Xalqın rəhbərləri Rəbb İsanı öz hakimiyyətlərində saxlayırlar, lakin Onun məhkum edilməsi üçün inandırıcı bir ittiham tapa bilmirlər. Çünki kamil İnsan onlara ittihamları üçün heç bir əsas vermir. Onlar Ona qarşı «yalançı şahidlər» axtarmağa məcbur olurlar (Zəbur 27:12; Zəbur 35:11-12). Hətta bunları tapmaq da çətindir, çünki hələ də bir az doğruluq görünüşü göstərilməlidir. Nəhayət, iki yalançı şahid təhrif etdikləri bəzi sözlərlə irəli çıxır (müq. 61-ci ayə Yəhya 2:19 ilə). Lakin Rəbb İsanı məhkum etmək üçün bəhanə kimi xidmət edən, Onun Allahın Oğlu olduğunu, qüdrət və izzətlə gəlmək üzrə olduğunu təntənəli bəyanatıdır! Ölüm hökmü elan edilir. Və dərhal insanların qəddarlığı və qorxaq davranışı tamamilə üzə çıxır (67, 68-ci ayələr). Xilaskarın Özünə dəfələrlə bildirdiyi şeyin birinci hissəsi yerinə yetirilir (Matta 16:21; Matta 17:22; Matta 20:18-19).
Peter üçün də bu saat qaranlıqdır, lakin çox fərqli bir səbəbdən. Ustadı sarsıda bilməyən Şeytan, şagirdi büdrətmək üzrədir. Üç dəfə yazıq Peter, uğrunda ölməyə hazır olduğunu bəyan etdiyi Kəsi inkar edir. O, aldatmaq üçün sərt ifadələr işlətməyə qədər gedir. Daha əvvəl, özü bilmədən, danışıq tərzi onu Rəbb İsanın şagirdi kimi göstərmişdi.