Müqəddəs Yazılarda böyük Allahımız bizə göstərir ki, O, təkəbbürü sevməz və onunla çox sərt şəkildə davranır. Bunun bəzi nümunələri bunlardır:
1 Timoteyə 3:6-da təkəbbür şeytanın məhkumiyyəti kimi qeyd olunur. İşaya 14:12–17 və Hezekiel 28:12–19, Tir kralına ünvanlanmış olsa da, əslində bizə göstərir ki, Allahın yaratdığı varlıqların ən yüksəyi olan Lusifer təkəbbür vasitəsilə necə Şeytana, Allahın düşməninə çevrildi. Gözəl, müdrik, güclü, imtiyazlı və özünə inamlı o, «Mən edəcəyəm» sözlərində gördüyümüz kimi Allaha qarşı üsyan etdi. Allah onun üzərində hökm elan edir, Vəhy 20:10-da gördüyümüz kimi bu hökm hələ icra olunacaq. Rəbb İsa bizə deyir ki, alovlu kükürd gölü şeytan və onun mələkləri üçün yaradılmışdır (Matta 25:41).
Yaradılış 11-də, Daşqından sonra, Allahın onlara çoxalmağı və yeri doldurmağı əmr etməsinə tabe olmaq əvəzinə, insanlar bir şəhər və zirvəsi göyə çatacaq bir qüllə tikməyə qərar verdilər. Onlar dağılmamaq üçün özlərinə ad qazanmaq istəyirdilər. Allah onların nə etdiyini gördü və dillərini qarışdırdı, onların birlikdə işləmələrini pozdu və onları yer üzünə dağıtdı.
Allah peyğəmbər Obadiyaya İsrailin qürurlu, qəddar Edomlu düşmənləri, Esavın nəslindən olanlar üzərində Öz hökmünü elan etdirdi: «Ürəyinin qüruru səni aldatdı… məskəni yüksəkdə olan, ürəyində deyən: “Məni yerə kim endirəcək?” Qartal kimi yüksəyə qalxsan da, yuvanı ulduzlar arasına qoysan da, səni oradan endirəcəyəm» (Obadiya 1:3–4). Edomun özü üçün bərk qayadan yonduğu keçilməz paytaxt Sela əsrlər boyu gizli qaldı. İndi Petra adlanan bu yer bir turistik məkandır.