Pavlusun açıq-aşkar günahsızlığına və onu ittiham edənlərin vicdansızlığına baxmayaraq, Feliks bu adamları incitməmək üçün qorxaqcasına qərarını təxirə saldı (22-ci ayə). Lakin o, bununla da daha ciddi bir qərarı: ruhu ilə bağlı qərarı təxirə salır. Felikslə «Məsihə iman» haqqında danışmağa çağırılan Pavlus, Feliksin gözləmədiyi həqiqətin bir tərəfini təqdim edir (25-ci ayə). Kəlam onu qorxudur, lakin pul sevgisi ilə sərtləşmiş vicdanına nüfuz etmir (26-cı ayə). «Bunu sonra müzakirə edərik,» deyə cavab verir, Allahın ona verdiyi fürsəti, yəqin ki, əbədi olaraq əldən verir. Adı «xoşbəxt» mənasını versə də, Feliks beləliklə, əsl xoşbəxtliyi itirmişdir. Unutmayaq ki, «uyğun zaman» indi!
İki il keçir; həvari hələ də zindandadır. Lakin yəhudilərin nifrəti azalmamışdır. Festus Feliksi əvəz edən kimi yeni bir sui-qəsd işə düşür, lakin Rəbb Öz şahidini bundan xilas edir. Feliks (Həvarilərin İşləri 24:27) və əvvəllər Pilat (Mark 15:15) ilə olduğu kimi, Festusun əsas qayğısı «yəhudilərə xoş gəlmək» idi (9-cu ayə). Nəticədə Pavlus yenidən Roma vətəndaşı kimi imperator tərəfindən mühakimə olunmaq üçün müraciət etmək hüququnu irəli sürməyə məcbur olur.