«Mənə verdiyin izzət»dən (Yəhya 17:22) sonra «Atamın mənə verdiyi qədəh» (11-ci ayə) gəlir. Tam asılılıqla, Rəbb İsa hər ikisini Atasının əlindən alır. Lakin bu müjdənin xarakterinə uyğun olaraq, burada Luka 22:44-dəki əzab yoxdur. İtaətkar Oğulun zehnində iş artıq bitmişdir (Yəhya 17:4).
Bədbəxt Yəhuda Rəbbi tutacaq silahlı dəstəni hara gətirəcəyini bilir, çünki bu, özünün də iştirak etdiyi bir çox səmimi və qiymətli görüşlərin yeri idi.
Onların xor görərək «Nəsrani İsa» adlandırdığı Kəs Allahın Oğlundan başqası deyil. Nə baş verəcəyini tam bilərək, O, irəli çıxır və bu təhdidkar dəstə ilə qarşılaşır. O, onlara öz suveren gücünün bir əlamətini verir ki, bu da onları Müqəddəs Yazılardan Onu tanımağa məcbur etməli idi (Zəbur 27:2). Bir sözlə, O, düşmənlərini yerə yıxır. Lakin Onun üçün bu qədər dəhşətli bir anda nə düşünür? Həmişəki kimi, O, sevimli şagirdlərini düşünür: «Qoy bunlar getsinlər,» O, Onu tutmağa gələnlərə əmr edir. Son ana qədər yaxşı Çoban öz qoyunlarına nəzarət edəcəkdi. İndi Onların uğrunda canını qurban verməyin vaxtı gəlib çatmışdır (Yəhya 10:11).