Yəhya 5:45-də Rəbb yəhudilərə onların ardıcıl olmadığını göstərdi; onlar Musaya müraciət edirdilər, lakin onun yazıları onları məhkum edirdi. Burada onlar İbrahimin övladları kimi mövqelərini iddia edirlər. Lakin onların əməlləri əvvəldən yalançı və qatil olan şeytanın əməlləridir. Bəzən deyilir ki, ata necədirsə, oğlu da elədir (müq. Hezekiel 16:44), və Rəbb bəyan edir ki, əməllərimizin təbiəti kimin övladları olduğumuzu göstərir (müq. 1 Yəhya 3:7-10). Yer üzündə yalnız iki böyük ailə var – Allahın və şeytanın. Siz hansına aiddiniz? Xristian valideynlərin övladları olmaq, bu qürurlu yəhudilərin İbrahimin nəslindən olduqları üçün gözlədikləri kimi, Allah qarşısında heç kimə heç bir hüquq vermir. Əksinə, bu, əlavə bir məsuliyyətdir.
«Səndə cin var», – bu alçaq insanlar təkrar edirlər (48, 52-ci ayələr; müq. Yəhya 7:20; Yəhya 10:20). Və biz Rəbb İsanın səbrinə heyran ola bilərik. Bu açıq təhqir qarşısında O, Öz izzətini müdafiə etməyi Atasına buraxır. Bunda O, bir daha bizim Böyük Nümunəmizdir. Bizim yeganə işimiz Allahı tanımaq və Onun sözünü saxlamaqdır (55-ci ayə).
«Mənəm», – Rəbb İsa 58-ci ayədə deyir, təkcə «Mən İbrahimdən əvvəl var idim» deyil, həm də «Mən əbədiyyəm» (müq. Çıxış 3:14).