İbranilərə məktubun yazıçısı, Allahdan ilham almış bu möhtəşəm məktubunu, hansı ki, onu “nəsihət sözü” adlandırır (İbr. 13:22), bitirərkən, oxucularının qarşısına Məsihin böyüklüyünün son bir xarakteristikasını qoyur: O, qoyunların böyük çobanıdır.
Rəbb İsa Yeni Əhddə bir neçə dəfə çoban kimi təsvir edilir. O, qoyunlar üçün canını verən Yaxşı Çobandır (Yəh. 10:11); O, ölülərdən dirildilmiş və Özünü idarə edən Böyük Çobandır (İbr. 13:20); və O, izzətlə gələcək və köməkçi çobanlarını mükafatlandıracaq Baş Çobandır (1 Pet. 5:4). Bu üç xüsusiyyət Zəbur 22, 23 və 24-də heyrətamiz şəkildə əvvəlcədən göstərilmişdir. O, bizim üçün çarmıxda əziyyət çəkdi (Zəb. 22); O, bizi yaşıl otlaqlara aparan və ruhumuzu bərpa edən Çobandır (Zəb. 23); və O, izzət Padşahıdır (Zəb. 24). O, bizim üçün öldü, bizim üçün yaşayır və bizim üçün yenidən gəlir.
Əbədi əhdin qanı hər şeyin əsasıdır, bizim üçün tökülən “Mənim qanımda yeni əhd” (Luka 22:20; müq. Hezekiel 37:26). İncildə başqa çobanlar da tapırıq: Yaqub, Musa, Davud və Kir hamısı çoban kimi təsvir edilir; lakin heç biri “böyük” adlandırılmır. Böyük Çobanın diqqətli nəzarəti və qayğısı altında olan bizlərin günah yollarında gəzmək üçün heç bir bəhanəmiz yoxdur.
