Bu bəhrəsiz əncir ağacı ilə təsvir olunan İsrail tarixi bütövlükdə bəşəriyyətin tarixinə bənzəyir. Allah Öz yaratdıqlarından yaxşı bir şey əldə etmək üçün hər şeyi sınadı. Lakin təəssüf ki, cismani insan dini iddialarına (gözəl yarpaqlarına) baxmayaraq, Allah üçün ən kiçik bir meyvə belə verə bilmir. O, yaxşı torpağı israf edir və buna görə də mühakimə olunmalıdır. Məsihin Öz xalqı arasında səbirli işi ilahi «Bağbanın» bu meyvəni əldə etmək üçün son cəhdi idi.
Rəbb İsa Öz lütfkar xidmətini davam etdirərkən, yoxsul, xəstə qadını sağaldır. O, bu sınağın onu nə qədər müddət bağladığını bilirdi (16-cı ayə).
Şənbə günü baş verən daha bir möcüzə Onun riyakar düşmənləri üçün bəhanə rolunu oynayır. Lakin Onun cavabı onların hamısını utandırır və onlara bacılarına, İbrahimin qızına qarşı sevgi dolu vəzifələrini xatırladır.
Sonrakı iki qısa məsəl xristianlığın burada keçirəcəyi böyük görünən inkişafı təsvir edir, eyni zamanda yalan təlimlərin mayası ilə içəridən sirayət edir və acgöz insanlar (acgözlükləri ilə xarakterizə olunan hava quşları) tərəfindən işğal olunur. Xristianlığın böyük ağacı nəhayət İsrailin əncir ağacı ilə eyni sona çatacaq (9-cu ayə).