Allahın Lütfü
Kasıb bir qadın haqqında bir hekayə danışılır ki, o, bütün borclarını ödəyə bilmirdi. Bu qadının çətinliyini eşidən xeyirxah bir cənab kömək etmək niyyəti ilə onun evinə gəldi. Bir müddət qapını döydükdən və cavab almadıqdan sonra, o, qadının evdə olmadığı qənaətinə gəldi və getdi.
Həmin həftənin sonunda bu qadınla görüşəndə, ona evinin yanından keçdiyini və onu görmək istədiyini söylədi. «Ah,» qadın cavab verdi, «o siz idiniz? Bağışlayın. Mən elə bildim ki, kirayə haqqı üçün ev sahibi gəlib, və mən ona borclu olduğum pulum olmadığı üçün qapını açmaqdan qorxdum.»
Necə ki, bu kasıb qadın ona kömək etmək istəyənə qapısını açmadı, eləcə də minlərlə insan bu gün Allaha qarşı belə davranır. Onlar düşünürlər ki, O, ürəklərinin qapısını döyəndə onlardan nəsə tələb etmək üçün gəlib, amma nə böyük səhvdir!
O, vermək üçün gəlir, sizin borcunuzu tələb etmək üçün deyil. O, sizi çətinliyinizdən qurtarmaq və göydə əbədi bir miras vermək üçün gəlir. «İnsan Oğlu xidmət olunmaq üçün deyil, xidmət etmək və canını bir çoxları üçün fidyə vermək üçün gəldi» (Mark 10:45).
«Çünki Rəbbimiz İsa Məsihin lütfünü bilirsiniz ki, O, zəngin olsa da, sizin xatirinizə kasıb oldu ki, siz Onun kasıblığı ilə zəngin olasınız» (2 Korinflilərə 8:9).
«Baxın, mən qapıda durub döyürəm» (Vəhy 3:20).
Ürəyinizin qapısını açacaqsınızmı hər ehtiyacınızda sizə kömək etmək istəyənə? O, indi döyür, amma nə qədər dayanacaq və gözləyəcək?
