1 İman ümid edilənlərə etibar etmək, görünməyən şeylərə əmin olmaqdır. 2 Əcdadlarımız imanları üçün müsbət şəhadət aldılar.
3 İman vasitəsilə dərk edirik ki, kainat Allahın kəlamı ilə yarandı, beləcə də görünən şeylər görünməyənlərdən törədi.
4 İman vasitəsilə Habil Allaha Qabildən daha yaxşı bir qurban təqdim etdi. Bunun vasitəsilə saleh olduğu təsdiq edildi, çünki Allah onun təqdimləri barədə şəhadət etdi. Habil ölmüş olduğu halda iman vasitəsilə hələ də danışır.
5 Xanok ölümü görməsin deyə iman vasitəsilə dünyadan götürüldü. Onu tapa bilmədilər, çünki Allah onu dünyadan götürmüşdü. Götürülməzdən əvvəl o, şəhadət almışdı ki, Allahı razı salıb. 6 İman olmadan Allahı razı salmaq qeyri-mümkündür. Çünki Allaha yaxınlaşan şəxs inanmalıdır ki, O var və Onu axtaranlara mükafat verir.
7 Nuh hələ gözə görünməyən şeylər barəsində edilən xəbərdarlığa iman vasitəsilə ciddi yanaşaraq öz ev əhlinin xilası üçün gəmi düzəltdi. O, iman vasitəsilə dünyanı məhkum etdi və imana görə olan salehliyi irs olaraq aldı.
8 İbrahim çağırılanda iman vasitəsilə itaətli olub irs alacağı torpağa getdi. O hara getdiyini bilməyərək yola çıxdı. 9 İman vasitəsilə vəd edilmiş ölkədə bir qərib kimi məskunlaşdı. O eyni vədin həmvarisləri olan İshaq və Yaqubla birlikdə çadırlarda yaşadı. 10 Çünki İbrahim memarı və banisi Allah olan bünövrəli şəhəri gözləyirdi. 11 Sara özü sonsuz və yaşı ötmüş olduğu halda iman vasitəsilə nəsil yaratmaq üçün güc aldı, çünki vəd Edəni sadiq saydı. 12 Buna görə də bir kişidən, artıq ölüdən fərqlənməyən birindən sayca göydəki ulduzlar qədər, dəniz kənarındakı qum kimi saysız-hesabsız nəsil törədi.
13 Bunların hamısı imanlı olaraq öldü. Vəd edilən şeylərə nail olmadılar, amma bunları uzaqdan görüb salamladılar və özlərinin yer üzündə yad və qərib olduqlarını iqrar etdilər. 14 Axı belə sözləri deyənlər bir vətən axtardıqlarını göstərirlər. 15 Əgər onlar çıxdıqları ölkə barəsində düşünsəydilər, qayıtmağa imkanları olardı. 16 Amma əslində onlar daha yaxşı bir ölkəni, yəni səmavi vətəni arzu edirdilər. Buna görə Allah Özünü onların Allahı adlandırmaqdan utanmır, çünki O onlar üçün şəhər hazırlamışdır.
17 İbrahim sınağa çəkildiyi vaxt iman vasitəsilə İshaqı qurban olaraq təqdim etdi. Vədlərə nail olmuş İbrahim bircə oğlunu qurban vermək niyyətində idi. 18 Halbuki ona «İshaqdan törəyənlər sənin nəslin adlanacaq» deyilmişdi. 19 O, Allahı onu ölülər arasından diriltməyə qadir saydı. Buna görə də məcazi mənada İshaqı ölümdən geri aldı.
20 İman vasitəsilə İshaq gələcək hadisələrlə əlaqədar Yaquba və Esava xeyir-dua verdi.
21 Yaqub ölərkən Yusifin hər iki oğluna iman vasitəsilə xeyir-dua verdi və öz dəyənəyinin başına söykənib Allaha səcdə etdi.
22 Yusif də ölərkən İsrail övladlarının Misirdən çıxacaqları haqqında iman vasitəsilə söz söyləyərək öz sümükləri barəsində əmr verdi.
23 Musa doğulanda anası və atası iman vasitəsilə onu üç ay gizlətdilər. Çünki onlar uşağın gözəl olduğunu görüb padşahın fərmanından qorxmadılar.
24 Musa böyüyəndən sonra firon qızının oğlu adlanmaqdan iman vasitəsilə imtina etdi. 25 Günahdan müvəqqəti zövq almaqdansa Allahın xalqı ilə birlikdə əzab çəkməyi üstün tutdu. 26 Məsih naminə çəkdiyi təhqiri Misir xəzinələrindən daha böyük var-dövlət saydı, çünki gözünü alacağı mükafata dikmişdi. 27 İman vasitəsilə padşahın qəzəbindən qorxmayıb Misirdən çıxdı, çünki o, gözə Görünməyəni sanki görmüş kimi möhkəm dayandı. 28 İman vasitəsilə Musa Pasxa qurbanının kəsilməsini və onun qanının çilənməsini həyata keçirtdi ki, ilk doğulanları öldürən məhvedici mələk İsraillilərə toxunmasın.
29 İman vasitəsilə İsraillilər Qırmızı dənizi qurudan keçən kimi keçdilər. Misirlilər də bunu etməyə cəhd etdilər, amma boğuldular. 30 İman vasitəsilə İsraillilər yeddi gün Yerixonun ətrafında gəzdikdən sonra onun divarları yıxıldı. 31 İman vasitəsilə fahişə Raxav casusları dostcasına qarşıladığı üçün itaətli olmayanlarla birgə həlak olmadı.
32 Daha nə deyə bilərəm? Gideon, Baraq, Şimşon, İftah, Davud, Şamuel və başqa peyğəmbərlər barəsində danışsam, vaxtım çatmaz. 33 İman vasitəsilə onlar padşahlıqları məğlub etdilər, ədaləti icra etdilər, vədlərə nail oldular, aslanların ağızlarını bağladılar, 34 şiddətli alovu söndürdülər, qılıncın ağzından qaçdılar, zəiflikdən qüvvətləndilər, döyüşdə güclü oldular, yadellilərin ordularını qovdular. 35 Qadınlar öz ölülərini dirilmiş geri aldılar. Bəziləri işgəncə çəkəndə qurtulmaqdan imtina etdilər ki, dirilib daha yaxşı həyata nail olsunlar; 36 digərləri də təhqir olunub döyüldülər, habelə zəncirlərə və həbslərə məruz qaldılar; 37 onlar daşqalaq edildilər, mişarlanıb bölündülər, qılıncdan keçirilib öldürüldülər. Bəziləri isə qoyun dərisinə və keçi gönünə bürünərək gəzib-dolaşdılar, yoxsulluğa, əzab-əziyyətə məruz qaldılar. 38 Dünya onlara layiq deyildi. Onlar səhralarda, dağlarda, mağaralarda və yeraltı oyuqlarda dolaşıb gəzdilər.
39 Onların hamısı iman vasitəsilə müsbət şəhadət aldı, amma vəd edilənə nail olmadı. 40 Çünki Allah bizim üçün daha yaxşı şey hazırlamışdır ki, onlar bizsiz kamilliyə çatmasın.
25 Eyni tərzdə məgər fahişə Raxav belə, qasidləri qəbul edib başqa yolla geri göndərərək öz əməlləri ilə saleh sayılmadımı?
1 Davudun Oğlu, İbrahimin də Oğlu olan İsa Məsihin nəsil şəcərəsi:
2 İbrahimdən İshaq törədi. İshaqdan Yaqub törədi. Yaqubdan Yəhuda və onun qardaşları törədi. 3 Yəhudadan Tamarın doğduğu Peres və Zerah törədi. Peresdən Xesron törədi. Xesrondan Ram törədi. 4 Ramdan Amminadav törədi. Amminadavdan Naxşon törədi. Naxşondan Salmon törədi. 5 Salmondan Raxavın doğduğu Boaz törədi. Boazdan Rutun doğduğu Oved törədi. Oveddən Yessey törədi. 6 Yesseydən padşah Davud törədi.
Davuddan Uriyanın arvadının doğduğu Süleyman törədi. 7 Süleymandan Rexavam törədi. Rexavamdan Aviya törədi. Aviyadan Asa törədi. 8 Asadan Yehoşafat törədi. Yehoşafatdan Yehoram törədi. Yehoramdan Uzziya törədi. 9 Uzziyadan Yotam törədi. Yotamdan Axaz törədi. Axazdan Xizqiya törədi. 10 Xizqiyadan Menaşşe törədi. Menaşşedən Amon törədi. Amondan Yoşiya törədi. 11 Babil sürgünü zamanı Yoşiyadan Yekonya və onun qardaşları törədi.
12 Babil sürgünündən sonra Yekonyadan Şealtiel törədi. Şealtieldən Zerubbabil törədi. 13 Zerubbabildən Avihud törədi. Avihuddan Elyaqim törədi. Elyaqimdən Azur törədi. 14 Azurdan Sadoq törədi. Sadoqdan Yaxin törədi. Yaxindən Elihud törədi. 15 Elihuddan Eleazar törədi. Eleazardan Mattan törədi. Mattandan Yaqub törədi. 16 Yaqubdan Məryəmin əri Yusif törədi. Məryəmdən də Məsih adlanan İsa doğuldu.
17 Beləliklə, İbrahimdən Davuda qədər olan bütün nəsillər on dörd nəsildir, Davuddan Babil sürgününə qədər on dörd nəsildir, Babil sürgünündən Məsihə qədər də on dörd nəsildir.
18 İsa Məsihin doğulması belə oldu. Anası Məryəm Yusifə nişanlanmışdı. Amma birlikdə olmalarından əvvəl Məryəmin Müqəddəs Ruhdan hamilə olduğu aşkar oldu. 19 Onun nişanlısı Yusif saleh bir adam idi və Məryəmi camaat arasında rüsvay etmək istəməyərək gizlicə boşamaq niyyətinə düşdü. 20 Amma belə düşündüyü halda Rəbbin bir mələyi röyada ona görünüb dedi: «Davud oğlu Yusif! Məryəmi özünə arvad etməkdən qorxma, çünki onun bətnindəki körpə Müqəddəs Ruhdandır. 21 Məryəm bir Oğul doğacaq və Onun adını İsa qoy, çünki O Öz xalqını günahlarından xilas edəcək».
22 Bütün bunlar Rəbbin peyğəmbər vasitəsilə söylədiyi bu söz yerinə yetsin deyə baş verdi:
23 «Budur, bakirə qız hamilə olub Oğlan doğacaq, adını İmmanuel qoyacaqlar».
«İmmanuel» «Allah bizimlədir» deməkdir.
24 Yusif yuxudan oyananda Rəbbin mələyinin buyurduğu kimi etdi və arvadını qəbul etdi. 25 Amma Məryəm bir Oğul doğana qədər Yusif onunla yaxınlıq etmədi. Doğulan Körpənin adını İsa qoydu.
İbrani̇lərə 11 · Yaqub 2:25 · Matta 1 · AZJ08
Kənana gedən yolda xalqın qarşısını iki qorxunc maneə kəsir. Bunlardan birincisi, torpağın sərhədini təşkil edən İordandır. Sonra isə uzaq sahildə Yerixonun qorxunc qalası yerləşir. Yeşua iki casusunu ora göndərir. Görünür ki, onların missiyası Rahabın evinə bu ziyarətlə məhdudlaşır, burada onlar düşmənin gücünü deyil, Allahın bu qadının ürəyində işlədiyini qiymətləndirirlər. Rahab Allahın Öz xalqı üçün etdiklərini eşitmişdi. O, Ona güvənmişdi. Nəhayət, o, hərəkət edir, çünki «əməlsiz iman ölüdür» və Yaqub onu, bu kasıbKənanlı qadını İbrahimin özü ilə birlikdə bu təlimin nümunəsi kimi istifadə edir (Yaqub 2:25). Dünyanın gözündə, bu qadının xəyanətə bərabər olan hərəkəti tamamilə pislənəcəkdir. Lakin onun hərəkəti Allahı razı salan iman əməli ilə insanların təriflədiyi «yaxşı əməl» arasındakı fərqi aydın şəkildə vurğulayır. İmanlıların hərəkətlərinin dünya tərəfindən həmişə başa düşüldüyünü və qiymətləndirildiyini düşünmək həqiqətdən uzaq olardı.
Rahabın imanı ona Yeni Əhddə iki görkəmli siyahıda şərəfli yer qazandırdı: İsa Məsihin şəcərəsi (Matta 1) və İbranilərə 11-dəki sadiq şahidlərin siyahısı, burada o, Sara ilə birlikdə adı çəkilən yeganə qadındır.