B. 1 Matta 2:15-də körpə İsanın Misirə qaçması münasibətilə sitat gətirilir. İsrail tamamilə uğursuzluğa düçar olduqdan sonra, Allah onların yerinə Öz Oğlunu gətirir (müq. Yeşaya 49:3). O, millətin tarixini yenidən başlayacaq, bu dəfə tamamilə Allahın şərəfinə.
Beləliklə, lütf və xilas düşüncələrini yerinə yetirəcək Zatı sirli şəkildə qeyd etdikdən sonra, Allah ürəyinin sərbəst danışmasına icazə verə bilər. İcra etməyə məcbur olduğu cəza, millət üçün olduğundan daha çox Özü üçün ağrılı olmuşdur. Onun ata şəfqəti azğın uşağa qarşı oyanmışdır. O, Efraimə necə yeriməyi öyrətdiyini, «onları qollarından tutaraq,» onlara ləzzətli yeməklər verdiyini xatırlayır (Hoşeya 2:8). O, onları əsarətdən qurtarmış və Özünə bağlamışdı, lakin sevgi ipləri ilə. Efraimin eyni zamanda mənəvi dağıntısından (Hoşeya 7:9) və ilahi sevginin göstərdiyi qayğıdan xəbərsiz olduğunu görmək nə qədər kədərlidir. «Onlar mənim onları sağaltdığımı bilmirdilər» (b. 3).
Sən, dost, bəlkə də uzun müddətdir RƏBBdən uzaqlaşmısan, bilməlisən ki, bütün bu müddət ərzində O, səni bərpa etmək üçün çalışır. Onun mərhəməti sənin bədbəxtliyinə cavabdır. Bu sənin ürəyinə toxunmurmu? Qoy O, səni Öz sevgisinin ipləri ilə çəksin və geri qaytarsın.
