Bu məzmur əvvəlki məzmurla əlaqəlidir, bu, ayələrin eyni əlifba düzülüşündən görünür (bax: JND tərcüməsi). Məzmurda RƏBBİN salehliyi əbədi davam edir (v. 3). Məzmur 112:1-10-da RƏBBdən qorxan adamın salehliyi əbədi davam edir (v. 3, 9). Bizim 1-ci ayəmiz Məzmur 111:1-10-un 10-cu ayəsindən davam edir və onu bir qədər də irəli aparır. Hikmət qazanmağın yolu olan Allahdan qorxmaq, həm də bərəkət yoludur. Bu, sadəcə RƏBBİN əmrlərini yerinə yetirmək deyil, onları yerinə yetirməkdən həzz almaq məsələsidir. Rəbb İsa bunu bilirdi və deyə bilərdi: «Ey Allahım, Sənin iradəni yerinə yetirməkdən zövq alıram» (Məzmur 40:8; həmçinin bax: Yəhya 4:34).
Bəzi insanlar həmişə pis xəbərlər eşitməkdən qorxurlar. Lakin Allahdan qorxmaq bu insan qorxusunu (v. 8) və ya pis xəbərlər qorxusunu (v. 7) aradan qaldırır. Allaha güvənən adamın ürəyi baş verənlərdən narahat olmur (Süleymanın məsəlləri 1:33); o, möhkəmdir, çünki Rəbb onu dəstəkləyir (v. 8; müq. Yəhya 14:1; Yəhya 14:27). Buna baxmayaraq, möhkəm ürək eyni zamanda həssas və mərhəmətlə dolu ola bilər. Yaxşı adam səxavətlidir (v. 5), paylayır və yoxsullara verir (v. 9). «O, lütfkar və mərhəmətlə doludur», eynilə Allahın Özü kimi (v. 4; müq. Məzmur 111:4; Yaqub 5:11).
