Atanın müsibətlər məktəbi təbii ürək üçün çox xoşagəlməzdir, lakin bizim üçün əbədi nemətləri təmin edən eyni sevgi içimizdə də bir işi davam etdirməlidir. Bu iş müsibətlər məktəbində aparılır ki, bu səhrada səyahətimiz zamanı bu nemətləri dərk edə bilək və onların zövqünə mane olacaq hər şeyi kənara qoyaq. Bir çoxları düşünə bilər ki, keçmişlə bağlı Allahla sülh, indiki dövrə aid dəyişməz ilahi lütf və gələcək üçün təminatlı ümid şübhəsiz ki, kifayətdir. Ata, Öz dərk edilməz hikməti, lütfü və sevgisi ilə sizin üçün başqa bir şeyə malikdir — orada deyil, burada, səhrada. Allahın izzəti ümidində sevinmək gözəldir, lakin müsibətlərdə sevinmək çox fərqli bir şeydir. İsraillilər Yehova onları Qırmızı dənizdən keçirəndə Ona yüksək bir tərif nəğməsi oxudular, lakin o nəğmənin son notu səslənməmiş Maraya gəldilər və sonra gileyləndilər.
Bəs biz, Onun səmavi xalqı necə? Biz də «Maraya» gələndə İsrail kimi gileylənmişikmi? İman gücü ilə şəraitin təzyiqindən yuxarı qalxmaq gözəl bir şeydir. Onların altında səbirlə əyilmək və Atanın müsibətlər məktəbində yalnız özümüzə məxsus ola biləcək xristian dözümlülüyünü öyrənmək isə tamamilə başqa bir şeydir. Bədən əzab çəkməyi xoşlamır və şeytan tez-tez pıçıldayır: «Allah sənə qarşıdır və səninlə Hakim kimi davranır.» Lakin Allahın övladı deyə bilər: «Atam mənim üçündür və məhz bu səbəbdən bu sınaqları göndərib. O, mənimlə Hakim kimi deyil, Ata kimi davranır.» «Oğlum, RƏBBİN tərbiyəsini kiçik görmə, Onun tənbehindən ruhdan düşmə; çünki RƏBB sevdiyini tərbiyə edir» (İbranilərə 12:5–6).
