Yeşua kitabının 24-cü fəslində biz Yeşuanın öz xalqı İsrailə və xüsusilə onların rəhbərlərinə son təntənəli ictimai müraciətini eşidirik. O, qısa şəkildə onların tarixinə ilahi ilhamla nəzər salaraq başlayır. Biz burada Yaradılışda qeyd olunmayan faktları tapırıq: məsələn, İbrahimin atası Terahın və digər əcdadlarının bütpərəst olması. İbrahimin çağırışı və onun nəslinin Misirdə necə yaşadığı, İsrailin əsarətdən qurtuluşu ümumiləşdirilir. «Siz uzun müddət səhrada yaşadınız» səhrada keçən 40 ili ümumiləşdirir. Biz burada görürük ki, Kənanın fəthi İsraillilərin qılıncları və yayları nəticəsində baş verməmişdir. Allah İsrail üçün döyüşmüşdü!
Bu təntənəli nəzərdən sonra bir çağırış və nəsihət gəlir: «Rəbbdən qorxun, Ona səmimiyyətlə və həqiqətlə xidmət edin.» Lakin bunu etmək üçün onlar bəzilərinin hələ də yapışdığı yalançı tanrıları kənara qoymalı idilər. Allah başqa tanrılar arasında bir tanrı olmaqla kifayətlənmir – O, Öz şöhrətini heç nə ilə və heç kimlə bölüşməyəcək! Bu, Yeşuanın dövründə olduğu kimi bu gün də doğrudur.
İsrail nə seçsə də, Yeşuanın mövqeyi aydın idi: o və onun evi Rəbbə xidmət edəcəkdi. Yeşua tezliklə dünyasını dəyişəcəkdi, lakin o, ailəsini Rəbbi tanımağa və Ona xidmət etməyə öyrətmişdi. Qoy bu, hər birimiz və ailələrimizin hər bir üzvü üçün də belə olsun!