Axazın səltənətinin əvvəlində biz Yeşayanın Rəbbin əmri ilə oğlu ilə birlikdə padşahla görüşməyə getdiyini görürük. Suriya padşahı və İsrail padşahının Yerusəlimə qarşı birlikdə gəlməsi səbəbindən insanların ürəkləri qorxudan titrəyirdi. Yeşayanın Rəbdən təsəlli sözləri var idi, bu sözlər Axazı Allaha güvənməyə vadar edəcəkdi. Ona qorunacağı və düşmənlərinə nə olacağı deyilmişdi. Lakin bununla yanaşı ciddi bir xəbərdarlıq da gəlirdi: «Əgər inanmasanız, əlbəttə ki, möhkəm durmayacaqsınız.»
Təəssüf ki, Axaz inanmadı. Yeşaya hətta ona bütün bunların baş verəcəyinə dair bir əlamət istəməsini söylədi. Lakin o cavab verdi: «İstəməyəcəyəm, Rəbbi də sınağa çəkməyəcəyəm!» (7:12). Bu dindar görünürdü, lakin əslində onun heç bir imanı və marağı yox idi. Onun artıq öz planı var idi və onu izləməyə qərar vermişdi. Nəticədə, Rəbbin dediyi kimi, «Əlbəttə ki, möhkəm durmayacaqsınız» – onlar üçün yaxşı getmədi. Axazın heç bir imanı yox idi və Allahın ona dediyi sözə inanmadı.
Bu, böyük əhəmiyyət kəsb edən bir dərsdir. Allahın Kəlamını eşitdiyimiz zaman biz də, belə demək mümkünsə, ona iman əlavə etməliyik; ona inanmalıyıq. Bu, həyatımızda ruhani irəliləyiş əldə etməyimizin yeganə yoludur. Bu, sadəcə nəsə bilmək, ya da Allahın Kəlamı haqqında intellektual biliyə sahib olmaq deyil, Allahın bizə dediklərinə inanmaq məsələsidir. Bunu etmək düşüncələrimizi və yollarımızı praktik olaraq dəyişəcəkdir. Əgər Axaz Allaha inanmış və Onun kəlamına uyğun yaşamış olsaydı, hər şey tamamilə fərqli olardı: onun və xalqı üçün sülh və bərəkət olardı. Allahın Kəlamına inanmadığımız və Ona güvənərək ona uyğun yaşamadığımız üçün özümüzə nə qədər çətinliklər yaradırıq.
Qoy biz Axazın səhvindən dərs alaq və Allahın Kəlamına iman əlavə edərək ona uyğun yaşayaq. Bununla biz Rəbdə böyüyəcək və irəliləyiş əldə edəcəyik.




