Allah, günahkarlara qarşı hökmlərində qorxunc olsa da, Özünə aid olanlara, «salehlər» adlandırdığı kəslərə qarşı zərifliklə dolu olduğunu göstərir (ayə 3). O, «yetimlərin atası» və «dul qadınların hakimi» kimi gözəl adları Özünə götürür (ayə 5; Zəbur 146:9; Yeremya 49:11). Bu yolla O, təbii dəstəyini itirmiş kəslərə xüsusi şəkildə qayğı göstərdiyini nümayiş etdirir. Tənhalar xüsusi qayğının obyektləridir. «Allah tənhaları ailələrə yerləşdirir» (ayə 6). Nə qədər insan bu gözəl təcrübədən zövq almışdır! Onların iman gətirdiyi vaxt qapılar onlara bağlı idi və bəzi ailə üzvləri artıq onları tanımaq istəmirdilər. Rəbb İsaya olan sevgiyə görə, onlar «evlərini, ya qardaşlarını, ya bacılarını . . .» tərk etməli oldular, lakin «yetimlərin Atası» onları Öz ailəsinə qəbul etdi, burada onlar başqa qardaşlar və başqa bacılar tapdılar (Mark 10:29-30 oxuyun).
Ayə 14-ə qədər zəbur Allahın səhrada səyahətindən sonra Öz xalqına göstərdiyi qayğını xatırladır (müq. ayə 1, 7 Saylar 10:33-36 ilə). O, İsrailə, Öz «camaatına» (ya da sürüsünə, ayə 10) nəzarət etməkdən əl çəkməmişdir. Lakin bizim günlərimizdə Rəbbin «başqa qoyunları . . . bu ağıldan olmayan» (yəni yəhudi ağılı Yəhya 10:16) var. Siz onlardan birisinizmi? Bu yaxşı Çobanın sevgisindən danışa bilərsinizmi?