19 Qad talançı basqınına düçar olacaq,
Lakin onları topuğundan vuracaq.
20 Aşerdən zəngin nemətlər gələcək,
O, şahanə ləzzətli yeməklər yetirəcək.
21 Naftali azad edilmiş bir maraldır,
Ondan gözəl balalar doğulacaq.
22 Yusif barlı bir ağac,
Çeşmə kənarında meyvəli bir ağacdır,
Budaqları divarın üstündən aşar.
23 Oxçular ona güclü hücum etdilər,
Düşmənçilik edib üstünə ox yağdırdılar.
24 Amma Yaqubun qüdrətli Allahı –
İsrailin Daşı və Çobanı olan
Allahın sayəsində
Onun kamanı möhkəm,
Qolları qüvvətli oldu.
25 Sənə kömək edən
Atanın Allahıdır,
Sənə xeyir-dua verən
Külli-İxtiyardır.
Yuxarıda göylərin bərəkəti ilə,
Dərinlikdə olan
Su mənbələrinin bərəkəti ilə,
Döşlərin və bətnlərin bərəkəti ilə
Sənə xeyir-dua verəcək.
26 Atanın xeyir-duası
Atalarımın xeyir-duasından daha ucadır;
Əbədi qalan təpələrin
Zirvəsinə çatar.
Qoy xeyir-dualarım
Yusifin – qardaşlar arasında
Başçı olanın üstündə olsun.
27 Binyamin acgöz bir qurddur,
Səhər ovunu yeyər,
Axşam qənimət paylar».
28 Bunların hamısı İsrailin on iki qəbiləsidir. Ataları onlara xeyir-dua verərkən bu sözləri söylədi və hər birinə xeyir-dua verdi.
29 Sonra Yaqub oğullarına vəsiyyət edib dedi: «Mən ölüb əcdadlarıma qoşulacağam. Məni atalarımın yanında – Xetli Efronun tarlasında olan mağarada basdırın. 30 O mağara Kənan torpağında olan Mamre qarşısındakı Maxpela tarlasındadır. İbrahim o mağaranı qəbir düzəltmək üçün Xetli Efrondan tarlası ilə birlikdə satın almışdı. 31 İbrahimlə arvadı Sara və İshaqla arvadı Rivqa orada basdırılmışdı. Mən Leanı da orada basdırdım. 32 Həmin tarla ilə oradakı mağara Xetlilərdən satın alınıb». 33 Yaqub oğullarına vəsiyyət edib qurtaranda ayaqlarını yatağına yığaraq son dəfə nəfəs aldı və ölüb əcdadlarına qoşuldu.
9 Buna görə də Allah Onu çox ucaltdı və Ona lütflə bütün adlardan ali bir ad verdi ki, 10 göydə, yerdə və yerin altında olanların hamısı İsanın adına ehtiram edərək diz çöksün
10 Dözüm göstərərək Mənim sözümə riayət etmisən. Buna görə Mən də səni yer üzündə yaşayanları sınamaq üçün bütün dünyanın üzərinə gələcək sınaq zamanından qoruyub saxlayacağam.
Kilsə götürüldükdə, «sınaq saatı» «bütün dünyanın üzərinə» gələcək (Vəhy 3:10). İsrailin imanlı bir qalığı bu dəhşətli sıxıntıdan keçəcək. Bunu Yaqubun Qada ünvanladığı sözlərdə görə bilərik. Benyamin bizə düşmənlərini məhv etdikdən sonra hökmranlığını quran Kraldan (Məsihdən) danışır, Aşer və Naftali isə padşahlığın qurulması ilə nəhayət xeyir-dua alan xalqı təmsil edir.
Həmin vaxtyer üzündə olmayacağını bilsə də, Allahın övladı bu şeylərlə maraqlanmalı və nifrət edilən və rədd edilən həqiqi Yusifin (Məsihin) ali gücə sahib olacağını və bütün dünyaya xeyir-dua verəcəyini düşünərək sevinməlidir. «Yusif bərəkətli bir budaqdır... budaqları divarın üstündən aşır:» (22-ci ayə), İsrailin sərhədlərindən kənara. Xeyir-dua vədlərə yad olan millətlərə çatacaq. Beləliklə, İsa, həqiqi Yusif, «qardaşlarından ayrılmışdı» (Nəsrani sözünün hərfi mənası). Əvvəllər «çox kədərlənmiş» və «nifrət edilmiş» (23-cü ayə), Allah indi «Onu çox ucaltmış və Ona hər addan üstün bir ad vermişdir» (Filippililərə 2:9-10). Bütün adlardan üstün olan bu ad, İsa adı: Allahımız Xilaskarımız, indi də ürəyiniz üçün böyükdürmü?