Burada çadırda istifadə olunacaq qoç dəriləri var.
Çadırda olan simvolizmi hətta qısa şəkildə təsvir etməyə belə yerimiz yoxdur. Bu çox faydalı tədqiqatı oxucularımıza tövsiyə edirik. Əvvəla, o, Məsihdən, ikincisi, Onun xalqından və üçüncüsü, Allaha yaxınlaşmağımızdan bəhs edir.
Çadırın örtüklərindən biri qırmızıya boyanmış qoç dərilərindən olmalı idi. Bu, bizə Məsihin Atasına ölümə qədər tam sədaqətindən danışardı, qırmızı isə Onun qanına işarə edərdi. Bu ayələri nəzərdən keçirin:
“Mənim yeməyim Məni göndərənin iradəsini yerinə yetirmək və Onun işini bitirməkdir” (Yəh. 4:34); “O, Yerusəlimə getmək üçün üzünü möhkəm tutdu” (Luka 9:51); “Və insan surətində tapılaraq Özünü alçaltdı, ölümə qədər, hətta çarmıx ölümünə qədər itaətkar oldu” (Filip. 2:8); “İndi canım narahatdır, nə deyim? Ata, Məni bu saatdan xilas et. Lakin bu saat üçün gəlmişəm. Ata, adını şərəfləndir” (Yəh. 12:27–28).
Bu ayələrdə biz Rəbb İsanın sədaqətini görürük. Biz görürük ki, O, yalnız Allah Atasının iradəsini yerinə yetirmək üçün gəlmişdi. Bu iradəni yerinə yetirmək Onun yeməyi idi. Rəbb Yerusəlimə getməkdən heç bir şəkildə yayınmadı, orada Onu nəyin gözlədiyini tamamilə bilirdi. Bəzən biz zəruri bir məsuliyyətdən bacardığımız qədər yayınırıq. Məsih Atasının iradəsini yerinə yetirmək, Onu şərəfləndirmək üçün üzünü möhkəm tutdu, bunun Ona nə qədər baha başa gələcəyini bilirdi.
Qoy biz Onu Atasına olan sədaqətinə görə ibadət edək! Qoy biz də Ondan öyrənək ki, buradakı həyatımız Ataya və Oğula həsr olunsun.




