1 Məsih İsanın qulları mən Paul və Timoteydən Filipidə olan cəmiyyət nəzarətçiləri və xidmətçiləri ilə bərabər Məsih İsada müqəddəs olanların hamısına salam! 2 Atamız Allahdan və Rəbb İsa Məsihdən sizə lütf və sülh olsun!
3 Sizi hər dəfə yada salanda Allahıma şükür edirəm. 4 Həmişə hamınız üçün hər bir diləyimdə sevinə-sevinə dua edirəm. 5 Çünki ilk gündən indiyədək Müjdəni yaymaqda şərik oldunuz. 6 Əminəm ki, sizdə xeyirli işə başlayan Allah Məsih İsanın zühur edəcəyi günədək bunu başa çatdıracaq. 7 Hamınız haqqında belə düşünməkdə haqlıyam, çünki qəlbimdə yeriniz var. İstər həbsdə olsam, istər Müjdəni müdafiə və təsdiq etsəm, hamınız mənimlə bərabər Allahın lütfünə şəriksiniz. 8 Allah şahidimdir ki, Məsih İsanın duyğusu ilə hər birinizin həsrətini çəkirəm. 9 Dua edirəm ki, məhəbbətiniz bilik və hər cür idrak baxımından get-gedə daha çox artsın, 10-11 siz Məsihin zühur edəcəyi gün pak və nöqsansız, Allahın izzəti və mədhi üçün İsa Məsihdən gələn salehlik bəhrələri ilə dolu olmaq üçün ən ali dəyərləri ayırd edə biləsiniz.
12 Qardaşlar, bunu sizə bildirmək istəyirəm ki, başıma gələnlər Müjdə yaymağı daha da irəli apardı. 13 Belə olanda bütün saray mühafizəçiləri daxil olmaqla hamıya məlum oldu ki, Məsihdə olduğuma görə həbs olunmuşam. 14 Həmçinin qardaşlardan əksəriyyəti mənim həbsimdən ötrü Rəbbə güvənərək kəlamı qorxmadan bəyan etmək üçün daha çox cəsarət göstərdi.
15 Doğrusu, bəziləri paxıllıq və rəqabət, bəziləri isə yaxşı niyyətlə Məsihi vəz edirlər. 16 Bəziləri bunu məhəbbətlə edirlər, çünki bilirlər ki, mən Müjdəni müdafiə etmək üçün təyin edilmişəm. 17 Bəziləri isə Məsihi səmimiliklə deyil, məhbus halımda guya mənə əziyyət verməklə özlərini göstərmək üçün bəyan edirlər. 18 Nə olar? İstər riyakarlıqla, istərsə də səmimiliklə, nə cür olursa-olsun, əsasən Məsih bəyan edilir, mən buna sevinirəm. Əlbəttə, sevinəcəyəm, 19 çünki bilirəm ki, bunun nəticəsi dualarınızla və İsa Məsihin Ruhunun köməyi ilə mənim xilasım olacaq. 20 Böyük həvəslə gözləyir və ümidvaram ki, heç bir vəziyyətdə utandırılmayacağam, yaşasam da, ölsəm də, həmişəki kimi indi də bədənimdə Məsihin ucalması üçün tam cəsarət göstərə biləcəyəm. 21 Çünki mənim üçün yaşamaq Məsihdir, ölməksə qazancdır. 22 Lakin cismən yaşasam, faydalı işlər görə biləcəyəm. Buna görə nə seçəcəyimi bilmirəm. 23 Hər iki tərəfdən yolum kəsilib. Arzum buranı tərk edib Məsihlə olmaqdır, çünki bu lap yaxşıdır. 24 Amma sağ qalmağım sizin üçün daha lazımlıdır. 25 Buna əmin olaraq bilirəm: sağ qalacağam və hamınızla birlikdə qalmaqda davam edəcəyəm ki, imanda həm irəliləyəsiniz, həm də sevinəsiniz. 26 Belə ki bir də yanınıza gəldiyim üçün mənə görə Məsih İsada fəxriniz artsın.
27 Lakin həyat tərziniz Məsihin Müjdəsinə layiq olsun. Gəlib sizi görsəm də, gəlməyib haqqınızda eşitsəm də, bilim ki, siz bir ruhda möhkəm dayanıb Müjdəyə əsaslanan imanda canbir olaraq səy göstərirsiniz 28 və heç bir şəkildə əleyhdarlarınızdan qorxmursunuz. Bu onlar üçün həlak, sizin üçünsə xilas əlamətidir. Bu da Allahın işidir. 29 Çünki sizə yalnız Məsihə iman etmək deyil, Onun uğrunda əzab çəkmək üstünlüyü də ehsan olundu. 30 Apardığım mübarizəni əvvəldən gördünüz, indi də bunun haqqında eşidir və siz də həmin mübarizəni aparırsınız.
1 Beləliklə, Məsihdə bir ruhlandırılma, məhəbbətdən yaranan bir təsəlli, Ruha bir şəriklik, bir rəhm və mərhəmət varsa, 2 həmfikir olub bir-birinizə eyni məhəbbəti göstərərək canbir və həmrəy olmağınızla sevincimi bütövləşdirin. 3 Heç bir işi özünü göstərərək və ya lovğalıqla etməyin. Qoy hər biriniz itaətkarlıqda digərini özündən üstün saysın 4 və yalnız öz mənfəətini deyil, başqalarının da mənfəətini güdsün. 5 Məsih İsa necə düşündü, siz də elə düşünün. 6 Allah surətində olduğu halda O Özünü Allaha bərabər tutmağı bir haqq saymadı. 7 Lakin Özünü heç etdi və qul surətinə salıb insanlara oxşar oldu. İnsan şəklini alıb 8 Özünü aşağı tutdu və ölümə qədər – çarmıx üzərində ölümə qədər itaət göstərdi. 9 Buna görə də Allah Onu çox ucaltdı və Ona lütflə bütün adlardan ali bir ad verdi ki, 10 göydə, yerdə və yerin altında olanların hamısı İsanın adına ehtiram edərək diz çöksün 11 və hər dil Ata Allahın izzəti üçün İsa Məsihin Rəbb olduğunu bəyan etsin.
12 Belə isə, ey sevimlilərim, həmişə itaətli olduğunuz kimi yalnız mən yanınızda olanda yox, xüsusən yanınızda olmadığım bu anda belə, qorxu və lərzə ilə xilasınızı əməllərinizdə göstərin. 13 Çünki sizdə fəaliyyət göstərən Allahdır, belə ki Onun xoş məramını həm istəyəsiniz, həm də bunun üçün fəaliyyət göstərəsiniz. 14 Hər şeyi şikayətlənmədən, mübahisə etmədən yerinə yetirin ki, 15 nöqsansız və saf olaraq bu əyri və azmış nəsil arasında Allahın ləkəsiz övladları olasınız. Onların arasında dünyanın nuru kimi parlayın. 16 Həyat sözünü təqdim edin. Qoy Məsihin zühur edəcəyi gündə fəxr edə bilim ki, nə boş yerə cəhd etdim, nə də boş yerə zəhmət çəkdim. 17 Lakin sizin imanınızın qurban və xidməti üzərinə içmə təqdimi kimi töküləcəyəmsə də, sevinirəm və hamınızın sevincinə şərikəm. 18 Siz də məhz bunun üçün sevinin və mənim sevincimə şərik olun.
19 Vəziyyətinizdən xəbərdar olub ürəyim sakitləşsin deyə bu yaxınlarda Timoteyi yanınıza göndərəcəyim üçün Rəbb İsada ümidim var. 20 Çünki Timotey kimi mənimlə canbir olan, həqiqətən qayğınıza qalan başqa kimsəm yoxdur. 21 Ona görə ki hər kəs İsa Məsihin xeyrini deyil, öz xeyrini güdür. 22 Amma Timoteyin öz dəyərini necə sübut etdiyini, atasının yanında qulluq edən oğul kimi Müjdəni yaymaq işində mənimlə birgə qulluq etdiyini bilirsiniz. 23 Beləliklə, işlərimin nə yerdə olduğunu bilən kimi onu yanınıza göndərmək ümidindəyəm. 24 Mən də yaxında yanınıza gəlməyim barədə Rəbbə güvənirəm.
25 Lakin ehtiyacımın təminatına görə mənə yardım etmək üçün göndərdiyiniz nümayəndəni, qardaşım, əməkdaşım və birlikdə mübarizə apardığım Epafroditi yanınıza qaytarmağı lazım bildim. 26 Çünki o hər birinizdən ötrü darıxır və onun xəstə olduğunu eşitdiyinizə görə çox narahat idi. 27 O, həqiqətən, elə xəstələnmişdi ki, az qala ölsün. Lakin Allahın ona, yalnız ona deyil, kədərimin üstünə kədər gəlməsin deyə həm də mənə rəhmi gəldi. 28 Onu yanınıza göndərməyə daha çox buna görə razılıq verdim ki, onu yenidən görüb sevinəsiniz və mənim də kədərim yüngülləşsin. 29 Rəbdə olan bu adamı tam sevinclə qəbul edin və belələrini qiymətləndirin. 30 Çünki o, Məsihin işi uğrunda az qala öləcəkdi. Sizin mənə edə bilmədiyiniz köməyi etmək üçün canını təhlükəyə atdı.
5 Məsih İsa necə düşündü, siz də elə düşünün. 6 Allah surətində olduğu halda O Özünü Allaha bərabər tutmağı bir haqq saymadı. 7 Lakin Özünü heç etdi və qul surətinə salıb insanlara oxşar oldu. İnsan şəklini alıb 8 Özünü aşağı tutdu və ölümə qədər – çarmıx üzərində ölümə qədər itaət göstərdi. 9 Buna görə də Allah Onu çox ucaltdı və Ona lütflə bütün adlardan ali bir ad verdi ki, 10 göydə, yerdə və yerin altında olanların hamısı İsanın adına ehtiram edərək diz çöksün 11 və hər dil Ata Allahın izzəti üçün İsa Məsihin Rəbb olduğunu bəyan etsin.
Filippililərə, yəni «atsevərlər, ya da yarışsevərlər,» pastoral bir məktubdur, ruhlandırıcı və təravətləndirici. Bu məktub, on bir il əvvəl Pavelin əməyi ilə iman gətirdikdən sonra ona sadiq məhəbbətini qoruyub saxlamış, lakin yoxsulluqdan əziyyət çəkən bir yığıncağa yazılmışdı. Məktub əsl xristian təcrübəsini Allahın şöhrətinə aparan bir yarış yolu kimi təqdim edir. Pavel bu təcrübənin nümunəsidir və həbsdə olsa da, həvarinin canlı, lakin dinc sevinci bütün kitaba yayılır. Sirr sadəcə budur ki, Məsih onun üçün hər şeydir:
• 1-ci fəsildə Məsih onun həyat motivasiyasıdır;
• 2-ci fəsildə Məsih onun nümunəsidir;
• 3-cü fəsildə Məsih onun məqsədidir;
• 4-cü fəsildə Məsih onun gücüdür.
2-ci fəsil Rəbb İsanın könüllü alçaldılmasının böyüklüyü haqqında möhtəşəm bir bəyanat ehtiva edir, ən yüksək şöhrət yerindən ən dərin əzab və xaç ölümü yerinə qədər. Bunu daha sonra Allahın Onu İnsan olaraq ən yüksək üstünlük yerinə qaldırmaqla verdiyi mübarək cavab izləyir (vv. 5–11). Belə bir Şəxs həvari Pavelin məhəbbətini və heyranlığını cəlb etdi. Buna görə də, o, hər xoşagəlməz çətinliyə səbirlə dözməklə yanaşı, həm də hər birində daha dolğun xeyir-dua və Rəbb İsaya daha böyük şöhrət üçün bir fürsət görməkdən sevindi. İmanın bu böyük zəfəri, kitabın öz ruhlarımızda oxşar imanı təşviq etməkdə ən şirin dəyərini təşkil edir.