1 Babil padşahı Belşassarın padşahlığının birinci ilində Daniel yatarkən bir yuxu gördü və ona görüntülər gəldi. Sonra yuxunu yazıb məzmununu qeyd etdi. 2 Daniel danışmağa başlayıb dedi: mən gecə gələn görüntüdə gördüm ki, budur, göylərin dörd küləyi böyük bir dənizin üstündə çarpışır. 3 Dənizdən bir-birinə oxşamayan dörd böyük heyvan çıxdı. 4 Birincisi şirə bənzəyirdi, amma onun qartal qanadları var idi. Mən baxarkən onun qanadları qoparıldı və o, yerdən qaldırılıb insan kimi ayaq üstə qalxdı. Ona insan ürəyi verilmişdi. 5 Başqa birisi – ikinci heyvan ayıya bənzəyirdi. O, bir yanı tərəfə əyilmişdi və ağzında – dişləri arasında üç qabırğa sümüyü var idi. Ona belə deyildi: «Qalx çoxlu ət ye». 6 Bundan sonra mən bəbirə bənzəyən başqa bir heyvan gördüm. Heyvanın belində dörd quş qanadı və onun dörd başı var idi. Ona hakimiyyət verilmişdi. 7 Bundan sonra mən gecə gələn görüntülərdə dəhşətli, heybətli və çox güclü olan dördüncü heyvanı gördüm. Onun böyük dəmir dişləri var idi. O hər şeyi əzib yeyir, qalıqları isə ayaqları altında tapdalayırdı. O, heyvanların hamısından fərqlənirdi və on buynuzu var idi. 8 Mən buynuzlara baxırdım ki, onların arasından yenə kiçik bir buynuz çıxdı və əvvəlki buynuzlardan üçü onun qarşısından götürüldü. Bu buynuzun insan gözləri kimi gözləri və təkəbbürlə danışan ağzı var idi.
9 Nəhayət, mən gördüm ki,
Taxtlar quruldu və Əzəldən Var Olan oturdu.
Onun əynində qar kimi bəyaz paltar var idi,
Saçları yun kimi ağappaq idi.
Taxtı alov dilləri tək, çarxları yanar od kimi idi.
10 Önündən odlu çay çıxıb axırdı.
Minlərlə nəfər Ona xidmət edir,
On minlərlə nəfər Onun hüzurunda durmuşdu.
Məhkəmə iclası başlandı və kitablar açıldı.
11 O zaman buynuzun söylədiyi təkəbbürlü sözlər mənim diqqətimi cəlb etdi. Heyvan gözlərimin qabağında öldürüldü və bədəni parçalanıb yanan oda atıldı. 12 Həmçinin başqa heyvanların da hakimiyyəti əllərindən alındı, ancaq ömürləri müəyyən müddətə qədər uzadıldı.
13 Gecə gələn görüntülərdə gördüm ki, budur, bəşər oğluna bənzər Biri göyün buludları ilə gəlir. O, Əzəldən Var Olana yaxınlaşdı və Onun hüzuruna gətirildi. 14 Ona hakimiyyət, izzət və padşahlıq verildi ki, bütün xalqlara, millətlərə və dillərə mənsub adamlar Ona xidmət etsin. Onun hakimiyyəti sona yetməyən əbədi hakimiyyətdir. Onun padşahlığı əsla yox olmayacaq.
15 Mən Danielin isə bədənimdə ruhum titrədi və gələn görüntülər məni vahiməyə saldı. 16 Ayaq üstə duran adamlardan birinə yaxınlaşıb «Bütün bu şeylərin həqiqi mənası nədir?» deyə soruşdum. O adam bu şeylərin mənasını mənə izah edib bildirdi: 17 «Bu dörd böyük heyvan yerdən çıxacaq dörd padşahlıqdır. 18 Sonra padşahlığı Haqq-Taalanın müqəddəsləri alacaq, əbədi və daim padşahlığa sahib olacaq». 19 Onda mən başqalarından fərqlənən dördüncü heyvan barədə dəqiq izahat istədim. O, çox qorxunc idi, dəmir dişləri və tunc dırnaqları ilə əzib-yeyirdi, qalıqları isə ayaqları altında tapdalayırdı. 20 Onun başında on buynuz var idi. Daha biri çıxdı və üçü onun önündə düşdü. Bu həmin o buynuz idi ki, gözləri və təkəbbürlə danışan ağzı var idi və görünüşü o biri buynuzlarından daha heybətli idi. 21 Mən gördüm ki, bu buynuz müqəddəslərlə döyüşüb onlara üstün gəlir; 22 o vaxta qədər ki Əzəldən Var Olan gəldi, Haqq-Taalanın müqəddəslərinin xeyrinə hökm verildi və padşahlığa müqəddəslərin sahib olduğu vaxt yetişdi.
23 O bunu belə izah etdi: «Dördüncü heyvan yer üzündə olacaq dördüncü padşahlıqdır. O başqa padşahlıqlardan fərqli olub bütün yer üzünü udacaq və hər şeyi tapdalayıb əzəcək. 24 On buynuzun mənası budur ki, bu padşahlıqdan on padşah çıxacaq. Onlardan sonra isə əvvəlkilərdən fərqli başqası çıxıb üç padşahı yıxacaq. 25 Haqq-Taalanın əleyhinə sözlər deyəcək və Haqq-Taalanın müqəddəslərinə zülm edəcək. Hətta təqvimi və qanunları dəyişməyə cəhd göstərəcək. Onlar bir vaxt, vaxtlar və yarım vaxt ərzində ona təslim ediləcək. 26 Sonra isə məhkəmə qurulacaq və onun hakimiyyəti əlindən alınacaq, əbədilik məhv olub yox olacaq. 27 Padşahlıq, hakimiyyət və göylərin altındakı bütün padşahlıqların əzəməti Haqq-Taalanın müqəddəs xalqına veriləcək. Onun padşahlığı əbədi padşahlıq olacaq və bütün hökmdarlar Ona qulluq edib itaət edəcək».
28 Burada söz bitir. Mən Danieli isə düşüncələrim bərk vahiməyə saldı və bənizim soldu. Ancaq bu sözləri yadımda saxladım.
1 Allahın iradəsi ilə Məsih İsanın həvarisi olmağa çağırılmış mən Pauldan və qardaşımız Sostendən 2 Allahın Korinfdə olan imanlılar cəmiyyətinə salam! Siz Məsih İsada təqdis olunmusunuz. Rəbbimiz İsa Məsihin adını hər yerdə çağıran hamı ilə birlikdə müqəddəs olmağa çağırılmısınız. O həm onların, həm də bizim Rəbbimizdir. 3 Atamız Allahdan və Rəbb İsa Məsihdən sizə lütf və sülh olsun!
4 Allahın Məsih İsada sizə bəxş etdiyi lütfə görə sizin üçün həmişə Allahıma şükür edirəm. 5 Çünki siz Məsihdə hər cəhətdən – hər cür sözdə və bilikdə zənginləşmisiniz. 6 Buna görə Məsih haqqındakı şəhadətimiz sizdə təsdiqləndi. 7 Bu səbəbdən siz Rəbbimiz İsa Məsihin zühurunu gözləyərək ruhani ənamdan heç bir korluq çəkmirsiniz. 8 Rəbbimiz İsa Məsih Öz günündə nöqsansız olmanız üçün sizi sonadək qüvvətləndirəcək. 9 Sizi Oğlu Rəbbimiz İsa Məsihlə şərik olmağa çağıran Allah sadiqdir.
10 Ey qardaşlar, Rəbbimiz İsa Məsih naminə sizə yalvarıram: hamınız həmfikir olun. Qoy aranızda dəstəbazlıq olmasın, eyni düşüncədə və eyni ağılda birləşin. 11 Qardaşlarım, Xloinin evindəkilərdən aranızda münaqişələr olduğunu öyrəndim. 12 Demək istədiyim budur ki, hər biriniz «mən Paulun ardıcılıyam», «mən Apollonun ardıcılıyam», «mən Kefanın ardıcılıyam» və yaxud «mən Məsihin ardıcılıyam» deyir. 13 Məgər Məsih bölünmüşdü? Məgər sizə görə çarmıxa çəkilən Paul idi? Məgər siz Paulun adı ilə vəftiz edildiniz? 14 Mən Krisp və Qaydan başqa sizlərdən heç kimi vəftiz etmədiyimə görə Allaha şükür edirəm. 15 Belə etdim ki, heç kim mənim adımla vəftiz edildiyini deməsin. 16 Yeri gəlmişkən, mən bir də Stefananın evindəkiləri vəftiz etdim. Bundan başqa kimisə vəftiz etdiyimi xatırlamıram.
17 Axı Məsih məni vəftiz etməyə deyil, Müjdəni yaymağa göndərdi. Məsihin çarmıxı boşa çıxmasın deyə Müjdəni müdrik sözlərlə yaymıram. 18 Çünki çarmıx barəsindəki kəlam məhv yolunda olanlar üçün ağılsızlıq, xilas yolunda olan bizlər üçünsə Allahın qüdrətidir. 19 Necə ki yazılıb:
«Müdriklərin müdrikliyini məhv edəcəyəm,
Aqillərin ağlını yox edəcəyəm».
20 Hanı müdrik? Hanı alim? Hanı bu dövrün mahir mübahisəçisi? Məgər Allah dünyanın müdrikliyinin ağılsızlıq olduğunu nümayiş etdirmədi? 21 Allahın müdrikliyində dünya öz müdrikliyi ilə Allahı tanımadığı üçün Allah iman edənləri ağılsız sayılan vəz vasitəsilə xilas etməyə razı oldu. 22 Çünki Yəhudilər möcüzəli əlamətlər istəyir, Yunanlar müdriklik axtarır. 23 Bizsə çarmıxa çəkilmiş Məsihi vəz edirik. Bu, Yəhudilər üçün büdrəmə daşı, başqa millətlər üçün isə ağılsızlıq sayılır. 24 Amma çağırılan həm Yəhudilər, həm də Yunanlar üçün Məsih Allahın qüdrəti və Allahın müdrikliyidir. 25 Çünki Allahın «ağılsızlığı» insan müdrikliyindən daha üstündür, Allahın «zəifliyi» insan gücündən daha güclüdür.
26 Qardaşlar, aldığınız çağırış barəsində düşünün. Bir çoxunuz bəşəri nöqteyi-nəzərdən müdrik, nüfuzlu və yaxud əsilzadə deyildiniz. 27 Allah isə müdrikləri utandırmaq üçün dünyanın ağılsız saydıqları, güclüləri utandırmaq üçün dünyanın zəif saydıqları, 28 dünyanın dəyərli sayılanlarını heç etmək üçün dünyanın xor baxdıqları, əsilsiz və dəyərsiz sayılan kəsləri də seçdi ki, 29 Allahın qarşısında heç bir insan öyünməsin. 30 Amma siz Allahın sayəsində Məsih İsadasınız. O bizim üçün ilahi müdriklik, salehlik, müqəddəslik və satınalınma oldu. 31 Buna görə yazıldığı kimi «öyünən Rəbdə öyünsün».
13 Çıraqdanların arasında uzun cübbə geymiş, sinəsinə qızıl qurşaq bağlamış bəşər oğluna bənzər Biri var idi.
Dani̇el 7 · 1 Kori̇nfli̇lərə · Vəhy 1:13 · AZJ08
Bu meditasiya seriyasını şamdanların ortasında olan İnsan Oğlunu nəzərdən keçirərək bitiririk. Bunlar bu qaranlıq dünyada Onun üçün işıq vermək üçündür.
Vəhy, Allahın əleyhinə olan hər şeyin mühakimə olunduğu bir hökm kitabıdır, son nəticə isə Onun yeganə doğulmuş Oğlunun bu səhnəyə daxil edilməsidir.
Bununla uyğun olaraq, Kilsənin yer üzündəki indiki dövründən bəhs edən Vəhy 2 və 3-də yeddi yerli yığıncaq nəzərdən keçirilir və araşdırılır, Rəbb hər birinə öz hökmünü verir. Burada biz 1 Korinflilərdə olduğu kimi yerli yığıncağın praktik inzibati qaydasını deyil, əksinə, Onun əxlaqi vəziyyətində Rəbbimizin nəyi bəyəndiyini və ya bəyənmədiyini öyrənirik.
Buna giriş olaraq, Yəhya əvvəlcə arxasından danışan böyük bir səs eşidir. Danışan şəxsə tərəf dönəndə, bu yeddi şamdanın ortasında İnsan Oğluna bənzər birini görür. Yəhyanın qeyd etdiyi bu İnsan Oğlunun bəzi xüsusiyyətləri bizə Daniel 7-dəki Qədim Günlərin təsvirini xatırladır. Həqiqətən də, Allahın Oğlu İnsan olmağa əyilmiş olsa da, O hələ də əbədi Allahdır. O, bu gün yerli mühitimizdə şamın Onun üçün necə yandığına görə cavab verəcəyimiz Şəxsdir.
Yəhya Onu görəndə, ölü kimi ayaqlarına düşür. Onun izzəti nə qədər böyükdür! Hər həftə Onun hüzurunda toplaşarkən bunu heçvaxt unutmayaq! Lakin, biz hələ də "eyni İsa" olduğunu görürük, O, Yəhyanın üzərinə sağ əlini uzadır və deyir: "Qorxma." Biz Ondan və Onun izzətindən heyran olmalıyıq, lakin Onun hüzurunda bizim üçün artıq qorxu yoxdur. Sonra O, özünü ölü olmuş, lakin indi əbədi dövrlər üçün yaşayan Canlı Varlıq kimi təsvir edir. O, bu gün bizim üçün yaşayır!