Bu məşhur hekayədə Rəbb İsa əvvəlcə Şimon Peteri və Andreyi, sonra isə Yaqubu və Yəhyanı çağırdı. Hər iki halda onlar Rəbbə tabe olmaq üçün balıqçılıq işlərini tərk etdilər. Lakin qeyd edək ki, Müqəddəs Yazı onların balıqçılıq işlərini insan ovçusu olmaq üçün tərk etdiklərini demir. Doğrudur, Rəbb onları belə edəcəyini demişdi. Bəs ayələr nə deyir? Onlar Ona tabe olmaq üçün hər şeyi tərk etdilər.
Niyə bu fərqi qeyd edirik? Sadəcə bu səbəbdən, Peter və Andreyin, Yaqub və Yəhyanın qarşısında duran məqsədi vurğulamaq üçün. Xidmət, insanları tutmaq onların qarşısında duran məqsəd deyildi. Məsih Özü idi. Onlar Ona tabe oldular.
Biz demək istədiyimiz fikri Luka 10 və Yəhya 12-dəki Martanın xidmətinin iki hekayəsindəki fərqə baxaraq izah edə bilərik. Luka 10-da xidmətin özü Martanın diqqət mərkəzində idi və buna görə də o, «bir çox şeylər barədə narahat və təşvişli» oldu. Hətta bacısının onun düşündüyü kimi xidmət etmədiyindən şikayət etməyə başladı! Lakin Yəhya 12-də Rəbb Özü onun məqsədi idi və hər şey Onun şöhrəti üçün idi. Burada başqalarından şikayət yox idi, əksinə onun xidməti başqalarının xidmətini mükəmməl şəkildə tamamlayırdı.
Əlbəttə, biz başa düşürük ki, əksər insanlar Rəbbə xidmət etmək üçün işlərini, evlərini və ya ailələrini tərk etməyə çağırılmırlar. Lakin biz hamımız Onun bizi yerləşdirdiyi hər hansı şəraitdə Ona xidmət etməyə çağırılmışıq. Biz hamımız O gələnə qədər məşğul olmalı olan qulluqçularıq (Luka 19:13).
Qoy Rəbb hamımıza lütf versin ki, O, əllərimizə hansı xidməti verirsə versin, Onun Özü bizim məqsədimiz olsun və arzumuz Onu şöhrətləndirmək olsun.