16 Onda məbada ürəyiniz aldansın, azmayın, başqa allahlara səcdə və sitayiş etməyin. 17 Belə etsəniz, Rəbbin sizə qarşı qəzəbi alovlanacaq. O, göyləri bağlayıb yağış yağdırmayacaq, torpağınızı məhsulsuz qoyacaq və tezliklə Rəbbin sizə verdiyi o gözəl torpaqdan yox olacaqsınız.
18 Buna görə də mənim bu sözlərimi ürəyinizdə və ağlınızda saxlayın, qolunuza bir nişan kimi, gözlərinizin arasına alın bağı kimi bağlayın, 19 övladlarınıza öyrədin. Evinizdə oturanda, yol gedəndə, yatanda, duranda bunlar barədə danışın. 20 Onları evlərinizin qapı çərçivələrinə, şəhərlərinizin darvazalarına yazın. 21 Belə etsəniz, Rəbbin atalarınıza vəd etdiyi torpaqlarda sizin də, övladlarınızın da ömrü uzun olar və göy yer üzərində durduqca orada yaşayarsınız.
22 Əməl etməniz üçün sizə buyurduğum bütün bu əmrləri diqqətlə yerinə yetirsəniz, Allahınız Rəbbi sevib Onun yolları ilə getsəniz və yalnız Ona bağlı qalsanız, 23 onda Rəbb qarşınızdan bütün millətləri qovacaq və sizdən daha böyük, daha güclü millətlərin torpaqlarını mülk olaraq alacaqsınız. 24 Ayaq basdığınız hər yer sizin olacaq. Sərhədiniz səhradan Livana, Fərat çayından Qərb dənizinə qədər uzanacaq. 25 Sizin qarşınızda heç kim dayana bilməyəcək. Allahınız Rəbb sizə vəd etdiyi kimi ayaq basacağınız hər yerə vahimə və qorxunuzu yayacaq.
26 Budur, bu gün qarşınıza xeyir-dua və lənəti qoyuram. 27 Allahınız Rəbbin əmrlərinə, bu gün sizə buyurduğum əmrlərə qulaq assanız, xeyir-dua alacaqsınız. 28 Əgər Allahınız Rəbbin əmrlərini dinləməsəniz, tanımadığınız başqa allahların ardınca gedərək bu gün sizə buyurduğum yoldan azsanız, lənətə düçar olacaqsınız. 29 Allahınız Rəbb mülk olaraq almaq üçün girəcəyiniz torpağa sizi aparanda Gerizim dağında xeyir-dua, Eval dağında isə lənət oxuyacaqsınız. 30 Bu iki dağ İordan çayının qarşı tayında, yolun şərqində – Aravada yaşayan Kənanlılar ölkəsində, Qilqal qarşısında, More palıdlarının yanındadır. 31 Allahınız Rəbbin sizə verəcəyi torpağı irs olaraq almaq üçün İordan çayını keçmək ərəfəsindəsiniz. Oranı ələ keçirib yerləşəndə 32 bu gün önünüzə qoyacağım bütün qayda və hökmləri yerinə yetirmək üçün diqqətli olun.
7 Əgər Məndə qalsanız və sözlərim sizdə qalsa, nə istəyirsinizsə, diləyin, sizə veriləcək.
34 Ey gürzələr nəsli, siz pis olduğunuz halda necə yaxşı şeylər söyləyə bilərsiniz? Çünki ürək doluluğundan ağız danışar.
«Bu sözlərimi ürəyinizə və ruhunuza yığın» (18-ci ayə). «...sözlərim sizdə qalsın...» Rəbb İsanın bizə ayrılarkən verdiyi tapşırıqdır. Əgər belə olarsa, biz necə dua etməyi (Yəhya 15:7), Ondan necə danışmağı (Zəbur 45:1; Matta 12:34), pislikdən necə qaçmağı (Zəbur 119:11) biləcəyik. Hər günün hər anında bu sözlərlə və onları söyləyən şəxslə məşğul olacağıq. Söhbətlərimiz, əməllərimiz və gedişimiz onların izini daşıyacaq. İnsanlar üzümüzdə onların verdiyi xoşbəxtliyi oxuya biləcəklər. Evimizdə, işimizdə, gediş-gəlişimizdə hər şeydə «Xilaskarımız Allahın təlimini» bəzəyəcəyik (Titus 2:10).
Sonra itaətə dair bütün bu nəsihətlərin nəticəsi gəlir: «Baxın, bu gün sizin qarşınıza bərəkət və lənət qoyuram» (26-cı ayə). Hər birimizin qarşısında iki yol açılır. Biri Rəbbə itaətin dar yolu, digəri isə öz iradəmizin geniş yoludur. Lakin Allah bu qovşaqda yol nişanları qoymuşdur. İtaət yolu bərəkətə aparır; digəri, öz iradəsi yolu isə lənətə. Hansını seçəcək və izləyəcəksiniz?