Bu məktub Məsihçi təcrübəsinin kitabı adlandırılmışdır. Bu təcrübəni belə ümumiləşdirmək olar: Məsih mənim üçün kifayətdir. O, mənim həyatımdır (Filippililərə 1:1-30), mənim nümunəmdir (Filippililərə 2:1-30), mənim məqsədimdir (Filippililərə 3:1-21), mənim gücüm və sevincimdir (Filippililərə 4:1-23). Pavel burada həvari kimi, nə də müəllim kimi danışmır; o, sadəcə «İsa Məsihin quludur». O, Ustadının tutduğu mövqedən (Filippililərə 2:7) daha yüksək bir mövqe iddia edə bilərdimi? Roma zindanının tənhalığından o, sevimli Filippililərinə yazır, onların arasında biz artıq Lidiyanı və zindan gözətçisini görmüşdük (Həvarilərin İşləri 16:1-40). Onlara olan qızğın məhəbbəti (8-ci ayə) duaları ilə ortaya çıxır. Onun istəklərinin zəncirinə diqqət yetirin: məhəbbət, həqiqi bilik, ruhani fərqləndirmə, səmimi və dürüst davranış, qalan bəhrə (9-11-ci ayələr).
Sonra o, həbsi ilə bağlı onları əmin edir. Düşmənin İncilə qarşı gətirmək istədiyi bu zərbə, əksinə, onun irəliləməsinə kömək etmişdi. Rəbbin şahidlərini ruhdan salmaq məqsədi daşıyan açıq müxalifət, ümumiyyətlə, onları oyatmaq təsirini göstərir.
Həvari İncilin bəzən çox şübhəli şəraitdə təbliğ olunduğunu eşidəndə necə bir münasibət göstərir? Səbirsizlik və ya tənqid deyil, digər tərəfdən, onunla əlaqə qurmaq arzusu da deyil. Onun yeganə səmimi sevinci, Allahın işinin hansı vasitələrlə olursa olsun, yerinə yetirildiyini görməkdir.
