«Bunu sənə deməliyəm!»
Bəlkə də səninlə bir daha görüşməyəcəyəm, buna görə də sənə indi deməli olduğum bir şey var. Bu o qədər vacibdir ki, mənim bütün gələcəyimi dəyişdiyi kimi, sənin də bütün gələcəyini dəyişə bilər.
Bu, bəlkə də xoşuna gəlməyəcək bir mesajdır, lakin onunla bağlı verəcəyin qərar həm həyatda, həm də ölümdə sənə təsir edəcək.
Vurğulayım ki, bu mesaj tamamilə doğrudur, çünki Allah bunu dedi və O, yalan danışa bilməz. Allah bir vəd verdikdə, ona etibar edə bilərsiniz, çünki Onun vədləri heç vaxt boşa çıxa bilməz. Allah səni bu mesaja inandırmayacaq – bu sənin seçimindir – lakin O, səni onu eşitdiyinə görə məsuliyyətə cəlb edəcək .
Bu, sənə şəxsi bir mesajdır; ondan qaça bilməzsən. Ya onu qəbul etməli, ya da rədd etməlisən. Ya «edəcəyəm» deməli, ya da «etməyəcəyəm» deməlisən. Bitərəf qala bilməzsən.
Budur mesaj – Allahın Kəlamından, Müqəddəs Kitabdan: «Çünki Allah dünyanı o qədər sevdi ki, Öz yeganə Oğlunu verdi ki, Ona iman edən hər kəs məhv olmasın, əbədi həyata sahib olsun» (Yəhya 3:16).
İndi, heç belə möhtəşəm sözlər eşitmişdinmi? Bir anlıq onların nə dediyini düşün! Onlar üç heyrətamiz faktı aşkar edir:
• Birincisi, «Allah dünyanı o qədər sevdi.» Sən dünyada olduğun üçün, bu o deməkdir ki, O səni sevir. Əgər bu səni təəccübləndirmirsə, unutma ki, Allah səni sevdikdə, günahkarı sevir, çünki Müqəddəs Kitab sənin günahkar olduğunu deyir (Romalılar 3:23). Əgər özünlə dürüst olsan, razılaşmalısan. İndi, Allah səni sevsə də, sənin günahına nifrət edir. Günah səni cənnətdən kənarda saxlayacaq, çünki Allah müqəddəsdir və O, günahı cəzalandırmalıdır. Buna görə də sevən bir Allah günahkarları xilas etmək üçün müqəddəs bir yol tapmalıdır; əks halda günahkar öz günahlarının əvəzini ödəməlidir. Bu isə cəhənnəmdə əbədiyyət keçirmək deməkdir!
• İkincisi, «O, Öz yeganə Oğlunu verdi.» Allah səni o qədər sevir ki, Öz yeganə Oğlunu sənin üçün verdi! Rəbb İsa Məsih Kalvari xaçında əzab çəkdi ki, sən xilas olasan. O, sənin günahların bağışlansın deyə qanını tökdü. O, sənin üçün öldü ki, sən cənnətdə əbədi yaşayasan . Görürsən, sənin günahının cəzasını kimsə ödəməlidir – ya sən, ya da günahsız bir əvəzedici. Allah Öz Oğlunu verdi ki, O, sənin günahsız əvəzedicin olsun.
• Üçüncüsü, «Ona iman edən hər kəs məhv olmasın, əbədi həyata sahib olsun.» Düşün – Allah Məsihə iman edənlərə əbədi həyat verir! Xilaskar işi bitirdi. O öldü, qəbirdən dirildi və cənnətə qayıtdı. Sənin vəzifən sadəcə Ona inanmaqdır. Bu o deməkdir ki, sən günahkar olduğunu etiraf etməli, Məsihin sənin günahların üçün xaçda öldüyünü anlamalı və sonra Onu Rəbbin və Xilaskarın kimi qəbul etməlisən.
Bu mesajdır; indi qərar verməlisən. Onu qəbul edəcəksən, yoxsa rədd edəcəksən? Yer üzündəki zamanın qısadır, lakin Məsih üçün və ya Ona qarşı qərarın əbədi davam edəcək.
Əgər Allahın sevgi təklifini rədd etsən, Müqəddəs Kitab deyir ki, öldüyün zaman gedəcəyin yalnız bir yer var, o da cəhənnəmdir. «Günahın əvəzi ölümdür, lakin Allahın hədiyyəsi Rəbbimiz İsa Məsihdə əbədi həyatdır» (Romalılar 6:23).
Bəlkə də yer üzündə səninlə bir daha görüşməyəcəyəm, lakin ümid edirəm ki, cənnətdə görüşəcəyəm. Əgər günahkarın Xilaskarını qəbul etsən, sən də xilas olacaqsan! .
William MacDonald tərəfindən (redaktə edilmişdir).
.
