Allah Öz lütfü ilə Özünə aid olanları köləlikdə qoymaq istəmədi. Onlara bir xilaskar verdi: Musa, Məsihin bir növü, onun tarixi bizə Müqəddəs Yazılarda bir neçə dəfə nəql olunur (Həvarilərin İşləri 7:20-41; İbranilərə 11:23-29). Musanın anasının hazırladığı sandıqda, xristian valideynlərin uşaqlarını xarici dünyanın zərərli təsirlərindən qorumaq üçün göstərdikləri böyük qayğının bir təsvirini görürük. Lakin bu qayğı öz-özlüyündə kifayət deyil. İman da olmalıdır: sandıq suya qoyulmalıdır! Və Allah bu imana ilahi bir xilasla cavab verir. Pərdə arxasında O, hər şeyi idarə edir, hətta kiçik uşağın göz yaşlarından da istifadə edir. Nəticədə Fironun fərmanı yalnız öz evində İsrail üçün bir xilaskar hazırlamaq nəticəsini vermiş olacaq.
Böyüyən Musa, valideynləri kimi müstəsna iman göstərir. İbranilərə 11:23-26 ona açılan parlaq gələcəyi necə rədd etdiyini vurğulayır; o seçir... o qiymətləndirir... və sirr nədir? O, mükafatın əvəzini nəzərə alır. Tez-tez qarşımıza çıxan bu seçimi edən hər birimiz üçün nə böyük bir nümunədir: dünya, onun izzəti və zövqləri, yoxsa «Məsihin tənəsi»! Musa xalqını xilas etmək üçün gəlmişdi. Lakin onun uğursuzluğu bizim üçün də mühüm bir dərsdir. Nə qədər böyük sevgimiz olsa da, öz təbii impulsiv enerjimizlə Məsihi izləyə bilmərik (12-ci ayə; müq. Yəhya 18:10).