Davudun Allah haqqında düşüncələri təsvirlərində canlıdır. Davud üçün Allahından daha möhkəm və etibarlı heç nə yox idi. Allah bir çox qayalardan biri deyil, ya da onun müdafiə siyahısında ilk beşlikdə deyil. Davud deyə bilərdi: «Yalnız O mənim qayamdır» və «O mənim müdafiəmdir.» Çox vaxt Allaha güvənirik, lakin yalnız bəzi şeylər üçün; müəyyən vəziyyətlərdə Allaha üz tuturuq, lakin hamısında deyil. Əgər etibarımızın bir qramı belə Allahdan başqa bir şeyə və ya kiməsədirsə, «Mən sarsılmayacağam» demək dəqiq və sadiq şəkildə mümkün deyil. Həqiqətən etibarlı olan yeganə Varlıq Allahdır.
Davud sualları olanda Allaha güvənən yeganə adam deyildi. Vəftizçi Yəhyaya Rəbbin yolunu hazırlamaq üçün xüsusi bir şərəf verilmişdi və o, bunu şövq və sədaqətlə etdi, lakin həbs olunduqda, o da şübhələrini yatırmaq üçün şagirdlərini Rəbb İsaya göndərərək ona bəzi suallar verməli oldu (Matta 11:3). Yəhyanın suallarını cavablandırdıqdan sonra İsa camaata Yəhya haqqında deməyə başladı: «Çölə nə görməyə çıxdınız? Küləkdə yellənən bir qamışmı?» (Matta 11:7).
Allahın bu qulu sarsılmaz və möhkəm duran biri kimi tanınırdı, lakin şükürlər olsun ki, onun inamı özündə deyil, xidmət etdiyi Allahda idi; buna görə də suallar yarananda o da içəriyə baxmadı, cavablar üçün Allahın Oğluna üz tutdu.
Əlbəttə, zaman keçdikcə Allah daha etibarlı olmur – O eyni qalır – lakin biz Onu, Onun lütfkar yollarını daha çox öyrəndikcə Ona olan inamımız artır.
«Mən Rəbbi həmişə qarşımda qoymuşam; çünki O sağ əlimdədir, mən sarsılmayacağam» (Zəbur 16:8).