Allah Özünü ardıcıl olaraq ikili şahidliklə aşkar etmişdir: birincisi, Öz yaradılışında (1-6-cı ayələr), hansının ki, səssiz, lakin çox bəlağətli dili yerin ucqarlarına qədər Öz qüdrətini və hikmətini bildirir (Həvarilərin İşləri 14:17). Günəşin müntəzəm və sağlamlıq verən gedişi, bütün dünyaya işığını və istiliyini saçması, Allahın bütün yaratdıqlarına qarşı yaxşılığının daimi sübutudur (Zəbur 136:8; Matta 5:45).
İkinci şahidlik isə Öz Kəlamı vasitəsilədir (7, 11-ci ayələr). Müqəddəs, ədalətli və yaxşı, ruhani, hətta yalnız İsrailə verilmiş Qanunla bağlı olsa belə (Romalılar 7:12; Romalılar 7:14), indi tamamlandığı üçün nə qədər də böyük dəyərə malikdir! Bu mükəmməl Kəlam qulu xəbərdar edir (11-ci ayə) və onun vicdanına çatır (hansı ki, hər bir insanda üçüncü bir şahid təşkil edir). O, həm gizli səhvləri (bilmədən törədilmiş: 12-ci ayə), həm də öz iradəsi ilə, özünü qiymətləndirmə və ya qürur nəticəsində törədilmiş qəsdən günahları üzə çıxarır (bu fərqi Saylar 15:27-30-da görün).
Biz həmçinin Romalılara Məktubun əvvəlində üçqat şahidlik tapırıq: yaradılış (Romalılar 1:20), vicdan (Romalılar 2:15) və Qanun (Romalılar 2:17 . . .) insanın vəziyyətini işıqlandırmaq və onu xilas etmək üçün qarşısına qoyulur.