Bu, fərisi Nikodemin Yəhya İncilində üçüncü və sonuncu dəfə görünməsidir. Birinci dəfə o, axşam Rəbbi ziyarət etmiş və mənəvi ehtiyacına oyanmışdı (3:2). Onu növbəti dəfə eşitdiyimizdə, o, fərisi həmyaşıdları qarşısında Məsihi etiraf etmişdi (7:50).
Bugünkü mətndə biz Nikodemi Məsihin xaçında tapırıq. Düşünmək təsirlidir ki, şagirdlərin çoxu Məsih həbs olunanda qaçmışdı – hətta biri Onu inkar etmişdi – biz Nikodemi orada, Məsihin yanında tapırıq. O, yəqin ki, Rəbbin səhrada ilan haqqında sözlərini və İnsan Oğlunun ucaldılacağını xatırlamışdı. Səhrada olan əcdadları kimi, Nikodem də baxmış və «yaşamışdı» (Saylar 21:9).
Nikodem və onun həmkarı şura üzvü Arimateyalı Yusif, həmkarlarının etdiyi kimi Məsihin ölümü üçün səsə razılıq verməmişdilər (Luka 23:51). Həm Yusif, həm də Nikodem Məsihin şagirdləri idilər, lakin az-çox «gizli, yəhudilərdən qorxduqları üçün» (Yəhya 19:38). Məsihin günah daşıyıcısı kimi ən dərin əzabları günorta, «altıncı saatda» başladı (Matta 27:45); lakin hətta qaranlıq diyarı bürüyəndə də, Nikodem tam gün işığında idi. Yusif cəsarətlə Pilatdan Rəbbin cəsədini istəmişdi və hər ikisi Onun cəsədini yəhudi adətinə uyğun olaraq sevgi ilə hazırladılar. Deyilmişdir ki, biz Nikodemin işığa doğru səyahətində üç mərhələ görə bilərik: Nikodemin gecəsi (Yəhya 3); Nikodemin şəfəqi (Yəhya 7); və Nikodemin günortası (Yəhya 19). Biz Nikodem haqqında bir daha eşitmərik. Sanhedrin üzvü olaraq, o, artıq yaşlı idi və tezliklə bu dünyadan köçəcəkdi. İsa yanına «gecə» gələn, indi isə cənnət işığında olan üçün nə gözəl bir son.