Yalançı peyğəmbərlər artıq 2-ci fəsildə qeyd edilmişdir. Onları necə müəyyənləşdirmək olardı? Onlar Mika və İşaya kimi Allahın həqiqi qulluqçularını susdurmağa çalışırdılar. Onlar xalqın rəğbətini qazanmaq üçün çıxışlarını insanların istəklərinə uyğunlaşdırırdılar (bax. Romalılara 16:18). Onlar dinləyicilərinin ehtiraslarını yaltaqlayır (Mika 2:11) və ruhlarını yalançı bir inamla yatırırdılar. Ən pisi isə, populyarlıq axtarışlarından əlavə, xidmətləri üçün ödəniş qəbul edirdilər (11-ci ayə). Onlar doymayan tamah göstərirdilər və yalanlarını çox yüksək qiymətə satırdılar (5-ci ayə; İşaya 56:11; Yeremya 6:13). Lakin onların işi o qədər asan idi ki, dünya, ümumiyyətlə, öz pis əməllərini ört-basdır etmək üçün «öz istəklərinə görə özlərinə müəllimlər yığırlar» (2 Timoteyə 4:3). Dünənki qeydlərdə kədərlə xatırlanan Kral Axabı düşünün: 400 peyğəmbər onu aldatdı, ona eşitmək istədiyini söylədi. O, onları dinlədi . . . halbuki ona həqiqəti söyləyən yeganə peyğəmbər Mikayanı həbsə atdı (1 Krallar 22:1-53; 2 Salnamələr 18:1-34).
Allahın qulu «RƏBBin ruhu ilə qüvvətlə doludur» (bu, hamımızı xarakterizə etməli olan bir vəziyyətdir: 8-ci ayə; Efeslilərə 5:18). O, xalq arasında məsuliyyətli elementi – hökmdarları və şahzadələri xəbərdar edir. Yeremya 26:17-19, bizim 12-ci ayəmizi sitat gətirərək, bu peyğəmbərliyin nə qədər xeyirli nəticə verdiyini öyrədir.
