SUAL: Şərə nifrət edən Allah niyə dünyada şərin mövcud olmasına icazə verir?
CAVAB: Allah tamamilə yaxşı, müqəddəs, müdrik və qüdrətlidir, lakin O, şərə və əzaba icazə verir, çünki bunlar insanların günahkar seçimlərinin nəticəsidir. Biz robotlar və ya kompüterlər kimi proqramlaşdırılmamışıq. Allah bizə yaxşını və ya şəri seçmək üçün azad iradə verir. Azad iradə şərin mümkünlüyü olmadan mövcud ola bilməz. Allahı sevməkdə azad olan varlıqlar Onu görməməzlikdən gəlməkdə də azad olmalıdırlar. Adəm və Həvva Allaha itaətsizlik etdilər (Yaradılış 2:16-17; 3:6). O vaxtdan bəri hər kəs Allahın hökmünə layiq bir günahkardır (Romalılar 3:23; 5:12). İnsanlar Allahın iradəsindən kənar hərəkət etdikdə, şər və əzab yaranır və dünyada yayğındır (Yaradılış 3:16-19).
Şeytan və onun ardıcılları od gölündə əbədi əzab çəkəcəklər (Vəhy 20:10,15). Bu, Məsih şəri mühakimə etmək üçün qayıtdıqda baş verəcək. Alaq otları məsəlində, mühakimə olunanlar «odlu sobaya atılırlar, orada ağlaşma və diş qıcırtısı olacaq» (Matta 13:24-30; 36-42).
Allah bizim kimi zamanla məhdudlaşmır. O, fəaliyyətlərini genişləndirə və ya cəmləşdirə bilər. Lağ edənlər Allahın hökmünə şübhə etdikdə, Peter gələn «hökm və dinsizlərin məhv günü» haqqında yazdı (2 Peter 3:3-9).
Allah şəri mühakimə etməyi vəd edir, lakin dərhal deyil (Romalılar 2:5-11; 3:25; 2 Saloniklilərə 1:5-10; 2 Peter 3:7). O, səbirlidir, insanlara tövbə etmək və gələn hökmdən xilas olmaq üçün vaxt verir:
Rəbb Öz vədini yerinə yetirməkdə ləng deyil... O, sizinlə səbirlidir, heç kimin məhv olmasını istəmir, əksinə hər kəsin tövbəyə gəlməsini istəyir (2 Peter 3:9). O, tufanı göndərməzdən əvvəl 120 il gözlədi (Yaradılış 6:3). Allah pisliyi dərhal mühakimə edə bilərdi, lakin bunun əvəzinə O, səbirlə gözləyir ki, insanlar tövbə etsinlər (Romalılar 9:22-23).
Allah insanları hər şeydən çox sevir (Yəhya 3:16). Buna görə də O, onları dərhal mühakimə etməkdə səbirlidir. O, şəri məhv etməyə qadirdir – lakin insan azadlığını məhv etmədən yox. Şəri məhv etmək üçün O, bizi məhv etməli olardı. Beləliklə, cavab belədir: «Allah yaxşı, müqəddəs, müdrik, qüdrətli, səbirli və sevən olduğu üçün, hökm gününə qədər dünyada şərə icazə verir.»
