Həvari dua edən bir insan idi və onun bəzi duaları Allahın ilhamlı Kəlamında bizim üçün qeydə alınmışdır. Onun bir sıra məktublarında tapılan bu dualar böyük dərinliyə malikdir, lakin sadə və aydındır. Gözəl təlimlərlə əlaqəli olan Həvarinin duaları bizə təqdim olunduğumuz nemətlərin və münasibətlərin zənginliyini göstərir.
Həvarinin iman edənlər üçün arzusu Allahın da arzusudur: biz Onun iradəsinin tam biliyi ilə dolmalıyıq, başqa heç nəyə yer qalmamalıdır. Biz robot kimi deyil, Onun sevimli oğulları kimi, bütün hikmət və ruhani anlayışla Allahın iradəsi ilə doluyuqmu, idarə olunuruqmu? Allahın həqiqəti həmişə çox praktikdir. Allahın iradəsini bilmək Ona yaraşan bir həyat tərzi üçün lazımdır ki, həyatımız həmişə Onu şərəfləndirsin. Buna görə də Həvari Koloslulara 1-də dua edir ki, biz:
- Onun biliyi ilə dolub doğru əxlaqi vəziyyətdə olaq;
- Onun böyüklüyünü tanıyaraq və şərəfləndirərək, Ona yaraşan şəkildə yaşayaq;
- Sözdə və əməldə Onu razı salaq, Onun maraqlarını təbliğ edək;
- Hər yaxşı işdə bəhrə verək – Allah bəhrə axtarır;
- İrəliləyək, Onunla münasibətimizdə böyüyək;
- Sevinclə dözmək və əziyyət çəkmək üçün Allahın gücü ilə möhkəmlənək;
- İbadət edənləri axtaran Ataya şükür edək.