Allah Malta adasındakı bütpərəstlərin qəlbinə (əvvəllər yüzbaşı Yuliusun qəlbinə olduğu kimi; 2-ci ayə; Həvarilərin İşləri 27:3) xeyirxahlıq hissləri qoydu. Onlar gəmi qəzasına uğrayanları qarşılayır və təsəlli verirlər. Bu insanların arasında Rəbb Öz qulunu bir möcüzə vasitəsilə tanıtmaqdan məmnun qalır. Odun yığmağı öz ləyaqətinə sığışdırmayan həvari, bir gürzə tərəfindən sancılır və heç bir zərər görmür. Bu, şagirdləri «izləyəcək» əlamətlərdən biri idi. Başqa bir əlamət isə xəstələri sağaltmaq üçün onlara əl qoymaq idi (Mark 16:17-18). Maltanın «vəhşi xalqının» xeyirxahlığı tezliklə mükafatını tapdı. Adadakı bütün xəstələr, Publiusun atasından başlayaraq, Allahın qüdrəti ilə sağaldıldı. Biz düşünməyi xoşlayırıq ki, bu insanların çoxu ruhən də şəfa tapdı. Beləliklə, Düşmənin müqaviməti yalnız Müjdə toxumunu yeni bir torpaqda səpməyə xidmət etdi.
Pavlusun səyahəti sona çatır. Romadakı qardaşlarına heç bir şey gətirməzdən əvvəl, onların qardaşlıq birliyindən cəsarət alan məhz özüdür. Ən gənc imanlı da Allahın bir qulu üçün sevinc və təşviq səbəbi ola bilər.