Həvari verdiyi vədə sadiq qalaraq (Həvarilərin İşləri 18:21), Asiya əyalətinin paytaxtı Efesə gəlir. O, orada üç il qalır (Həvarilərin İşləri 20:31), Apollosun işini davam etdirir, Korinfdə isə həvari Pavlusun əkdiyi şeyi Apollos «suvarırdı» (Həvarilərin İşləri 18:27-28; 1 Korinflilərə 3:6). Allahın bu qulları arasında nə qısqanclıq, nə də müəyyən bir iş sahəsini özlərinə aid etmək görmürük.
Efeslilərə məlum olan yeganə Vəftizçi Yəhyanın vəftizi tövbə edən yəhudiləri yer üzündə hökmranlıq edəcək Məsihin qəbuluna hazırlayırdı. Xristian isə əksinə, səmavi mövqeyə malikdir; o, Müqəddəs Ruh vasitəsilə ölmüş və dirilmiş Məsihlə əlaqəyə girir. Bu, Efeslilərə məktubun xüsusilə vurğuladığı bir həqiqətdir.
«Beləliklə, Allahın kəlamı qüvvətlə yayılır və üstün gəlirdi», təkcə həvarinin etdiyi möcüzələrlə deyil, həm də onların ürəklərindəki nüfuzu ilə. Kəlam imanlıları etdiklərini etiraf etməyə və cadugərlikdən açıq şəkildə imtina etməyə sövq etdi. «İlk məhəbbətlə» (Vəhy 2:4) dolu olan bu efeslilər artıq «qaranlığın bəhrəsiz işləri ilə şərik olmaq» (Efeslilərə 5:11) istəmirdilər.
Əziz dostlar, Allahın Kəlamı həyatımızda görünən bəhrələrlə dünyaya öz gücünü göstərirmi?