13 Gecə gələn görüntülərdə gördüm ki, budur, bəşər oğluna bənzər Biri göyün buludları ilə gəlir. O, Əzəldən Var Olana yaxınlaşdı və Onun hüzuruna gətirildi. 14 Ona hakimiyyət, izzət və padşahlıq verildi ki, bütün xalqlara, millətlərə və dillərə mənsub adamlar Ona xidmət etsin. Onun hakimiyyəti sona yetməyən əbədi hakimiyyətdir. Onun padşahlığı əsla yox olmayacaq.
1 Navuxodonosor padşahlığının ikinci ilində bir yuxu gördü, buna görə ürəyi sıxıldı və yuxusu qaçdı. 2 Padşah əmr etdi ki, yuxusunu yozmaq üçün onun yanına sehrbazlar, ruhçağıranlar, cadugərlər və Xaldeyli müdriklər çağırılsın. Onlar gəlib padşahın hüzurunda dayandı. 3 Padşah onlara dedi: «Bir yuxu görmüşəm və ürəyim sıxılır. İstəyirəm ki, bu yuxunun yozumunu bilim». 4 Xaldeyli müdriklər Arami dilində padşaha dedi: «Padşah sağ olsun, yuxunu bu qullarına danış, biz də onu yozaq». 5 Padşah Xaldeyli müdriklərə cavab verdi: «Mən belə qərara gəlmişəm: əgər siz mənə həm yuxunu, həm də yozumunu söyləməsəniz, parça-parça ediləcəksiniz və evləriniz də viran ediləcək. 6 Əgər yuxunu və yozumunu söyləsəniz, məndən hədiyyələr, mükafatlar və böyük hörmət görəcəksiniz. İndi isə mənə yuxunu və yozumunu söyləyin». 7 Onlar yenə cavab verdi: «Padşah yuxunu bu qullarına danışsın, biz də onu yozaq». 8 Padşah cavab verdi: «Yəqin bilirəm ki, siz vaxt qazanmaq istəyirsiniz, çünki görürsünüz ki, mənim qərarım qətidir. 9 Əgər yuxunu mənə söyləməsəniz, sizin üçün yalnız bir cəza olacaq. Siz mənə yalan və uydurma sözlər demək üçün sözləşmisiniz ki, bəlkə vəziyyət dəyişdi. İndi isə mənə yuxunu söyləyin, onda bilərəm ki, siz onu yozmağa qadirsiniz».
10 Xaldeyli müdriklər padşaha cavab verdi: «Yer üzündə padşahın tələbini yerinə yetirə bilən adam yoxdur. Ən əzəmətli və qüdrətli padşah da bir sehrbazdan, ruhçağırandan yaxud Xaldeyli müdrikdən belə bir şey istəməyib. 11 Padşahın istədiyi şey elə çətindir ki, allahlardan başqa heç kəs bunu padşaha aşkar edə bilməz. Onların da məskəni insanlar arasında deyil».
12 Padşah bu sözə özündən çıxıb bərk qəzəbləndi və əmr etdi ki, bütün Babil müdriklərini məhv etsinlər. 13 Müdrikləri öldürmək barədə əmr çıxanda Danieli və onun yoldaşlarını öldürmək üçün axtardılar.
14 O zaman Daniel Babil müdriklərini öldürməyə gedən padşahın keşikçilər rəisi Aryokla müdriklik və nəzakətlə danışdı. 15 O, padşahın hərbi rəisi olan Aryokdan soruşdu: «Niyə padşah belə sərt fərman verib?» Onda Aryok əhvalatı Danielə danışdı. 16 Daniel içəri girib padşahdan xahiş etdi ki, yuxunun yozumunu padşaha bildirmək üçün ona vaxt versin.
17 Daniel öz evinə qayıdıb əhvalatı dostları Xananya, Mişael və Azaryaya danışdı ki, 18 bu sirr barədə göylərin Allahından mərhəmət diləsinlər və Daniellə onun yoldaşları başqa Babil müdrikləri ilə birgə məhv olmasın. 19 O zaman bu sirr Danielə gecə gələn görüntüdə aşkar oldu, buna görə də Daniel göylərin Allahına şükür etdi.
20 Daniel söylədi:
«Allahın adı əbədi olaraq izzətlənsin!
Çünki hikmət və qüdrət Ona məxsusdur.
21 Vaxtı və dövrü dəyişdirən Odur.
O, padşahları taxtdan salar və taxta qoyar,
Müdriklərə hikmət, aqillərə ağıl verər.
22 Dərin və gizli sirləri O açar,
Qaranlıqda qalanı O bilər.
İşıqla əhatə olunan Odur.
23 Ey atalarımın Allahı,
Sənə şükür və həmd olsun ki,
Mənə hikmət və qüdrət verdin,
Səndən dilədiyimiz şeyi mənə aşkar etdin.
Beləcə padşahın məsələsini bizə bildirdin».
24 Bundan sonra Daniel Babil müdriklərini öldürmək üçün padşahın təyin etdiyi Aryokun yanına gəlib ona dedi: «Babil müdriklərini öldürmə. Məni padşahın yanına apar, yuxusunu yozum». 25 Onda Aryok Danieli tez padşahın yanına gətirib ona dedi: «Mən sürgün olunmuş Yəhudalılar arasından padşaha yuxunu yoza bilən bir adam tapdım». 26 Padşah Belteşassar adlanan Danieldən soruşdu: «Gördüyüm yuxunu və yozumunu mənə söyləyə bilərsənmi?» 27 Daniel padşahın önündə cavab verdi: «Padşahın soruşduğu sirri müdriklər, ruhçağıranlar, sehrbazlar və əlamət baxıcıları ona aça bilməz. 28 Ancaq göylərdə sirləri açan bir Allah var və gələcəkdə nə olacağını padşah Navuxodonosora O bildirdi. Yatarkən gördüyün yuxu və görüntü belə idi:
29 Ey padşah, sən öz yatağında düşünürdün ki, bundan sonra nə olacaq? Sirləri Açan da nə olacağını sənə göstərdi. 30 Mənə bu sirr başqa adamlardan müdrik olduğum üçün açılmadı, yalnız yuxu padşaha bildirilsin və sən də öz ürəyinin düşüncələrini biləsən deyə bu sirr mənə açıldı.
31 Ey padşah, sən yuxuda böyük bir heykəl görmüsən. Nəhəng və çox parlaq olan bu heykəl sənin önündə dururdu, onun görünüşü qorxunc idi. 32 Bu heykəlin başı xalis qızıldan, sinəsi və qolları gümüşdən, qarnı və budları tuncdan idi. 33 Baldırları dəmirdən, ayaqlarının bir hissəsi dəmirdən, bir hissəsi isə gildən idi. 34 Sən baxdığın zaman əl dəymədən bir daş yerindən qoparıldı, heykəlin dəmir və gil ayaqlarından vurub onları parça-parça etdi. 35 O zaman dəmir, gil, tunc, gümüş və qızıl birlikdə parçalandı və yay xırmanlarındakı saman çöpü kimi sovruldu. Külək onları apardı və onlardan əsər-əlamət qalmadı. Heykəli dağıdan daş isə böyük bir dağ oldu və bütün dünyanı tutdu.
36 Yuxu budur. İndi isə padşahın önündə onu yozaq. 37 Ey padşah, sən şahənşahsan. Göylərin Allahı padşahlığı, qüvvəti, qüdrəti və izzəti sənə verib. 38 O hər yerdə yaşayan bəşər övladlarını, çöl heyvanlarını və göy quşlarını ixtiyarına verməklə səni onlara hökmdar edib. Qızıldan olan baş sənsən! 39 Sonra səndən aşağı səviyyədə olan başqa padşahlıq yaranacaq. Ondan sonra isə tuncdan olan, bütün dünyaya hökmranlıq edən üçüncü bir padşahlıq olacaq. 40 Dördüncü padşahlıq isə dəmir kimi möhkəm olacaq, çünki dəmir hər şeyi qırıb-dağıtdığı kimi o da başqalarını hər şeyi əzən dəmir tək qırıb-əzəcək. 41 Ayaqların və barmaqların bir hissəsinin dulusçu gilindən, bir hissəsinin isə dəmirdən olduğunu görməyinin mənası budur ki, o bölünmüş padşahlıq olacaq. Onda bir qədər dəmir möhkəmliyi qalacaq, necə ki sən dəmiri dulusçu gili ilə qarışıq görmüsən. 42 Ayaq barmaqlarının bir hissəsi dəmirdən, bir hissəsi gildən olduğu kimi bu padşahlığın da bir hissəsi möhkəm, bir hissəsi kövrək olacaq. 43 Dəmiri dulusçu gili ilə qarışıq gördüyünün mənası budur ki, onlar müxtəlif insan nəsilləri vasitəsilə bir-birləri ilə qarışacaq, ancaq dəmir gillə birləşmədiyi kimi onlar da bir-birləri ilə birləşməyəcək.
44 O padşahların dövründə göylərin Allahı heç vaxt dağılmayan bir padşahlıq quracaq və bu padşahlıq başqa xalqın əlinə keçməyəcək. O bütün əvvəlki padşahlıqları əzib-dağıdacaq, özü isə əbədi qalacaq. 45 Sən gördün ki, dağdan bir daş əl dəymədən qoparıldı, dəmiri, tuncu, gili, gümüşü və qızılı parça-parça etdi. Beləcə böyük Allah bundan sonra nə olacağını padşaha bildirib. Bu yuxu doğrudur və onun yozumu da etibarlıdır».
46 O zaman padşah Navuxodonosor üzüstə düşüb Danielə səcdə etdi, onun üçün təqdim gətirməyi və buxur yandırmağı əmr etdi. 47 Padşah Danielə dedi: «İndi ki sən bu sirri aça bildin, həqiqətən, sizin Allahınız allahların Allahı və padşahların Ağasıdır, sirləri açan da Odur». 48 Bundan sonra padşah Danieli yüksək vəzifəyə qoydu və ona çoxlu qiymətli hədiyyə verdi. Onu Babil vilayətinin başçısı və bütün Babil müdriklərinin baş rəisi təyin etdi. 49 Daniel padşahdan xahiş etdi, o da Şadrakı, Meşakı və Aved-Neqonu Babil vilayətinə məmur qoydu. Daniel isə padşah sarayında qaldı.
1 Babil padşahı Belşassarın padşahlığının birinci ilində Daniel yatarkən bir yuxu gördü və ona görüntülər gəldi. Sonra yuxunu yazıb məzmununu qeyd etdi. 2 Daniel danışmağa başlayıb dedi: mən gecə gələn görüntüdə gördüm ki, budur, göylərin dörd küləyi böyük bir dənizin üstündə çarpışır. 3 Dənizdən bir-birinə oxşamayan dörd böyük heyvan çıxdı. 4 Birincisi şirə bənzəyirdi, amma onun qartal qanadları var idi. Mən baxarkən onun qanadları qoparıldı və o, yerdən qaldırılıb insan kimi ayaq üstə qalxdı. Ona insan ürəyi verilmişdi. 5 Başqa birisi – ikinci heyvan ayıya bənzəyirdi. O, bir yanı tərəfə əyilmişdi və ağzında – dişləri arasında üç qabırğa sümüyü var idi. Ona belə deyildi: «Qalx çoxlu ət ye». 6 Bundan sonra mən bəbirə bənzəyən başqa bir heyvan gördüm. Heyvanın belində dörd quş qanadı və onun dörd başı var idi. Ona hakimiyyət verilmişdi. 7 Bundan sonra mən gecə gələn görüntülərdə dəhşətli, heybətli və çox güclü olan dördüncü heyvanı gördüm. Onun böyük dəmir dişləri var idi. O hər şeyi əzib yeyir, qalıqları isə ayaqları altında tapdalayırdı. O, heyvanların hamısından fərqlənirdi və on buynuzu var idi. 8 Mən buynuzlara baxırdım ki, onların arasından yenə kiçik bir buynuz çıxdı və əvvəlki buynuzlardan üçü onun qarşısından götürüldü. Bu buynuzun insan gözləri kimi gözləri və təkəbbürlə danışan ağzı var idi.
9 Nəhayət, mən gördüm ki,
Taxtlar quruldu və Əzəldən Var Olan oturdu.
Onun əynində qar kimi bəyaz paltar var idi,
Saçları yun kimi ağappaq idi.
Taxtı alov dilləri tək, çarxları yanar od kimi idi.
10 Önündən odlu çay çıxıb axırdı.
Minlərlə nəfər Ona xidmət edir,
On minlərlə nəfər Onun hüzurunda durmuşdu.
Məhkəmə iclası başlandı və kitablar açıldı.
11 O zaman buynuzun söylədiyi təkəbbürlü sözlər mənim diqqətimi cəlb etdi. Heyvan gözlərimin qabağında öldürüldü və bədəni parçalanıb yanan oda atıldı. 12 Həmçinin başqa heyvanların da hakimiyyəti əllərindən alındı, ancaq ömürləri müəyyən müddətə qədər uzadıldı.
13 Gecə gələn görüntülərdə gördüm ki, budur, bəşər oğluna bənzər Biri göyün buludları ilə gəlir. O, Əzəldən Var Olana yaxınlaşdı və Onun hüzuruna gətirildi. 14 Ona hakimiyyət, izzət və padşahlıq verildi ki, bütün xalqlara, millətlərə və dillərə mənsub adamlar Ona xidmət etsin. Onun hakimiyyəti sona yetməyən əbədi hakimiyyətdir. Onun padşahlığı əsla yox olmayacaq.
15 Mən Danielin isə bədənimdə ruhum titrədi və gələn görüntülər məni vahiməyə saldı. 16 Ayaq üstə duran adamlardan birinə yaxınlaşıb «Bütün bu şeylərin həqiqi mənası nədir?» deyə soruşdum. O adam bu şeylərin mənasını mənə izah edib bildirdi: 17 «Bu dörd böyük heyvan yerdən çıxacaq dörd padşahlıqdır. 18 Sonra padşahlığı Haqq-Taalanın müqəddəsləri alacaq, əbədi və daim padşahlığa sahib olacaq». 19 Onda mən başqalarından fərqlənən dördüncü heyvan barədə dəqiq izahat istədim. O, çox qorxunc idi, dəmir dişləri və tunc dırnaqları ilə əzib-yeyirdi, qalıqları isə ayaqları altında tapdalayırdı. 20 Onun başında on buynuz var idi. Daha biri çıxdı və üçü onun önündə düşdü. Bu həmin o buynuz idi ki, gözləri və təkəbbürlə danışan ağzı var idi və görünüşü o biri buynuzlarından daha heybətli idi. 21 Mən gördüm ki, bu buynuz müqəddəslərlə döyüşüb onlara üstün gəlir; 22 o vaxta qədər ki Əzəldən Var Olan gəldi, Haqq-Taalanın müqəddəslərinin xeyrinə hökm verildi və padşahlığa müqəddəslərin sahib olduğu vaxt yetişdi.
23 O bunu belə izah etdi: «Dördüncü heyvan yer üzündə olacaq dördüncü padşahlıqdır. O başqa padşahlıqlardan fərqli olub bütün yer üzünü udacaq və hər şeyi tapdalayıb əzəcək. 24 On buynuzun mənası budur ki, bu padşahlıqdan on padşah çıxacaq. Onlardan sonra isə əvvəlkilərdən fərqli başqası çıxıb üç padşahı yıxacaq. 25 Haqq-Taalanın əleyhinə sözlər deyəcək və Haqq-Taalanın müqəddəslərinə zülm edəcək. Hətta təqvimi və qanunları dəyişməyə cəhd göstərəcək. Onlar bir vaxt, vaxtlar və yarım vaxt ərzində ona təslim ediləcək. 26 Sonra isə məhkəmə qurulacaq və onun hakimiyyəti əlindən alınacaq, əbədilik məhv olub yox olacaq. 27 Padşahlıq, hakimiyyət və göylərin altındakı bütün padşahlıqların əzəməti Haqq-Taalanın müqəddəs xalqına veriləcək. Onun padşahlığı əbədi padşahlıq olacaq və bütün hökmdarlar Ona qulluq edib itaət edəcək».
28 Burada söz bitir. Mən Danieli isə düşüncələrim bərk vahiməyə saldı və bənizim soldu. Ancaq bu sözləri yadımda saxladım.
Dani̇el 7:13–14 · Dani̇el 2 · Dani̇el 7 · AZJ08
Daniel kitabının 7-ci fəslində Danielə yer üzündə, xüsusən də öz xalqı İsrail üzərində hökmranlıq edəcək dörd görkəmli imperiya haqqında bir görüntü verildi. 2-ci fəsildə bu imperiyalar müxtəlif metallar kimi görünsə də, Danielin buradakı görüntüsündə onlar vəhşi heyvanlar kimi təsvir olunur. Bu, onların Allahın nöqteyi-nəzərindən xarakterini təmsil edərdi. Bu imperiyalar əsasən səmada olan həqiqi Allahı tanımadan öz iradələri ilə hərəkət edirdilər.
Lakin biz bu görüntüdə İnsan Oğlu olan birinin də təqdim olunduğunu görürük. Daniel 2-də biz Məsihi insanların bütün imperiyalarını əzəcək və yer üzünü dolduracaq böyük bir dağa çevriləcək Daş kimi təsvir edirik.
Daniel 7-də biz İnsan Oğlunun göy buludları ilə Qədimlər Qədiminin hüzuruna gəldiyini görürük. Biz görürük ki, İnsan Oğluna mütləq hökmranlıq verilir. Bütün xalqlar, millətlər və dillər Ona xidmət etməlidir.
Əvvəlcə Rəbb Allah Adəmə yer üzərində hökmranlıq verdi. Lakin biz bilirik ki, Adəm Həvva ilə günaha düşəndə bu hökmranlığı itirdi (Yar. 3). Nuh, Süleyman və Navuxodonosor kimi digər insanlar hakimiyyət və hökmranlıq yerlərinə qoyuldu, lakin hər biri uğursuz oldu. Hətta bu gün də hər bir hökmdar müəyyən mənada uğursuzluq və günahla damğalanmışdır.
Nəhayət, bu İnsan Oğlunda, Rəbbimiz İsa Məsihdə, Atamız Öz ürəyinə uyğun bir İnsan tapdı ki, Ona bütün hökmranlığı və səlahiyyəti həvalə edə bilsin. Qoy biz bu gün də Onun hakimiyyətinə tabe olaq!