İsrail övladları Pasxa və Qırmızı dənizin keçilməsi zamanı baş verən möcüzəvi və qüdrətli hadisələr nəticəsində Misir əsarətindən azad edilmişdilər. Allah onların adından işləmişdi və onlar Rəbbin xilasını görmüşdülər. Allah onlara «süd və bal» diyarına, vəd edilmiş diyara gətirəcəyini vəd etmişdi. Lakin itaətsizlikləri səbəbindən ora çatana qədər qırx il səhrada keçirəcəkdilər. On bir günlük səyahət bir nəsil çəkdi (Qanunun Təkrarı 1:2–3). Buna baxmayaraq, Allah Öz Mələyini onların önünə göndərdi ki, onları vəd edilmiş diyara gətirsin – O, başqa yerdə «Onun Hüzur Mələyi» adlandırılır (Yeşaya 63:9).
Bu Mələk 23-cü ayədə «Mənim Mələyim» kimi də qeyd olunur. Allah Musadan, yaxud hər hansı adi bir mələkdən deyil, Yehovanın Mələyindən, Xristofaniyadan, Allah Oğlunun Əhdi-Ətiqdəki görünüşündən bəhs edirdi (bax: Çıxış 3:2; Yeşua 5:13–15). Bu Mələk onları qoruyacaq və «hazırladığım yerə» gətirəcəkdi.
Bu şeylər bizim xristianlar olaraq sahib olduğumuz mahiyyətin yalnız kölgələridir. Rəbb İsa Məsih bizdən əvvəl getmiş, pərdənin arxasına daxil olmuş Öncüldür. O dedi: «Mən gedirəm və sizin üçün yer hazırlayıram» (Yəhya 14:3). O, qayıdıb bizi şəxsən ora aparacağını vəd etdi; yer üzündə vəd edilmiş bir mülkə deyil, cənnətin «bir çox məskəninə». O, bizi yolda qoruyacaq və sonra hazırladığı yerə gətirəcək.
Yeni ili düşünərkən, unutmayaq ki, Allah Öz Hüzur Mələyini bütün yol boyu bizimlə olması üçün göndərmişdir və bəlkə də bu il O, Özü bizi hazırladığı yerə gətirəcək!