardaşlarının qullarına qul olsun».
26 Yenə dedi:
«Samın Allahı Rəbbə alqış olsun,
Kənan ona qul olsun.
27 Allah Yafəsə genişlik versin,
Samın çadırlarında yaşasın.
Kənan ona qul olsun».
28 Nuh daşqından sonra üç yüz əlli il yaşadı. 29 O, doqquz yüz əlli il ömür sürüb öldü.
1 Nuhun oğulları Sam, Ham və Yafəsin nəsil tarixçəsi belədir. Daşqından sonra onların oğulları oldu.
2 Yafəsin oğulları: Qomer, Maqoq, Maday, Yavan, Tuval, Meşek və Tiras. 3 Qomerin oğulları: Aşkenaz, Rifat və Toqarma. 4 Yavanın oğulları: Elişa, Tarşiş, Kittim və Dodanim. 5 Onların nəsilləri adalara, öz torpaqlarına yayıldı. Öz millətlərinin arasında dillərə və qəbilələrə ayrıldı.
6 Hamın oğulları: Kuş, Misrayim, Put və Kənan. 7 Kuşun oğulları: Seva, Xavila, Savta, Raama və Savteka. Raamanın oğulları: Səba və Dedan. 8 Kuşun Nəmrud adlı bir oğlu da oldu. O, yer üzündə ilk qüdrətli adam oldu. 9 Nəmrud Rəbbin önündə mahir bir ovçu idi, buna görə də xalqın arasında «Rəbbin önündə Nəmrud kimi mahir ovçu» sözü deyilir. 10 Əvvəlcə onun padşahlığına Şinar ölkəsində olan Babil, Erek, Akkad və Kalne daxil idi. 11 O bu torpaqdan Aşşur torpağına köçüb, Ninevanı, Rexovot-İri, Kelahı, 12 Nineva ilə böyük şəhər olan Kelahın arasındakı Reseni tikdi.
13 Misrayimin nəsilləri bunlardır: Ludlular, Anamlılar, Lehavlılar, Naftuhlular, 14 Patroslular, Filiştlilərin əcdadı olan Kasluhlular, həmçinin Kaftorlular.
15 Kənanın nəsilləri bunlardır: ilk oğlu Sidon, Xet, 16 həmçinin Yevuslular, Emorlular, Qirqaşlılar, 17 Xivlilər, Arqlılar, Sinlilər, 18 Ervadlılar, Semarlılar və Xamatlılar. Sonralar Kənan qəbilələri ətraf yerlərə yayıldı. 19 Kənanlıların ərazisi Sidondan Gerara tərəf Qəzzəyə qədər, Sodoma, Homorraya, Admaya, Sevoyimə tərəf Leşaya qədər uzanırdı. 20 Bunlar öz ölkələrində və millətlərinin arasında qəbilələrinə və dillərinə görə ayrılan Ham oğulları idi.
21 Everin bütün oğullarının əcdadı və Yafəsin böyük qardaşı olan Samın da oğulları oldu. 22 Samın oğulları: Elam, Aşşur, Arpakşad, Lud və Aram. 23 Aramın oğulları: Us, Xul, Geter və Maş. 24 Arpakşaddan Şelah törədi, Şelahdan Ever törədi. 25 Everin iki oğlu oldu: birinin adı Peleq idi, çünki onun dövründə yer üzü bölündü. Qardaşının adı Yoqtan idi. 26 Yoqtandan Almodad, Şelef, Xasarmavet, Yerah, 27 Hadoram, Uzal, Diqla, 28 Oval, Avimael, Səba, 29 Ofir, Xavila və Yovav törədi; bunların hamısı Yoqtanın oğulları idi. 30 Onlar şərqdə – Meşadan Sefara tərəf yerləşən dağlıq bölgədə məskən salmışdı. 31 Bunlar öz ölkələrində və millətləri arasında qəbilələrinə və dillərinə görə ayrılan Sam oğulları idi.
32 Öz millətləri arasında nəsillərinə görə Nuh oğullarının qəbilələri bunlardır. Daşqından sonra onların nəsillərindən yer üzünə millətlər yayıldı.
1 Bütün dünyada bir dil və bir danışıq var idi. 2 İnsanlar şərqdən köçüb gəldikləri zaman Şinar torpağında bir düzənliyə rast gəldilər və orada məskən saldılar. 3 Sonra bir-birlərinə dedilər: «Gəlin kərpic düzəldək və onu yaxşı bişirək». Onlar daş əvəzinə kərpic və palçıq əvəzinə qatran götürdülər. 4 Yenə dedilər: «Gəlin özümüzə bir şəhər və başı göylərə çatan bir qüllə tikib ad çıxaraq, daha bütün yer üzünə yayılmayaq».
5 Rəbb bəşər övladlarının tikdiyi şəhəri və qülləni görmək üçün aşağı endi. 6 Rəbb dedi: «Budur, onların hamısı bir xalqdır və bir dilləri var. Buna görə də bu işi görməyə başlamışlar və indi etmək istədikləri işə heç kəs mane olmayacaq. 7 Gəlin aşağı enib orada onların dilini qarışdıraq ki, bir-birlərinin dilini başa düşməsinlər». 8 Rəbb onları oradan bütün yer üzünə yaydı. Onlar şəhəri tikməyi dayandırdı. 9 Buna görə də o yerin adına Babil dedilər, çünki orada Rəbb bütün dünyadakı adamların dilini qarışdırdı və onları bütün yer üzünə yaydı.
10 Samın nəsil tarixçəsi belədir: daşqından iki il sonra Sam yüz yaşında olanda oğlu Arpakşad doğuldu. 11 Arpakşad doğulandan sonra Sam beş yüz il yaşadı. Onun çoxlu oğlu və qızı oldu.
12 Arpakşad otuz beş yaşında olanda oğlu Şelah doğuldu. 13 Şelah doğulandan sonra Arpakşad dörd yüz üç il yaşadı. Onun çoxlu oğlu və qızı oldu.
14 Şelah otuz yaşında olanda oğlu Ever doğuldu. 15 Ever doğulandan sonra Şelah dörd yüz üç il yaşadı. Onun çoxlu oğlu və qızı oldu.
16 Ever otuz dörd yaşında olanda oğlu Peleq doğuldu. 17 Peleq doğulandan sonra Ever dörd yüz otuz il yaşadı. Onun çoxlu oğlu və qızı oldu.
18 Peleq otuz yaşında olanda oğlu Reu doğuldu. 19 Reu doğulandan sonra Peleq iki yüz doqquz il yaşadı. Onun çoxlu oğlu və qızı oldu.
20 Reu otuz iki yaşında olanda oğlu Seruq doğuldu. 21 Seruq doğulandan sonra Reu iki yüz yeddi il yaşadı. Onun çoxlu oğlu və qızı oldu.
22 Seruq otuz yaşında olanda oğlu Naxor doğuldu. 23 Naxor doğulandan sonra Seruq iki yüz il yaşadı. Onun çoxlu oğlu və qızı oldu.
24 Naxor iyirmi doqquz yaşında olanda oğlu Terah doğuldu. 25 Terah doğulandan sonra Naxor yüz on doqquz il yaşadı. Onun çoxlu oğlu və qızı oldu. 26 Terah yetmiş yaşında olanda oğulları İbram, Naxor və Haran doğuldu.
27 Terahın nəsil tarixçəsi belədir: Terahdan İbram, Naxor və Haran törədi. Harandan Lut törədi. 28 Haran atası Terahın sağlığında doğulduğu ölkədə – Xaldeylilərin Ur şəhərində öldü. 29 İbram və Naxor özlərinə arvad aldılar. İbramın arvadının adı Saray, Naxorun arvadının adı isə Milka idi. Milka və İska Haranın qızları idi. 30 Saray sonsuz idi, onun uşağı olmurdu.
31 Terah oğlu İbramı, Haranın oğlu olan nəvəsi Lutu, oğlu İbramın arvadı olan gəlini Sarayı özü ilə götürdü və Kənan torpağına getmək üçün Xaldeylilərin Ur şəhərindən çıxdı. Onlar Xarana gəlib, orada məskən saldılar.
32 Terah iki yüz beş il ömür sürüb Xaranda öldü.
14 Rəbb Allah ilana dedi:
«Sən bunu etdiyin üçün
Bütün ev heyvanları və çöl heyvanları arasında
Lənət qazanırsan.
Qarnın üstündə sürünəcəksən,
Bütün ömrün boyu torpaq yeyəcəksən.
15 Mən səninlə qadın arasına,
Sənin balanla onun övladı arasına
Düşmənçilik salıram.
Bu övlad sənin başından vuracaq,
Sən də onu dabanından sancacaqsan».
16 Sonra Rəbb Allah qadına dedi:
«Hamilə olanda sənə
Çox əziyyət verəcəyəm,
Uşaqlarını ağrı içində doğacaqsan.
Ərinə meylli olacaqsan,
O sənə ağalıq edəcək».
17 Sonra Rəbb Allah Adəmə dedi:
«Arvadının sözünə qulaq asdığın üçün,
Qadağan etdiyim, “meyvəsini yemə” dediyim
Ağacdan yediyin üçün
Sənə görə torpaq lənətlənir.
Ömrün boyu zəhmətlə
Torpaqdan yemək əldə edəcəksən.
18 O sənə tikan və qanqal bitirəcək,
Sən də çöldəki ot-ələfi yeyəcəksən.
19 Alın tərinlə çörək yeyəcəksən.
Axırda torpağa qayıdacaqsan,
Çünki oradan götürülmüsən,
Ona görə ki yerin torpağısan,
Torpağa da qayıdacaqsan».
17 Sonra Rəbb Allah Adəmə dedi:
«Arvadının sözünə qulaq asdığın üçün,
Qadağan etdiyim, “meyvəsini yemə” dediyim
Ağacdan yediyin üçün
Sənə görə torpaq lənətlənir.
Ömrün boyu zəhmətlə
Torpaqdan yemək əldə edəcəksən.
18 O sənə tikan və qanqal bitirəcək,
Sən də çöldəki ot-ələfi yeyəcəksən.
19 Alın tərinlə çörək yeyəcəksən.
Axırda torpağa qayıdacaqsan,
Çünki oradan götürülmüsən,
Ona görə ki yerin torpağısan,
Torpağa da qayıdacaqsan».
Yaradiliş 1–11 · Yaradiliş 3:14–19 · Yaradiliş 3:17–19 · AZJ08