Şulamitin sevgilisi haqqında verə bildiyi ehtiraslı təsvir başqalarını onu axtarmağa vadar edir. Bu, bizim şahidliyimizin nəticəsi olmalıdır. Ətrafımızdakılar bizim mövqeyimiz haqqında heç bir şəkildə səhv etməməlidirlər. Yalnız qəlbimizin bolluğundan axan şəhadət onları Rəbb İsaya aparacaq. «Yerusəlim qızları» indiyə qədər yalnız Bəyin gözəlliyi haqqında eşitmişlər, lakin Gəlinin əzəməti artıq onlara görünür. O, «qadınlar arasında ən gözəlidir» (1, 13-cü ayələr). Camaatın (Kilsənin) mənəvi gözəlliyi – Rəbb İsanın gözəlliyinin əksi – qeyri-mömin insanları İncili qəbul etməyə hazırlayacaq.
Lakin hər şeydən əvvəl, bu gözəllik Rəbb tərəfindən qiymətləndirilir (4-cü ayə). O da ölümə qədər sevdiyi kəsə göz dikmişdir. Və O, onda nə görür? – Özünün onu bəzədiyi mükəmməllikləri (müq. Yezekel 16:7-14). O, hətta onu «mənim pakım» (9-cu ayə) adlandıra bilər, onun laqeydliyini bağışlamış və yalnız bir şeyi xatırlayır – o, Ondan utanmır və Onun Adını açıq şəkildə etiraf etmişdir. Öz növbəsində O, onu Allah qarşısında Özününkü kimi tanıyır (Matta 10:32). Biz ilahi Bəyin Öz Kilsəsini ləkəsiz, qırışıqsız və ya buna bənzər heç bir şey olmadan, müqəddəs və əbədiyyətə qədər qüsursuz olaraq Özünə təqdim edəcəyi yaxın günü düşünürük (Efeslilərə 5:27; Efeslilərə 1:4).
