Xüsusilə Yaqub və Yəhyanın imanına diqqət edək. Onlar Ustadlarının Məsih, səltənətin varisi olduğunu və orada Onunla birlikdə pay sahibi olacaqlarını bilirdilər. Lakin onların istəyi təbii qəlblərinin cəhalətini və təkəbbürünü ələ verir. Rəbb çox lütfkarlıqla şagirdlərini ətrafına çağırır və iki qardaşın bu uğursuz müdaxiləsindən onların təlimi üçün (və beləliklə bizim də təlimimiz üçün) istifadə edir. Onlar qarşılarında təvazökarlığın ən böyük Nümunəsinin olduğunu anlamırlarmı? Xidmət edilməyə hər haqqı olan O Kəs, öz məxluqunu xilas etmək və suveren Hakimin tələb etdiyi fidyəni öz həyatı ilə ödəmək üçün könüllü olaraq özünü qul etdi. 45-ci ayə İncilin əsas ayəsi adlandırıla bilər; bu, bütün kitabın xülasəsidir.
Bu dərsdən sonra başqa bir dərs gəlir. Şagirdlər Rəbb İsanın adı ilə möcüzələr göstərən birinə mane olmalı olduqlarını düşünmüşdülər. «O, bizə tabe olmur» Yəhya tərəfindən irəli sürülən bəhanədir. Rəbb onlara göstərir ki, bunda da onlar Onunla deyil, özləri ilə məşğul olmuşlar. Sektant ruhda davranmamağımıza diqqət edək. Bir çox xristian, bizimlə gəzməsələr də, özünü inkar və çarmıx yolunda Rəbbə çox yaxından tabe olurlar (Mark 8:34).
Matta İncilində 42-50-ci ayələrə uyğun gələn hissəni tapdıq (baxın Matta 5:29; Matta 18:8). Lakin ümumiyyətlə, Mark İncilində Rəbbin təliminin Onun fəaliyyətləri ilə müqayisədə az yer tutduğunu görürük. Məsələn, burada dağdakı vəzin ekvivalenti yoxdur. Az söz, lakin çox sədaqət, həqiqətən də sadiq Qulun xarakteri budur.