1 Rəbbə alqış et, ey könlüm!
Ya Rəbb Allahım, Sən nə qədər böyüksən,
Ehtişamı, əzəməti geyinmisən!
2 Nura libas kimi bürünən,
Göyləri çadır tək açan,
3 Yuxarı otaqlarını suların üstündə quran,
Buludları Özünə araba edən,
Yel qanadları üstünə minib gəzən,
4 Küləyi Özünə elçi edən,
Yanar odu Özünə xidmətçi edən Sənsən!
5 Yer üzünün təməlini elə qurdun ki,
Əsla sarsılmasın.
6 Dərin suları libas kimi yer üzünə geydirdin,
Sular dağların üstünə qalxdı.
7 Sənin məzəmmətindən sular çəkildi,
Şimşəyinin səsindən qorxub qaçdı.
8 Dağlardan dərələrə axdı,
Sənin təyin etdiyin yerlərə töküldü.
9 Onların önünə hədd qoydun ki, ondan aşmasınlar,
Heç vaxt daşıb dünyanı basmasınlar.
10 Bulaqları vadilərdən fışqırtdın,
Dağların arasından axıtdın.
11 Bu bulaqlar bütün çöl heyvanlarına su verər,
Vəhşi eşşəklər içər, susuzluğu gedər.
12 Yanlarında quşlar yuva qurar,
Budaqlara qonub oxuyar.
13 Sən dağları göydəki sarayından sulayırsan,
Əlinin bəhrəsindən yer doyur.
14 Heyvanlar üçün ot bitirirsən,
İnsana becərmək üçün bitkilər yetirirsən.
Qoy insan torpaqdan azuqəsini çıxartsın:
15 Ürəkləri xoşhal edən şərabı,
Üzləri güldürən zeytun yağını,
Taqət verən çörəyi.
16 Doyunca su içər Rəbbin ağacları,
Livanda əkdiyi sidr ağacları.
17 Bu ağaclarda quşlar yuva qurar,
Leyləklərin yuvası şam ağacındadır.
18 Uca dağlar dağ keçilərinin oylağıdır,
Qayalar qayadovşanlarının sığınacağıdır.
19 Fəsilləri müəyyən etmək üçün ayı yaratdın,
Günəş batacağı zamanı bilir.
20 Gecə olsun deyə havanı qaraldırsan,
Bütün meşə heyvanları vurnuxmaya düşürlər.
21 Ov üçün gənc aslanlar nərə çəkərlər,
Öz yemlərini Allahdan istəyərlər.
22 Gün doğanda çəkilirlər,
Yuvalarında yatırlar.
23 İnsanlar iş başına gedir,
Qaş qaralana qədər işləyirlər.
24 Ya Rəbb, əməllərin çoxdur!
Hər birini müdrikliklə etmisən,
Yaratdıqların yer üzünü doldurub.
25 Böyük, dərin dənizlərin var,
Orada da saysız məxluqlar –
Həm kiçik, həm də böyük canlılar qaynaşar.
26 Oradan gəmilər keçir,
Yaratdığın Livyatan sularda oynayır.
27 Bunların hamısı gözləyir ki, Sən
Vaxtlı-vaxtında onları yemləyəsən.
28 Sən yem verərkən onlar yem yığırlar,
Açıq əlinin nemətindən doyurlar.
29 Amma üzünü gizlədərkən vəlvələyə düşürlər,
Sən onların nəfəsini kəsərkən ölüb torpağa qarışırlar,
30 Ruhunu göndərərkən onlar yaranır,
Yer üzünə yeni həyat verirsən.
31 Rəbbin ehtişamı qoy əbədi var olsun!
Qoy Rəbb yaratdıqlarına görə şad olsun!
32 Rəbb yerə baxanda yer lərzəyə gəlir,
Dağa toxunanda dağ tüstülənir.
33 Rəbbə ömrüm boyu ilahi söyləyəcəyəm,
Nə qədər varam, Allahımı tərənnüm edəcəyəm.
34 Düşüncəm Ona xoş görünsün,
Mən Rəbbə görə sevinəcəyəm.
35 Günahkarlar yer üzündən silinsinlər,
Pis adamlar yox olsunlar!
Rəbbə alqış et, ey könlüm!
Rəbbə həmd edin!
1 Rəbbə şükür edin, ismini səsləyin,
Əməllərini xalqlar arasında elan edin!
2 Onu ilahilərlə tərənnüm edin,
Bütün xariqələrini bəyan edin!
3 Onun müqəddəs adı ilə fəxr edin,
Ey Rəbbi axtaranlar, ürəkləriniz qoy sevinsin!
4 Rəbbi, Onun qüvvətini arayın,
Daim hüzurunu axtarın.
5 Etdiyi xariqələri,
Möcüzələri, dilindən çıxan hökmləri xatırlayın,
6 Ey Onun qulu İbrahim nəsli,
Ey Yaqub övladları, ey Onun seçdikləri!
7 Allahımız Rəbb Odur,
Hökmü bütün yer üzündədir.
8 Əbədi olaraq min nəslə qədər əhdini,
Əmr etdiyi sözü,
9 İbrahimlə kəsdiyi əhdini,
İshaqa and içərək verdiyi vədini unutmaz.
10 Bunu qayda kimi Yaqub üçün təsdiq etdi,
Bu əbədi əhdi İsrail üçün etdi.
11 Dedi: «Övladlarının payına düşən mülk kimi
Kənan torpağını sənə verəcəyəm».
12 O zaman onlar sayca az idilər,
Azsaylı olaraq ölkədə qərib idilər.
13 Ölkədən-ölkəyə,
Məmləkətdən-məmləkətə köçürdülər.
14 Rəbb heç kimi onlara əzab verməyə qoymadı,
Onlara görə padşahları tənbeh etdi.
15 Dedi: «Məsh etdiklərimə dəyməyin,
Peyğəmbərlərimə pislik etməyin».
16 Ölkəyə qıtlıq göndərdi,
Bütün çörəyin kökünü kəsdi.
17 Lakin bunlardan əvvəl birini göndərmişdi,
Bu, qul kimi satılan Yusif idi.
18 Ayaqlarını zəncirləyib əzdilər,
Boğazına dəmir halqa keçirdilər.
19 Yusifin sözü düz çıxanadək
Rəbbin sözü onu təmizlədi.
20 Padşah buyruq verərək onu azad etdi,
Xalqların hökmdarı ona azadlıq verdi.
21 Onu sarayının ağası etdi,
Varidatı üçün cavabdeh etdi.
22 Ona başçılar üstündə səlahiyyət verdi ki,
Ağsaqqallarına uzaqgörənlik öyrətsin.
23 Sonra İsrail Misirə gəldi,
Yaqub Ham ölkəsində yerləşdi.
24 Rəbb onun xalqına bərəkət verdi,
Düşmənlərindən çox onlara qüdrət verdi.
25 Rəbb düşmənlərinə fikir göndərdi ki, xalqına nifrət etsinlər,
Qullarına qarşı fırıldaq işlətsinlər.
26 Qulu Musanı,
Həm də seçdiyi Harunu göndərdi.
27 Xalqın arasında Rəbbin əlamətlərini,
Ham ölkəsində Onun möcüzələrini göstərdilər.
28 Rəbb qaranlıq göndərərək ölkəni zülmət etdi,
Çünki Onun sözlərinə itaət etmədilər.
29 Sularını qana çevirdi,
Balıqlarını öldürdü.
30 Ölkəyə qurbağalar qaynaşıb gəldilər,
Padşahın otaqlarına belə, girdilər.
31 Əmr etdi, topa-topa mozalan gəldi,
Mığmığalar bütün ərazilərini bürüdü.
32 Yağış əvəzinə dolu yağdırdı,
Ölkələrini şimşəklərə qərq etdi.
33 Tənəklərinə, əncir ağaclarına zərbə vurdu,
Sahələrində olan ağacları qırdı.
34 Əmr etdi çəyirtkələrə qaynaşsın,
Saysız balaları torpaqlarına daraşsın.
35 Onlar ölkədə olan bütün otları yedilər,
Torpaqlarının bar-bəhərini yedilər.
36 O, ölkədə hər yerlinin ilk oğlunu,
Hər kişinin belindən gələn ilk oğlunu öldürdü.
37 İsrailliləri oradan qızılla, gümüşlə çıxartdı,
Qəbilələri arasında yıxılan olmadı.
38 Onlar çıxanda Misirlilər sevindi,
Canlarında İsraillilərin qorxusu var idi.
39 Üzərlərinə örtük kimi bulud sərdi,
Gecəni işıqlandırmaq üçün od göndərdi.
40 İstədiklərinə görə O, bildirçin gətirdi,
Onlara göydən doyunca çörək verdi.
41 Qayanı yararaq suyu fışqırtdı,
Quraq yerə çay kimi axdı.
42 Çünki müqəddəs sözünü yada salmışdı,
Qulu İbrahimə verdiyi vədini xatırlamışdı.
43 O, xalqını sevinclə,
Öz seçdiklərini mədh səsi ilə çıxartdı.
44 Millətlərin torpaqlarını onlara verdi,
Onları ümmətlərin sərvətlərinə sahib etdi.
45 Qoy Rəbbin qaydalarına riayət etsinlər,
Qanunlarına əməl etsinlər.
Rəbbə həmd edin!
1 Rəbbə həmd edin!
Rəbbə şükür edin, ona görə ki yaxşıdır,
Çünki məhəbbəti əbədidir.
2 Rəbbin qüdrətli işlərini sözlə demək olarmı?
Onu layiqincə həmd edən varmı?
3 Nə bəxtiyardır ədalətə bağlananlar,
Hər zaman əməlisaleh olanlar!
4 Ya Rəbb, xalqına lütf edərkən məni yada sal,
Onları nicata çatdırarkən mənim də qayğıma qal.
5 Qoy seçdiklərini bəxtiyar görüm,
Millətinin sevinci ilə sevinim,
İrsinlə birlikdə fəxr edim.
6 Ata-babamız kimi biz də günaha batmışıq,
Biz də şər iş görməklə təqsirkar olmuşuq.
7 Misirdə olanda ata-babamız Sənin xariqələrini anlamadı,
Bol məhəbbətini yada salmadı,
Dəniz kənarında, Qırmızı dənizdə Sənə qarşı üsyankar oldu.
8 Amma Rəbb qüdrətini göstərmək üçün
Onları ismi naminə qurtardı.
9 Onun məzəmmətindən Qırmızı dəniz qurudu,
Çöldən keçdikləri kimi onları dərin yerdən keçirtdi.
10 İsrailliləri onlara nifrət edənin əlindən qurtardı,
Onları düşməninin əlindən xilas etdi.
11 Yağıları sular basdı,
Bir nəfər də qalmadı.
12 O zaman Rəbbin sözlərinə inandılar,
Onu həmdlə tərənnüm etdilər.
13 Lakin Rəbbin əməllərini tez unutdular,
Ondan məsləhət almadılar.
14 Onlar səhrada iştahaya düşdülər,
Çöllükdə Allahı sınağa çəkdilər.
15 O da istədiklərini verdi,
Lakin onlara azar göndərdi.
16 Düşərgədə Musaya,
Rəbb üçün təqdis olunan Haruna paxıllıq etdilər,
17 Torpaq yarılıb Datanı uddu,
Aviramla yoldaşlarını yerə batırdı.
18 Yoldaşlarının içinə alov saldı,
Bu, pisləri yandırıb-yaxdı.
19 Xorevdə bir dana heykəli düzəltdilər,
Tökmə bir bütə səcdə etdilər.
20 Allahın əvəzinə
Otyeyən buğanın surətinə şərəf verdilər.
21 Onları qurtaran Allahı –
Misirdə böyük möcüzələr yaradanı,
22 Ham ölkəsində xariqələr göstərəni,
Qırmızı dənizdə zəhmli işlər görəni unutdular.
23 Rəbb onları yox etmək üçün niyyətini söylədi,
Onu məhvedici qəzəbindən döndərmək üçün
Seçdiyi Musa Onun qarşısına gəldi.
24 Sonra o gözəl diyara da xor baxdılar,
Rəbbin vədinə inanmadılar.
25 Çadırlarında giley-güzar etdilər,
Rəbbin səsini eşitmədilər.
26 Buna görə Rəbb and içdi:
Meyitlərini çöllərə sərəcək,
27 Övladlarını millətlər arasına səpələyəcək,
Onları ölkələr arasında darmadağın edəcək.
28 Onlar Peordakı Baala səcdə etməyə gəldilər,
Ölü bütə verilən qurban ətindən yedilər.
29 Bu işlər Rəbbin qəzəbinə gəldi,
Aralarına vəba töküldü.
30 Onda Pinxas qalxıb buna müdaxilə etdi,
Beləliklə, vəba çəkilib getdi.
31 Bu, nəsillər boyu, əbədilik
Onun üçün salehlik sayıldı.
32 Onlar Meriva suları kənarında Rəbbi qəzəbləndirdilər,
Buna görə Musanın başına qəza gəldi:
33 Onlar Musanın ruhunu incitdilər,
O da düşünülməmiş sözlər dedi.
34 Rəbbin əmrini yerinə yetirmədilər,
Dediyi xalqları məhv etmədilər.
35 Əksinə, həmin millətlərə qarışdılar,
Adət-ənənələrini öyrənib onlara əməl etdilər.
36 Onların bütlərinə ibadət edərək
Özlərini bu tələyə saldılar.
37 Oğul-qızlarını
Cinlərə qurban verdilər.
38 Oğul-qızlarının günahsız qanını tökdülər,
Onları Kənan bütlərinə qurban verdilər,
Ölkəni qana bulaşdırdılar.
39 Belə işlərlə murdarlandılar,
Öz əməlləri ilə xəyanətə satıldılar.
40 Rəbb xalqına qarşı qəzəbindən yandı,
Öz irsini iyrənc bir şey sandı.
41 Onları millətlərə təslim etdi,
Onlara nifrət edənlər üzərlərində hakim oldu.
42 Düşmənləri onları zülm altına saldılar,
Onlara tabe olaraq əl altında qaldılar.
43 Rəbb dəfələrlə onları azad etmişdi,
Amma pisniyyətli olduqları üçün üsyankar olmuşdular,
Bu insanları öz günahları alçaltdı.
44 Lakin O, fəryadlarını eşidəndə
Onların əziyyətinə baxdı.
45 Bu insanlarla bağladığı əhdini yada saldı,
Bol məhəbbəti naminə rəhmini göstərdi.
46 Onları əsir edənlərin
Qəlbinə mərhəmət saldı.
47 Ey Allahımız Rəbb, bizi qurtar,
Bizi millətlərin arasından topla.
Müqəddəs isminə şükür edək,
Biz fəxrlə Sənə həmd söyləyək.
48 Alqış olsun İsrailin Allahı Rəbbə
Əzəldən sonsuza qədər!
Qoy bütün xalq söyləsin «Amin!»
Rəbbə həmd edin!
Zəbur 104 · Zəbur 105 · Zəbur 106 · AZJ08
Zəbur 104, 105 və 106-da ibrətamiz bir hekayə var. Zəbur 104 dünyanı yaradan hikmət Allahını tərifləyir; Zəbur 105 Onun xilasedici gücünü və lütfünü ucaldır. Lakin Zəbur 106 etiraf edir ki, Onun xalqı dəfələrlə Yaradanı və Xilaskarı olan Ona qarşı üsyan etmişdi. O, ədalətlə onları mühakimə etdi və əsirlikə göndərdi.
Müqəddəs Kitablarımız toplanmış 150 Zəburu beş hissəyə və ya kitaba bölür və Zəbur 106 dördüncünü tamamlayır. Bu, olduqca kədərli bir sondur. Orada tapılan yeganə ümid odur ki, Allah yenidən mərhəmət göstərər və xalqını yenidən toplayar (Zəb. 106:47). Lakin sonra Zəbur 107-nin sevinci gəlir! “Rəbbin fidyə verdikləri belə desinlər, O, onları fidyə verib… və torpaqlardan yığıb” (107:2–3), Zəbur 106-nın yazıçısının dua etdiyi kimi.
Zəbur 107 xilasın dörd nümunəsini verir. Bəzi insanlar ruhları zəifləmiş halda səhrada dolaşırdılar, lakin Rəbb onları bir şəhərə apardı (ay. 4–9). Bəziləri üsyanlarına görə zəncirlərə və ağır əməyə dözdülər, lakin Rəbb onları qaranlıqdan çıxardı və zəncirlərini qırdı (ay. 10–16). Digərləri axmaq günahlarına görə fiziki sıxıntı çəkdilər, lakin Rəbb onları Öz sözü ilə sağaltdı (ay. 17–22). Hələ başqaları fırtınalı dənizlərlə üzləşdilər və çarəsiz qaldılar, lakin Rəbb dalğaları sakitləşdirdi və onları təhlükəsizliyə çıxardı (ay. 23–32). Hər bir halda, zəburçu bəyan edir: “Kaş ki, insanlar Rəbbə Öz yaxşılığına və bəşər övladlarına etdiyi möcüzəli işlərinə görə şükür etsəydilər!”
Zəbur 107-nin fidyə verilmişləri həm tarix, həm də peyğəmbərliklə əlaqələndirilə bilər, lakin şübhəsiz ki, biz də özümüz üçün bir dərs tapmalıyıq. Heç Allahın yaratdığına heyran olub, Onu xilas üçün tərifləmişikmi – lakin sonra Ona qarşı üsyan etmişikmi? Gəlin Ona fəryad edək! Əgər bu şeyləri müşahidə etsək, Rəbbin məhəbbətini anlayacağıq.